• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Nasistlərin nifrət etdiyi DAHİLƏR: faşistlər onlardan niyə qorxurdu?

Nasistlərin nifrət etdiyi DAHİLƏR: faşistlər onlardan niyə qorxurdu?

Almaniya aprelin sonlarından mayadək kitablara xüsusi yanaşır.

Ümumiyyətlə, bu ölkədə ədəbiyyata böyük hörmət var, amma almanların budəfəki “hörməti” başqadır. Çünki almanlar bu dövr ərzində vaxtilə çoxsaylı kitabları yandırıblar. Tarix göstərir ki, 1933-cü ildə xeyli alman toplaşaraq bəyənmədikləri kitabın “oduna qızınıblar”.

Həmin illərdə Nasist Almaniyası öz ideyalarına uyğun gəlməyən bütün kitabları Berlinin ortasına töküb yandırıb. Məsul kitabyandıranlar təkcə yəhudi və qeyri-alman müəlliflərin kitablarını deyil, elə tonqal daha yaxşı alovlansın deyə, nasistləri dəstəkləməyən, eləcə də siyasətdən uzaq müxtəlif ədəbi mövzulu kitabları da yandırıblar.

1933-cü ilin aprelindən oktyabrına qədər Almaniyanın 70 şəhərində kitabyandırma prosesi həyata keçirilib. Təkcə Berlin və Bonn şəhərlərində 25 mindən artıq kitab yandırılıb. Yandırma prosesinin təşkilatçıları isə Təbliğat Nazirliyi və Alman Tələbə İttifaqı olub. Daha doğrusu, səhnədə onlar çıxış edirdilər, pərdəarxasında əlbəttə nasist ideologiyasının baniləri dayanırdı. Hər tələbəyə göstəriş verilmişdi ki, öz ailə kitabxanalarında, qohum evlərində də təmizlik işləri aparılıb “ziyanlı” kitabları yandırsınlar. Etiraz edən valideynlər və digər yaxın qohumlar barədə aidiyyəti orqanlara məlumat verilsin.

İndi gəlin əsərləri yandırılan müəlliflərə baxaq:

Albert Eynşteyn – təqdimata ehtiyacı olmayan nadir şəxsiyyətlərdəndir.

Ziqmund Freyd – eyni hisslərlə bu dahini də tərənnüm edə bilərik.

Karl Marks – almanların çoxluq halında nifrət etdiyi yəhudi dahisi.

Erix Remark – bu tanınmış yazıçı əsərləri yandırıldıqdan sonra ABŞ-a qaçımışdı. Amma nasistlər onun acığını bacısından çıxdılar. Böyük bacısı Elfrida Şoltsu həbs edərək gilyotinlə edam etdilər.

Henrix Mann – görkəmli yazıçı Tomas Mannın böyük qardaşı. Hitlerin şəxsən nifrət etdiyi yazıçılardan olub.

Emil Lüdviq – tanınmış bioqraf. Bismark, Napoleon, İsa Peyğəmbər, Höte, haqqında əsərləri ilə məşhurdur. I Dünya Müharibəsində Vyana və İstanbulda müxbir olaraq çalışıb. Jurnalist kimi Benito Mussolini və Stalindən müsahibə götürüb. 1931-ci ildə Stalin ilk dəfə əcnəbi qəzetə müsahibə vermək üçün məhz Emil Lüdviqi seçmişdi.

Erix Kestner – yazıçı, ssenarist və kitab “qətliamı”nın canlı şahidi. Həmin məşum günü o, belə təsvir edirdi: “Mən hər tərəfdən tələbələrlə əhatələnmiş universitetin qabağında dayanmışdım. Böyük tonqalın alov dillərinin kitablarımızı necə yaladığını seyr edirdim. Haqqımızda səslənən təhqiramiz şüarların sədası altında kitablarımız qətl olunurdu, dəfn küllərini isə külək şəhərin üstü ilə səmaya – cənnətə qovuşdururdu...”

Bu müəlliflər hələ kitabları yandırılanlardan çox cüzi hissəsidir. Amma həmin müəlliflər bugünkü Almaniyanın qürurudur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR