Rüstəm Behrudinin yalnızlığını gülümsədən qadın: “O, Tanrının ən gözəl şeiridir”
Bizi izləyin

Müsahibə

Rüstəm Behrudinin yalnızlığını gülümsədən qadın: “O, Tanrının ən gözəl şeiridir”

Əvvəl sözünü tanıdı, sonra da özünü. Bu qadın Allahın mələyini əlindən almağa iddialı olan bir şairin mələyinə çevrilə bildi. Bu mənada Behrudi yanılmamışdı, nəhayətdə israrla istədiyini Tanrıdan ala bilmişdi. Artıq Tanrı gördü ki, bəndəsi onunla Allahlıq edir, ona mələklər sifariş edir, biraz da keçsə, sirlərini oğurlamağa cəhd edəcək, ona bir mələk göndərdi ki, get, başını qarışdır, məndən birdəfəlik əl çək.

İçi işıq, nur, duyğularla dopdolu olan bu qadın həqiqətən də onun dünyasında bir şimşək kimi çaxdı, o qədər işığa qərq elədi ki, Rüstəm Behrudinin ipə-sapa yatmayan ruhu ram, qurd kimi ulayan yalnızlığı ram olmağa, gülümsəməyə başladı… Türk dünyasının sevilən şairi, Rüstəm Behrudinin doğum günündə, ömür-gün yoldaşı Dünya xanım şairi bizə daha yaxından tanıdacaq. Söhbət boyu şairin eynən özünə bənzəyən qızı Yağmur da bizimlə oldu...

Publika.az həmin müsahibəni təqdim edir…

“Mən sənin fəlakətinəm” dedi”

- Dünya nadir adlardandır. Yəqin ki, bu ismi sizə verənlərin heç ağıllarına belə gəlməzdi ki, doqquz uşaqdan birinin tamamilə öz dünyası, öz aləmi olacaq. Ağlınıza gələrdimi ki, nə zamansa Tanrı qoxulu, özünəməxsus aləmi olan bir insanın dünyası olacaqsınız?

- Bəli!

- Məhz o??

- Təbii ki, o insanın mütləq fərqli biri olacağına inanırdım, məhz o adam olduğunu bilməsəm belə.

- Hardan idi bu əminlik?

- Cünki mən özüm fərqli idim, bəlkə də o fərqlilik anormal idi, bilmirəm… Cünki mənim qədər bu dünyada doğulduğu, yaşadığı mühitə, kəndə, bir sözlə, bu dunyaya aidiyyəti olmayan ikinci bir adamın olmadığını düşünürdüm. Mən büsbütün kitabların məhsuluyam, atam-anam, bacım-qardaşım idi oxuduğum kitablar…

- Bəlkə, yaratdığın öz dünyanı axtarırdın kitablarda?

- Mən oxuduğum kitabların məhsuluyam… Öz içimdə qurduğum dünyamı kitablarda tapdım. Adım kimi əmin idim ki, haradasa bir uzaqlar var, mən özümü o uzaqlarda tapacam… Uşaq vaxtı çox qorxaq idim, qaranlıq düşər-düşməz evdən bayıra çıxa bilməzdim. Amma kəndimizin lap kənarında mənim bir əmim yaşayırdı. Ora kəndimizin yeganə ən yüksək yeri idi, bir az təpəlik idi, hərdən kövrələndə, kimsə məni incidəndə gecənin bir aləmində belə xəlvətcə Qənbər əmimin evinin qənşərindəki o təpəyə çıxıb, qonşu qəsəbənin qatarları “yola salan” işıqlarını dəlicəsinə seyr edirdim. Mənim üçün o işıqlar Əkrəmin Əlabbasının, Anarın Oktayının, Əsmərinin, İlyasın Nargiləsinin işiqları idi… Həm də bu qəhrəmanları yaradanların. Bu işıqların ovsunundan saatlarla çıxa bilməzdim. Və o işıqlara qovuşmağın yeganə yolunun daha çox kitab oxumaq olduğunu düşünürdüm. İnanın ki, o uzaqlar mənə hansısa sənət sahibi olmaqdan daha çox işıqlı adamları ilə maraqlı idi, dolayısı ilə, bircə dəfə də olsa, onlarla rastlaşmaq istəyi ilə yaşayırdım…

- Və bir gün o kitablar sizi gətirdi uzaqlara?

- Gətirdi. Universitetə qədər…

- Nəsə səsinizdə qəribə kədər hiss olunur, aldatmışdımı o kitablar sizi?

- Həm də necə! Nə xəyallarımdakı universiteti, nə də o şəhəri tapa bildim. Günlərin bir günü bütün qiymətlərim əla olduğu halda tapşırılmadığım üçün gözünü belə qırpmadan qiymət kitabçama “üç” yazan bir müəllim oldu xəyallarımın ilk qatili..

- Bəs Rüstəm Behrudininin sizin dünyanıza gəlişi? İlk sözünümü tanıdız, özünümü?

- Sözünü. Tələbə vaxtı təsadüfən bir tələbənin dilindən eşitdiyim misrasıyla vuruldum sözünə - “Mən qərib, kimsəsiz didərgin ruham”. O zaman müəllifinin kim olduğunu bilməsəm də, bu misra mənim dilimin əzbəri oldu. Bir gün televizora baxan bacım məni “Gəl gör bu şairi tanıyırsanmı” deyə səslədi, “çox maraqlı danışır” dedi. Qarşımda gözümüzün alışdığı ölçülü-biçili şairlərdən fərqli, hər halı ilə dəyişkən qəribə bir adam dayanmışdı və dərdli-dərdli şeir oxuyurdu. Bu “O” idi, Rüstəm Behrudi. Bir gün yenə də televizorda qarşıma başqa bir Rüstəm Behrudi çıxdı, Allahla Allahlıq edən, “Mən istəsəm, Allahın mələklərini əlindən alaram” deyən Rüstəm Behrudi. Bir etiraf edim ki, ilk dəfə bir misrası ilə qəlbimdə taxt quran Rüstəm Behrudi sanki başqa adam idi, “O” deyildi. “Adam bu qədərmi özünəvurğun olar ilahi”, deyə düşünmüşdüm.

- Sizcə, o, səhvmi edirdi? Mələyi almadımı Tanrıdan?

- Günlərin bir günü canlı qarşılaşdıq, “Mən sənin fəlakətinəm” dedi və oldu da.

“O qədər dəyişdi ki, mən belə tanıya bilmədim”

- Fəlakətiniz oldu, yoxsa Tanrınız?

- Hər ikisi!

- Bəs sizə çətin deyil ki, Tanrı mələyi olmaq? Artıq on altı ildir. Əgər onu xarakterizə etmək olarsa, hansı yanı daha çox ağır gələr - Tanrımı, fəlakətmi?

- Əslində, onun fəlakət görüntüsü bir aldanış idi, özünün özünə aldanışı. Kim idi əslində o ilk gördüyüm Rüstəm Behrudi?! Bir tərəfdə şöhrətdən doymuş, Allahla Allahlıq iddiasında olan, bir tərəfdə isə həm də yerin çəkilməz, əlli adamın belə ötəsindən gələ bilməyəcəyi problemləri ilə yüklənmiş və dərdini içkiylə ovudan Rüstəm Behrudi.

- Gəldiniz, dəyişdimi nələrsə?

- İnanın ki, hərdən mənə çox qəribə gəlir Rüstəmin münasibəti. Bu, bir kişinin bir qadına olan sevgisi, münasibəti deyildi. Hələ indiyə qədər də buna bir ad qoya bilməmişəm. Çünki gizli deyil ki, qadın da, sevgi də Rüstəm üçün əlçatmaz deyildi. Artıq Allahın mələklərinə sifariş göndərirdi. Amma heç nə xilas edə bilmirdi, Rüstəmi. Nəsə başqa bir şey olmalı idi. O gəldi, Rüstəmmi demişkən,“Tanrımı göndərdi, özümü gəldin”, bilmirəm, amma gəldi. O “nə isə”ni itirmək qorxusu Rüstəmi büsbütün dəyişdi. Hətta o qədər dəyişdi ki, mən belə tanıya bilmədim.

“Rüstəmin atalığının qarşısında öz analığımı ifadə etməyə utanıram”

- Bu dəyişiklik hansı müstəvidə oldu, sirr deyilsə?

- Rüstəm bir ata, bir qardaş, bir övlad, bir elin, hətta Azərbaycanın ən ucqar nöqtəsindən onun adını tutub qapısını döyən heç kəsə biganə qalmadı.

- Bir şair kimi yox, bir insan kimi onun hansı özəlliyindən danışa bilərsiniz?

- Mən bu dünyada Rüstəm kimi övladlarına düşkün, mükəmməl, nəinki bir ata, heç ana da görmədim. Mən özümü pis ana hesab etmirəm, amma Rüstəmin atalığının qarşısında öz analığımı ifadə etməyə utanıram. Rüstəmin övladları həmişə onun həyatının mərkəzi olublar. Əgər bacarsaydı, uşaqlarının hər birinin yerinə nəfəs belə alardı ki, onlara yük düşməsin.

- Bəs bu atalıq hisslərində Tanrının Mələyinin hansısa rolu varmı?

- Təbii ki. Məni Rüstəmə bağlayan ən böyük səbəblərdən biridir, bəlkə də, birincisidir bu sevgi. Rüstəm qapıdan girəndə gözündəki ifadədən anlayıram ki, hansı övladından narahatdır. Bu dünyada Rüstəmi xoşbəxt eləyəcək hər bir nüansı mən onun özündən daha yaxşı bilirəm və anlayıram. Rüstəmin bir sözü var, tez-tez onu xatırladır, insan yaratdığını yaşatmağa borcludur. Bu borcu Rüstəm kimi dərk edən, ona əməl edən çox az adam var bu dünyada. Bu yolda Rüstəmə yardımçı olmaq üçün nəinki əlimdən gələni, hətta əlimdən gəlməyən hər şeyi etdim. Rüstəm bütün varlığı ilə ailəsinə, valideynlərinə, qardaş-bacısına bağlı adamdır. Mübaliğəsiz deyirəm, onların hər biri üçün lazım gəlsə, canını belə qurban verər. Onu qeyd eləyim ki, Rüstəm mükəmməl bir ailədə doğulub. Bu ailədəki mehribanlığa, sevgiyə, hörmətə mən qarışıq çoxları həsəd apara bilər.

“Nobeli çoxdan alardıq”

- Rüstəm Behrudi adının kölgəsində yaşamaq necə bir hissdir?

- Son iki-üç ilə qədər hərdən mən varlığıma şübhə ilə yanaşırdım, qorxurdum. Özümə sual verirdim: görəsən, yaşayırammı? O qədər evdən çıxmırdım ki, hərdən liftin yerini səhv salırdım. R.Rövşənin bir misrası var: “Lap yerimdən duran kimi yoruluram, İlahi, tüstü kimi, duman kimi yox oluram, ilahi…” İllərlə Rüstəm evdən çıxan kimi ölümünə ağlaya-ağlaya bu misraları pıçıldamışam. Mən təpədən-dırnağa hiss, duyğu adamıyam. İyirmi dörd saat beynimdə, ruhumda xəyallar qurub yaşayıram. Hərdən Rüstəmə zarafatla deyirəm, sənin istedadınla mənim duyğularım bir arada olsaydı, indi o Nobeli çoxdan almışdıq.

- Necə bacardı, sizi belə evə bağlamağı?

- Əvvəlcə məni bütün ətrafdan, dünyadan təcrid elədi. Bu dünyada özünün dediyi kimi, nə salam verməyə bir adamım, nə də döyməyə bir qapım oldu. Mənim doğmalarımın çoxu üz döndərdi, indiyədək doğma bacım, qardaşım məni dindirmir. Bilirsən, onların öz arzuları vardı, mənimlə bağlı. Demişdim axı, orta məktəbdə necə oxuyurdum, bir dənə də“dörd”üm yox idi. Bütün rayon, kənd camaatının məndən böyük gözləntiləri vardı. Böyük adam olacaqdım, filan. Onların xəyalları suya düşdü. Sizə bir söz deyim, bu dünyada mənim qədər göz yaşı tökən, bəlkəsiz deyirəm, ikinci bir adam tanımazsınız. Ömrümün çox böyük hissəsi özümə divan tutmaqla keçdi. Ata-anama, qardaş-bacılarıma, o kəndə, oxuduğum kitablara, üstümdə haqqı olan hər kəsə yaşatdığım xəyal qırıqlığının bədəlini yüz qat, min qat ödədim. O ki qaldı Rüstəmə, bilirsən necə idi, sən burada dur, amma ölmə-itmə, məni gözlə. O, illərlə başqalarını xoşbəxt etdi, yəni məndən başqa bəlkə də hər kəsi. Ona elə gəlirdi ki, bir gün gələcək, bu şeylər bitəcək, biz öz həyatımızı yaşayacağıq. Deyirdi, səni başa düşürəm, sən məni anlayırsan, bir gün bütün bunlar bitəcək. Və zarafatla “bu arada o qədər yazıq-yazıq ağlayırsan, lap ürəyim ağrıdı”, deyirdi və mən yumşalırdım. Sevincdən uçurdu ki, yenə də bacardı. Hərdən də əksinə, ağzımı açmamış deyirdi ki, nə istəyirsən ey, mən Rüstəm Behrudiyəm, sən kimsən, tək qalsan, özünə bir çörək də ala bilməzsən.

- Amma Rüstəm Behrudi haqqında bəzən “milyoner-şair” kimi də düşünürlər…

- Bir söz deyim, dünyada bu söz qədər nifrət etdiyim ikinci bir söz yoxdur. Mən sizə bir etiraf edim, son il yarıma qədər bank kreditləri ilə yaşamaq bizim həyat tərzimizə çevrilmişdi. Bir dəfə görürəm, bu Kəramət Böyükçöl yazıb ki, bu gün kredit ödəməliyəm, haradan tapacam. Mən Rüstəmə zarafatla deyirəm, bu Kəramətin kreditləri də bizimki ilə eyni günə düşüb. Görürsən, bütün şairlər eyni haldadılar, elnən gələn toy-bayramdır.

“Rüstəmin qardaşı həmişə deyir, sizi Allah qurtardı”

- Sağlığınıza qismət, amma eviniz çox gözəldir…

- Sənə bir şeyi etiraf edim, Rüstəm məni öldürsə də, deyəcəm. Deyirlər, bəzən insanın həyatı “bitdi” dediyin yerdən başlayır. Bu, eynən belədir, Rüstəm ömrü boyu nə qazanıbsa, hamısını sevgiylə, hörmətlə, bir cöpünü belə götürmədən uşaqlarına verib. Hətta bir dəfə elə çətin durumdaydıq ki, Rüstəmin oğlu Orxan dedi, ata, mənə verdiyin o istifadəsiz qalmış mülkü sataq, bu vəziyyətdən çıx. Həmən Rüstəmin qardaşını çağırdım, dedim, Rüstəm bunu etsə, mən onu bağışlamaram. Qismətimizdə qurtulmaq varsa, Tanrı özü bizi bu çətinlikdən qurtaracaq. Bir də ki islanmışın yağışdan nə qorxusu? Mən ilahi ədalətə inanıram, TANRI elə bu dünyada da insanın yaxşı və pis əməllərinin bədəlini ödədir. Təxminən iki il bundan əvvəl bir səhər oyandım ki, biz neynirik, nə gözləyirik, yaşadığımız evin borcunu ömür boyu ödəyəmmərik. Allaha ağır getməsin, bu nə həyatdı yaşayırıq. Və o gün içimdə verdiyim qərar bizim həyatımızı dəyişdi. İncəliyə varmaq istəmirəm, Rüstəmi bu qərarın doğruluğuna inandırmaq üçün ömrümün yarısını itirdim. Evimizi satdıq. Bir filmə baxmışdım, kənddən şəhərə gələn bir qız təsadüfən bir rəssamın emalatxanasına düşür, fırçanı götürüb ağlına gələn rəngləri bir-birinə qarışdırıb şəkil çəkir, rəssam görəndə gözlərinə inanmır, qarşısında möhtəşəm sənət əsəri vardı, rəssam o əsəri ağlasığmaz qiymətə satır. Bizdə də belə oldu. Fərq o idi ki, biz bu işi bir adamın yardımı olmadan etdik. Bütün bunlardan bir kimsənin xəbəri yox idi, hətta Rüstəmin qardaşlarının belə. Mənsə, Rüstəmin qorxusundan hər gün ölümümü gözümün qabağına gətirib yaşayırdım. Tez-tez deyirdi ki, sən bizi lap düzdə qoyacaqsan. Və bacardıq. Bir sirri də açım, bu qərarı verəndən sonra bir siyahı tutmuşdum, Tanrı qarşısında söz verdim, Allahım, əgər biz bu işi alındırsaq, o siyahıdakı adamları da bizimlə bərabər sevindirəcəyik, onların arasında doğmalar, yaxınlar da, ömrümüzdə bir dəfə gördüyümüz və heç görmədiyimiz adamlar da vardı. Onların hamısını bir şey birləşdirirdi: döyməyə qapıları yox idi. Bilirsiz, mən möcüzəyə inanan adamam. Bizim bu işimiz də bir möcüzə oldu, yəni bu, sirf insanın bacaracağı bir şey deyildi, Tanrının işi idi. Rüstəmin qardaşı həmişə deyir, sizi Allah qurtardı. Və beləcə ilk növbədə o adamları xoşbəxt elədik. Özümü bildim-biləni sonuncu tikəmi belə paylaşmışam, amma bu, tamam başqa bir hiss idi. Eyni vaxtda bu qədər adamın gözlərindəki o sevinci görmək… Bircə epizod deyim: uzaq rayonlardan birində yaşayan anadangəlmə qüsurlu bir qız var. Biz hər dəfə o evə gedəndə özümə gələ bilmirəm. Əslində, danışa və yeriyə bilmir, məni görən kimi siz onun gözlərindəki sevinci görəsiniz! Yanına çatan kimi soruşuram: “Ay Sevda, məni tanıdınmı”, ürəyi partlaya-partlaya “Du-ya, Du-ya” deyir və məni necə qucaqlayır. Bir də baxıram ki, gözümün yaşı Sevdanın əllərindən süzülür. Bilirsən, Cəvahir, nə düşündüm, niyə varlı adamlar özlərini sevmir, adam da özünü bu qədər gözəl hisslərdən məhrum qoyarmı? Əgər bircə şeydən insanları bu qədər xoşbəxt eləmək mümkünsə və sən ozün də bu qədər xoşbəxt olursansa, düşünürsən ki, niyə də etməyəsən ki? Gör neçə evdə var olursan. Sonra Rüstəmə də bir sürpriz etdik, maşını çox köhnə idi. Hərdən zarafatla deyirdim ki, darıxma, bizim də bolluca axçamız olar. Və oldu. O gün o maşını Rüstəmə aldıq, Rüstəmin maşınını da Orxana verdik. İnanın, Rüstəm necə narahat idi, axı bizim evimiz yox idi, duz iki il idi kirayədə qalırdıq. Qaldı indi gördüyün evə, baxdıq ki, gözəl ev almağa pulumuz çatmır, daha ucuz ev axtarırdıq. Bir səhər bacımın yoldaşı zəng vurdu ki, dolların qiyməti neçə olub. Beləcə, Tanrım başladığı işi möhtəşəm sonlandırdı, indi gördüyün bu evi aldıq, ağlımıza gəlməzdi ki, şəhərin ən gözəl binalarının birində mənzilimiz olacaq. Və ömründə bircə çörək almağı da bacarmayan o qız quru divarlardan ibarət olan o evi bu qədər gözəl mənzilə çevirdi. Həmin təmir gedən müddətdə Rüstəm bircə dəfə də olsa, bura gəlmədi. Ev hazır olanda zəng vurub cağırdıq, içəri girəndə gözlərinə inanmadı. Təbii ki, mən bu işi təkbaşına görmədim, ağır işlərdə doğmalar kömək etdilər, amma bütövlükdə bu mənzil mənim əsərimdir. Bu şeyləri paylaşdığım üçün Rüstəm mənə çox hirslənəcək, amma deməyə bilmədim. Çünki “kimsə bahalı maşın bağışlayıb”, ya “milyonlari var” kimi şayiələri eşidəndə deyirəm, bunların içində heçmi Allah qorxusu yoxdur. Biz hər bir namuslu, başqalarının ciblərinə girmədən, öz alın təri, ağlı, istedadi, bacarığı, haqqı ilə yaşayan azərbaycanlının ən gözəl evlərdə yaşamağını diləyirik.

- Bütün bunlardan sonra həyat yoldaşınız yenəmi deyir, mən Rüstəm Behrudiyəm, sən kimsən?..

- Bir gün onun ruhunu açan bir yazı yazdım, Rüstəm lağ edə bilər deyə, utandığımdan imzanı belə qoydum: “Nargilə Əliyeva”. Həmin gün o yazı rekord sayda oxundu. Hətta Rüstəm Behrudinin yazılarının oxunma sayını xeyli keçdi. Bu adla sonradan hər onun ad günündə bir yazı olmaqla iki məqalə də yazdım. Bir gün yazını ona göstərib soruşdum: “mən Rüstəm Behrudiyəm, bəs sən kimsən?”. Ondan sonra bir də o sözü eşitmədim (gülür). Rüstəm məndən mükəmməl ev xanımı, mahir aşbaz yaratdı. Amma mənimçün daha önəmli bir məqam var: Rüstəmlə birlikdə yaşadığımız - bir insanın bir ömür boyu daşıya bilməyəcəyi ağrılar məni müdrikləşdirdi, Qəmimin təpəsinin qənşərində ruhuma düşən o zərrə elə böyüdü ki, bu gün bütün Azərbaycanı işıqlandırmağa yetər. Rüstəm Behrudi Tanrının ən gözəl şeiridir.

… Doğum günündə çox baş sındırdım ki, Rüstəm Behrudiyə nə hədiyyə edək ki, onu təəccübləndirə bilək. Yenə dadımıza onun ruhunu özündən də artıq anlayan, duyan Dünya köməyimizə çatdı. Yadıma Nargilənin, yəni Dünyanın bir neçə il öncə şairin doğum gününə yazdığı yazı düşdü.

Düşünürəm ki, Rüstəm Behrudiyə, onun “qərib, kimsəsiz, didərgin ruhuna” ondan gözəl, ondan qiymətli hədiyyə ola bilməz:

“Qardaşın, rəhmətlik Mehmanının Behrudda qüzeylərdə yandırdığı xəzəllər tüstülənir, qoxusunu duyursanmı Rüstəm Behrudi?” Şair, bax o tüstünün qoxusunu biz sənə hədiyyə edirik!

Cəvahir Səlimqızı

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm