Cəlilabadda çox sayda vətəndaşa vəhşicəsinə işgəncə verdilər, meyitlərini Xəzərə atdılar - DƏHŞƏTLİ FAKTLAR
Bizi izləyin

Tarix

Cəlilabadda çox sayda vətəndaşa vəhşicəsinə işgəncə verdilər, meyitlərini Xəzərə atdılar - DƏHŞƏTLİ FAKTLAR

Azğın Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törətdiyi faciə ilə kifayətlənmədi. Həmin vaxt təkcə paytaxtda deyil, ölkəmizin hər yerində imperiya əsarətinə qarşı etiraz mitinqləri keçirilirdi. Milli dirçəliş hərəkatını boğmağa çalışan sovet ordusu dinc əhaliyə divan tutmaq üçün bir neçə gün sonra cənub istiqamətinə - Cəlilabad, Neftçala və Lənkərana doğru yol aldı.

1990-cı ilin 24 yanvarında sovet ordusu Cəlilabadda dinc, əliyalın əhaliyə amansız işgəncələr verib, rayonda kütləvi həbslər həyata keçirdi.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası 20 yanvar İctimai Birliyinin Cəlilabad rayon filialının sədri, Mirşamil Mürsəlov işgəncələr zamanı ağır yaralandı.

“30 il keçməsinə baxmayaq həmin gün baş verənləri unutmaq mümkün deyil.

Azərbaycanda imperiyanın devrilməsi, məhz Cəlilabad rayonundan başladı. 1989-cu il dekabrın 28-dən 29-na keçən gecə hakimiyyət tərəfindən ümumxalq hərəkatının üzvlərinə qarşı təqiblər, həbslər başladı. 29-u səhər meydanda qurulmuş tribunalarda hərəkat öncülləri çıxış edirdilər. Həmin an arxadakı binadan atəş açıldı. Mitinq iştirakçılarından Miryusif adlı oğlan güllə yarası aldı, dünyasını dəyişdi. Xalq haqsızlığa dözə bilmir, ədalət istəyirdi. Bütün bunlardan sonra 1990-cı il yanvarın 12-də Cəlilabadın sərhəd ərazilərində hərbçilər müqavimət göstərmədən sərhədin açılmasına şərait yaratdılar, İran azərbaycanlıları ilə bu taydakılar qovuşdu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə isə heç bir fövqəladə vəziyyət elan olunmadan imperiyanın xüsusi məqsədli ordusu Azərbaycana yeridildi. Bakıda qırğın törədildi. Cəlilabadlılar da meydanda çadır qurur, Bakıda şəhid olan bacı-qardaşlarına yas saxlayır, ehsanlar verirdilər. Həmin vaxt imperiyanın xüsusi məqsədli hərbçilərinin ağır texnikalarından bir neçəsi o vaxtkı Rayon Partiya Komitəsinin binasının önündə saxlanıldı.

Bakıda asayişin dırnağarası bərpa olunması əməliyyatını həyata keçirdikdən sonra, həmin xüsusi məqsədli hərbçilər regionlara da daxil oldular.

İlk olaraq yanvarın 24-də Cəlilabadda həbslər, təqiblər başladı. Yüzlərlə cəlilabadlını evindən oğurlayıb, həbs edərək, Bakıdakı bir nömrəli istintaq təcrid məntəqələrinə, Şüvəlan təcridxanasına yerləşdirdilər, işgəncələr verdilər. Həmin gün 11 nəfəri həbs etdilər.

Bizi Göytəpədə hərbi hissənin həyətinə, oradan isə helikopterlərlə Bakıya aparmaq istədilər. Neftçalada qaranlıq vaxtı bizi helikopterdən yerə tökdülər. İkinci dəfə vertolyot qalxdı, bizi Zabratdakı hərbi aerodroma, oradan isə dustaq maşınları ilə Müdafiə Nazirliyinə apardılar. Bir də ayıldıq ki, Şüvələn təcridxanasındayıq. Oranı tam boşaltmışdılar. Çox işgəcələrə məruz qaldıq. Hamımızı döymüşdülər.

Moskvadan gəlmiş bir rus ora rəislik edirdi. Mənim sağ bud sümüyüm qırılmışdı, ayağa qalxa bilmirdim, yerdə uzanıb qalmışdım. Bir nəfər azərbaycanlı nəzarətçi qalmışdı. Yaxınlaşdı ki, qardaş, qalxa bilirsən? Su verdi. Məni Mirnizaminin çiyninə yükləyib, içəri apardılar. Yoldaşlarımızdan Sakit doktor paltosunun astarını cırıb, ayağımı bərk bağladı.

Gecəni təcridxanada saxladılar. Həmin gün, yəni 26-sı artıq Neftçaladan da adamlar gətirib, işgəncə vermişdilər. SSRİ Ali Sovetinin deputatları olan qrup - Arif Məlikov, Sara Vəzirova və Ədilə Namazova bizi ziyarətə gəldilər. Deputatların təhrikindən sonra vəziyyəti ağır olan iki nəfəri - məni və Neftçaladan Ələkbər adında bir nəfəri çıxarıb, təcili yardım maşını ilə Mərdəkandakı 26 saylı xəstəxanaya yerləşdirdilər və qapımızın ağzında nəzarətçi qoydular. Oradan isə ayağımı əməliyyat etdirmək üçün məni Sabunçu xəstəxanasına apardılar.

Biz günahsız xalqın azadlığı uğrunda səsimizi qaldıran insanlar olmuşduq. İşgəncələrə məruz qalanlardan Babayev Rafael, Kəlbiyev Fəxrəddin, Əhmədov Mirnizami bu fəsadlarla bir neçə il sonra dünyasını dəyişdilər. Hətta Rafaelin çənəsinin altından avtomatın süngüsünü soxmuşdular ki, danışa bilməsin”, - deyə Mirşamil Mürsəlov bildirir.

Hərəkatın fəal üzvlərindən olan Məhərrəmov Səxavət həmin gün baş verənləri belə xatırlayır:

“Milli Azadlıq hərəkatı bizim rayonda da geniş vüsət almışdı. İran Azərbaycan, daha doğrusu, keçmiş SSRİ arasında olan sərhəd zolağının sökülməsi bir millətin birləşməsi naminə vacib idi. 18 yanvar 1990-cı ildə Cəlilabad rayonu ərazisindən keçən sərhəd zolağı hərbçilərin razılığı əsasında kütləvi şəkildə söküldü, millət bir-birinə qovuşdu. Hərbçilər bundan bezərək, sərhədi bağlamağı təklif etdilər. Hər iki taydakılara gediş-gəliş qadağası qoyuldu. Bizim buna qarşı çıxmağımız hərbçiləri qane etmədi. 24 yanvar saat 10 radələrində hərəkatın fəal üzvlərini danışıq üçün hərbi hissəyə dəvət etdilər. 11 nəfər danışıqlara getdik. Bizi oradan döyərək hərbi hissənin meydançasına apardılar. Vertolyotda olan 2 meyiti dənizə atdılar. Kimlər olduğunu bilmədik. Bizə işgəncələr verir, dənizə atmaqla hədələyirdilər. Şüvəlan həbsxanasına, zindanlara apardılar. Hardasa 9 ay zindanda qaldıq. Çoxu erməni və çeçen dilində danışırdı. Zülm vermələrinə baxmayaq, onların qarşısında əyilmədik. Bir daha istəmərəm xalqım belə faciə ilə üzləşsin, amma bu xalqımızın qəhrəmanlıq salnaməsidir. Millət o vaxt o qədər mehriban, qayğıkeş idi ki... Arzu edərdim, həmin illərin ab-havası millətin ruhunda yaşasın”.

Həmin vaxtlar rayonda həkim işləyən Sakit Mirişov da mübarizənin ən fəallarından olub. O, təcridxanada yaralılara ilk yardım göstərib:

“Ermənistandan qovulmuş azərbaycanlılara qarşı olan işgəncə, zülm, Qarabağ torpaqlarına olan iddialar, bəzi yerlərin hissə-hissə ələ keçirilməsinə biz də etirazımızı bildirirdik. Mübarizə aparmaq üçün yollar fikirləşirdik.

Yanvarın 22-si Cəlilabadda baş verən hadisədən 2 gün əvvəl bizi hərbi hissəyə dəvət etmişdilər. Guya orada yaşayan rus uşaqlarına qarşı kobudluq ediblər. Dəvət etdilər ki, gəlin başa salın ki, belə deyil. Bizi aldatdılar. O komandaya mən başçılıq etdim. Getdik hərbi hissəyə. İzah etdik ki, belə deyil. Amma bilmirdik ki, burdan çıxanda vəhşi bir komanda bizi qapıda gözləyir. Çıxışa yaxınlaşanda rusların ALFA qruppalarının xüsusi təyinatlı hissələri ildırım sürətilə bizi maşına basıb, əl-ayağımızı bağlayıb, oradan uzaqlaşdırdılar. Çünki Azərbaycan torpağı idi. Bizi hərbi hissənin həyətinə gətirib, maşınlardan düşürdüb, BTR-lərə doldurdular. Silahsız Azərbaycan əsgərlərini sıraya düzüb, bizə göstərirdilər ki, görün müqavimət aparan insanların başına nə oyun gətiririk. Bizi vertolyotla Bakıya gətirəndə də min cür işgəncələr verdilər ki, siz dövlət çevrilişi edirsiniz. Şüvəlan təcridxanasında komendat Dubunyak dedi ki, hamısını güllələyin. Əl-qolumuz bağlanmış vəziyyətdə, paltarlarımız cırıq, qan içində bizi yenə BTR-lərə doldurub, apardılar güllələməyə. Bizi bir meşəyə gətirib, güllələmək üçün ağaclara söykəyib, başımızın üstündən atəş açdılar. O işgəncələri verə-verə bizi həbsxanaya gətirdilər. Həbsxanaya rəhbərlik edən KQB-nin rus polkovniki adam göndərmişdi ki, aranızda həkim varmı. Dedim, bəli, mən həkim cərraham. İnanın orda nə qədər ilk yardıma ehtiyacı olan insanlar var idi. Mirşamil bəyə ilk yardım göstərib, stasionar müalicə adı ilə həbsxanadan çıxara bildik. Bir aya yaxın orada qaldım. Həmin palkovnik bir gün mənə dedi ki, baxıram, vicdanım ağrıyır. Qorbaçov bunlara vicdanı qarşısında necə cavab verəcək?

Bizi Şüvəlandan Mərdəkan xəstəxanasına, fevralda isə Bayıl həbsxanasına apardılar. Orada hardasa 3 ay qaldıq. Bizə “vətən xaini” adını qoymuşdılar. Nəhayət ki, yay aylarında hamımız bəraət aldıq.

Bütün bunlara baxmayaraq, o vaxtları həyatımızın ən qürurlu, ən ləyaqətli, şərəfli günləri hesab edirəm. Xoşbəxtəm ki, millətimin yumruq kimi birləşdiyi dövrləri görmüşəm. İnsanlar elə bir ruh yüksəkliyi ilə həmrəylik göstərirdilər ki...”

Təyyar Cavadovu hərbi hissənin qarşısında başqa bir adamla səhv salıb, digər fəallarla birlikdə Bakıya aparırlar. Aldığı ağır zədələrdən ölümcül vəziyyətə düşür:

“O vaxt mən Cəlilabadda Göytəpə şəhər ictimai iaşə müəssisələri birliyinin direktoru vəzifəsində işləyirdim. Şəxsi maşınımla evə gəlirdik, yanımda sürücüdən başqa iki qohumum vardı. Şəhərdə sərhəd qoşunlarının hərbi hissəsinin qarşısına çatanda bir maşın gördük. İki əsgər kimisə sürüyərək maşının qabağına atdı. Maşını saxladım, bu zaman bir neçə əsgər əlində avtomat düşdü. Hiss olunurdu ki, onlar normal əsgərlər deyil. Sürücümü vurub, maşını əzik-əzik etdilər. Məni Cəlilabad rayonundakı Xalq cəbhəsinin sədri ilə səhv salmışdılar. Onlara məlumat verilmişdi ki, sədr də gələcək. Heç imkan vermədilər, izah edək ki, kimik. Bizi də tutdular. Yanımdakıların qolunu bağladılar, mənim boğazımdan ip salıb, arxadan qolumu bağladılar. Bizi Polk deyilən hərbi hissənin həyətinə aparıb, hamımızı yerə uzatdılar. Üzərimizdə nə varsa, papaq, saat, qalstuk, cibimizdəki bütün pulları götürüb, mindirdilər vertolyota. Mirşamil ayağından yaralanmışdı. Düzü, əvvəl elə bildik, o, ölüb. Sonra gördük, səsi gəlir. Bir az yol gedəndən sonra vertolyotun lukunu açdılar. Məni başıaşağı dənizə tərəf salladılar. Mayor Veda adlı rəhbərləri sənədlərimə baxıb gördü ki, başqa adamam. Dedi, artıq xeyri yoxdur. Əvvəlcə, bizi Neftçaladakı hərbi hissəyə apardılar. Avtomatı kürəyimizə söykəyib, gülləni göyə atırdılar. Elə bilirdik vurdular. Sonra hamımızı bir otağa yığıb, Xalq cəbhəsinin liderlərindən olan bir neçə nəfəri döydülər. Ürəyim xəstədir, dərman istədim, vermədilər. Şüvəlanda təcridxanasında 11 gün yatdıqdan sonra KQB-dən ərizə gəldi ki, onu səhv salmısınız. Avtomatın qundağı ilə sağ tərəfdən kürəyimə elə vurmuşdular ki, ağciyərim zədələnmişdi. Ölümcül vəziyyətə düşdüm, Bakıda xəstəxanada yatdım, əməliyyat olundum”.

Xanağa Fərhadov deyir ki, əli silahlı hərbçilər artıq evlərə girir, insanları döyür, işgəncələr verirdilər:

“O vaxt Göytəpə şəhər soveti deputatlarının sədri vəzifəsini icra edirdim. Göytəpə elə vəziyyətdə idi ki, dedik hamımızı qıracaqlar. Hərəkat nümayəndələri - hamımız çöldə güdürdük ki, onlara qarşı müqavimət göstərək. 24 yanvar nə qədər adamı apardılar. Bizə deyildi ki, onları Rusiya ərazisinə aparırlar. Ona görə narahat olurduq. Adam tapıb, onların şəklini çəkdirdim. Həmin şəkilləri SSRİ-nin 90 şəhərinə teleqram yolladım ki, 20 yanvarda Bakını qırıb, indi də rayonlara gəliblər. Həm səsimizi yaysın, həm də dərman preparatı göndərsinlər ki, yaralılarımız çoxdur, kömək edə bilək. Onu da deyim ki, hadisələr yekunlaşanda Mərkəzi Komitədən Abdullayev soyadlı bir yaşlı adam çanta ilə bizi qarşıladı. Şəkillərdən izah etdim ki, bilinir, hamısı ermənilərdir. Şəkillərin hamısını götürdü, dedi, ora aparıram. Ondan sonra yoxa çıxdı, bir də onu tapa bilmədim. Fevralın 9-da isə artıq onlar evlərə girməyə başladılar. Nə qədər xalq hərəkatı üzvü var, əllərinə harda keçdi tutdular. Bir BTR, bir “Qaz 24” və raf fevralın 9-u gecə saat 3-də bizim evə gəldi. Məni, yoldaşımı vurdular. Böyük oğlum üstümə gələndə onu avtomatın lüləsi ilə elə vurmuşdular ki, 3 ay izi getmədi. 100-dən çox qadın, uşaq tökülüşdü küçəmizə, əlbəyaxa oldular. Elə bil onlara tapşırıq verilmişdi ki, güllə atmayın. Məni onların əlindən güclə aldılar. Bu hadisə mart ayınadək davam etdi. Yas yerlərini gəlib avtomatla dağıdır, insanları döyürdülər. Məni xəstəxanaya apardılar. Həkimlər müayinə etdikdən sonra dedilər aparın, yoxsa bizi də tutacaqlar. Çünki orada təcili yardımı da vurmuşdular. Məni gecə Lerikə apardılar. Ordan isə xalq hərəkatı üzvlərinin əliylə gizli bir xəstəxanaya yatırdılar. Bir ay orada qaldım. Yoldaşlarımızın bir qismini döyüb buraxdılar. Bəzilərini Bakıya işgəncəyə apardılar, hətta xəbər gəldi ki, bəzilərini dənizə atıblar. Eşidəndə bir qırğın, ağlaşma düşdü. Bəziləri döndükdən sonra rəhmətə getdi. Anam bu dəhşətli hadisələrdən sonra infarkt keçirdi, müalicə etdirsək də, rəhmətə getdi.

Onların birinci məqsədi o idi ki, biz 7 nəfəri güllələsinlər. 7Yeddinci adam mən idim. Allah qorudu”.

Ümumiyyətlə, Cəlilabadda baş verən yanvar-dekabr hadisələrində 100-dən çox sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aldığı güllə yaraları ağır olduğundan onlardan 14 nəfəri əlil qalıb.

Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm