Dünya liderlərinin həsrətində olduğu, bir çox azərbaycanlının aldığı NÜFUZLU ORDEN - - FOTO
Bizi izləyin

Tarix

Dünya liderlərinin həsrətində olduğu, bir çox azərbaycanlının aldığı NÜFUZLU ORDEN - - FOTO

Napaleon və Sadıxcanın duel cağırışı...

Görkəmli şəxslərin xidmətlərinin müxtəlif nişan və ordenlərlə mükafatlandırılması tarixin bütün dönəmlərində keçərli olub. Müxtəlif dövlətlərdə təsis edilən ordenlər digər ölkələrin də seçilmiş şəxslərinə verilməklə, adətən ölkələrarası münasibətlərin tənzimlənməsinə, daha da yaxşılaşmasına hesablanırdı.

Publika.az bildirir ki, Belə beynəlmiləl ordenlərdən biri də İranın “Günəş və Şir” ordeni (farsca Neşan-e Şir o Xorşid) idi. Bəzi qaynaqlarda “Şir-e Xurşid” kimi də yazılır. Orden 1808-ci ildə Fətəli şah Qacar tərəfindən təsis edilib. V dərəcəli ordenlə Fransa, Belçika, Britaniya, Rusiya, Türkiyə, digər Qafqaz xalqları ilə yanaşı Azərbaycandan da təltif edilənlər çox olub. Azərbaycan xalqının bir çox tanınmış ziyalıları, musiqiçiləri, generalları - Hacı Zeynalabdin Tağıyev, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, tarzən Sadıxcan, general Hüseyn xan Naxçıvanski, general İsmayıl xan Naxçıvanski, İrəvan Quberniyasının vitse-qubernatoru İsmayıl bəy Qazıyev, Ağabəy Rüstəmbəyov, Mirzə Cəfər Topçubaşov və başqaları bu ordenə layiq görülüblər. Yeri gəlmişkən, Sadıxcanın ordeni almağının maraqlı tarixçəsi var: İranda bu böyük tarzənin ifası çox bəyənilirmiş. Qacarlar sülaləsinin 5-ci şahı Müzəffərəddin şahın toyunda İranın tanınmış bir tarzəni Sadıxcanı “duel”ə çağırır. Üstündən də əlavə edir ki, Sadıxcanın belə yaxşı ifa etməsinin səbəbi onun tarın yuxarı ladlarında xüsusi dəyişiklik etməsidir. Bunu eşidən Sadıxcan hər kəsin gözü önündə tarın boynundakı əlavə etdiyi bütün simləri kəsir və ondan sonra dueli qəbul edir. Bunu görən fars tarzən dueldən imtina edir və Sadıxcanın simi kəsən barmaqlarını öpür. Bu əhvalat İranda dillərdə dolaşır. Şah Sadıxcanın ifasını onsuz da bəyənirdi, amma onun belə özünəəmənliyi, peşəkarlığı ayrıca rəğbət oyatdığından tarzəni iki ölkənin mədəniyyətinə töhfə verdiyinə görə ordenlə mükafatlandırır.

Qeyd edək ki, “Günəş və Şir” ordeni əsasən hərbi, mədəni, ticari, eləcə də elmi sahələrdə verilirdi. Dünya üzrə elm sahəsində verilən ən dəyərli ordenlərdən sayılıb. Ordenin görünüşü farslar və əcnəbilərə görə dəyişirdi: əcnəbilərə verilən ordendə şir günəşin fonunda oturaq vəziyyətdə təsvir olunurdu. Ordenin lenti də yaşıl rəngdə idi. Farslara verilən ordendə isə şir ayaq üstə, pəncəsində qılınc təsvir olunmuş haldadır. Bu ordenin lentləri dərəcəsinə görə mavi, qırmızı və ağ rəngdə olurdu.

Ordenin 5 dərəcəsi vardı: onları bir-birindən ulduzun güşələri ayırırdı. I dərəcəli ordenin gümüş ulduzu səkkizgüşəli idi. Sağ çiyindən aşırmaqla gəzdirilirdi. II dərəcəli, yeddi guşəli orden boyundan asılırdı. III dərəcəli altıguşəli orden də boyunluq idi. IV dərəcəli beşguşəli və V dərəcəli dördguşəli orden yaxaya taxılırdı.

Müxtəlif dövrlərdə ordenə işlənən daş-qaşlar da dəyişilib. Əvvəlcə orden qızıldan hazırlansa da sonralar həddən artıq şəxsə təqdim edildiyi üçün gümüşlə əvəzlənib. Almaz qaşlar isə yerini mirvariyə verib.

1873-cü ildən etibarən bu orden qadınlara da verilməyə başladı. Orden şahın və yerlərdə xidmət göstərən rəhbərlərin xanımlarına, eləcə də əcnəbi şahzadələr və yüksək təbəqədə fərqlənən qadınlara təqdim olunurdu.

Qeyd edək ki, Rusiyada çox məşhur olan və tanınmış şəxslərin, hərbçilərin can atdığı “Günəş və Şir” ordeni böyük yazıçı Anton Çexovu da təsirləndirdiyindən hekayələrindən birini ordenə, daha doğrusu, onun əldə olunması prosesinə həsr edib. İmperator II Aleksandr da bu ordenlə təltif olunanlardandır. Bundan başqa İran şahı Rza Pəhləvi, Belçika kralı I Leopold, Fransa imperatoru Napaleon Bonapart, eləcə də III Napaleon, görkəmli fransız siyasi xadimi Taleyran, general Aleksandr Suvorov və digər dahi şəxsiyyətlərə verilib.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm