“Planeta Parni iz Baku”nun konsertindən reportaj - FOTOLAR
Bizi izləyin

Magazin1

“Planeta Parni iz Baku”nun konsertindən reportaj - FOTOLAR

Müdriklərdən birinin belə bir kəlamı var: “Güldürən deyil, düşündürən yanında əyləş”.

Bu fikri elə-belə xatırlatmadım... Publika.az xəbər verir ki, ötən gün “Planeta Parni iz Baku” KVN komandasının konsertində idim. Peşəkar futbolçumuz Ələkbər Məmmədova həsr olunan “Hamı Avropalara” adlı 2 günlük konsert proqramının sonuncu günü idi.

Kimlər vardı, kimlər...

Konserti izləyənlər arasında çoxlu məşhur vardı. Məsələn, bəstəkar Faiq Sücəddinov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə ilə həyat yoldaşı müğənni Aysel Teymurzadə, əməkdar artist Dilarə Əliyeva ilə həyat yoldaşı Oqtay Əliyev, əməkdar artistlər Elza Seyidcahan, Sevda Ələkbərzadə...

Hamı gülməyə hazırlaşmışdı... Elə mən də... Özümü gülməyə elə kökləmişdim ki...

Di gəl, “Planeta Parni iz Baku” güldürməyi planlaşdırmamışdı... Ona görə deyiblər ki, sən saydığını say, gör...

Onlar nə sayır?

Onların nə saydığına gəlincə, orada gülüşdən çox düşünmək vardı... Acı bir gülüş...

Konsert əvvəldən axıra qədər ölkəmizdə olan çatışmazlıqları əks etdirdi. Telekanallardakı vəziyyətdən tutmuş iş yerlərindəki ab-havaya qədər hər şey konsertdə öz əksini tapmışdı. Mənasız, bayağı verilişlərdən tutmuş qabiliyyətsiz aparıcılara qədər, məmur özbaşınalığından vəzifədə qalmaq üçün yaltaqlanan işçilərə kimi hamı hədəfdə idi.

Odur ki, reallıqları əks etdirən, acı həqiqətləri insanın üzünə çırpan bu konsertdə yumorla ifadə olunanlara gülmək nədi, adamın lap ağlamağı gəlirdi. Onların güldüyü məqamlar tamaşaçılardan düşünmək tələb edirdi.

Bu konsertdən hamıya pay düşdü

Diqqətçəkən məqamlardan biri də odur ki, “Planeta Parni iz Baku” komandasının hədəfi ümumiləşdirilmiş deyildi. Əksinə, hədəf çox konkret idi. Onlar sözünü üstüörtülü deyil, birbaşa, konkret ada ünvanlanan açıq tənqidlə dedi. Atəşi havaya deyil, hədəfin alnına açan yumor ustaları açıq hədəfləri cəsarətli bir gülüş atəşinə tutdu.

Tamaşaçısının da eybini üzünə vurdu

Həyatı səhnədən izləyənlər isə onları durmadan alqışladı. Ancaq səhnədəki oğlanlar elə o alqış sahiblərini də unutmadı. Tamaşaçısını da səhnəyə gətirən “Planeta Parni iz Baku” azərbaycanlı tamaşaçıların konsert mədəniyyəti ilə bağlı eyibini də üzünə vurdu. Konsertin bitməyini gözləmədən qarderoba qaçan tamaşaçı kütləsi özünü səhnədə görüb gülməyə çalışdı.

Ancaq təəssüf ki, bu cəsarəti özündə tapmayanlar da oldu. “Söz at, yiyəsi götürəcək” deyiblər. Sözü götürüb düzgün nəticə çıxarmayanlar isə, sadəcə, təəssüf doğurdu.

Elə konserti yarımçıq tərk edənlər də bu yumordan payını götürdü. “Aaaa, bizə də söz atdılar, yeri var”, - deyərək haqq qazandıranlar da oldu....

Axıra qədər özünə gülməyi bacaranlar isə “Planeta Parni iz Baku” KVN komandasını ayaq üstə alqışladı.

Ancaq yenə də qarderoba tələsdi...

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm