Brilliant Dadaşova SİRLƏRİNİ AÇDI: “O, insanın sevgisindən...” – FOTOLAR/VİDEO
Bizi izləyin

Müsahibə

Brilliant Dadaşova SİRLƏRİNİ AÇDI: “O, insanın sevgisindən...” – FOTOLAR/VİDEO

Bu gün Azərbaycanın Xalq Artisti Brilliant Dadaşovanın doğum günüdür. Sevimli sənətkarın 51 yaşı tamam olur.

Bu münasibətlə müğənninin bir neçə il əvvəl Publika.az-a verdiyi müsahibəsini yada salmışıq.

- Brilliant xanım nə istədiyini bilən qadındır? Ümumiyyətlə, uğur qazanmaq üçün iddialı olmalısan, yoxsa istedad kifayət edir?

- Musiqidə əlbəttə ki, iddialıyam. Lakin heç vaxt mükafat dalınca qaçan olmamışam. Ümumiyyətlə, qarşıma belə məqsəd qoymamışam. Həmişə deyirəm ki, istedadlı insanlara yol göstərmək lazımdır, istedadsızlar onsuz da özlərinə yer tapacaqlar. Bildiyin, öhdəsindən gəldiyin işlə məşğul olmalısan. İstedadın yoxdursa, sən nə qədər iddialı olsan da, özünü insanlara sevdirə bilməzsən. Tamaşaçı hər şeyi yaxşı görür, hiss edir. Onu nə qədər aldada bilərsən axı?!

Bir elm öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan...

Bu sözlərdə həqiqətən də dərin hikmət var.

- Səmimi və mehriban insansınız. İnsanlar bu səmimiyyətinizdən istifadə ediblərmi?

- İndi səmimiyyəti zəiflik əlaməti hesab edilər. İnsanlar başa düşmürlər ki, sən səmimiyyətin və mehriban rəftarınla öz mədəniyyətini göstərirsən. Səmimi və mehriban rəftar mədəni olmaq deməkdir. Əgər kiminsə mədəniyyətini, tərbiyəsini zəiflik hesab edirlərsə, qoy elə də bilsinlər. Lakin bunu zəiflik bilib istifadə etmək istədikləri mərhələdə mən tamam başqa insana çevrilirəm. O zaman qarşılarında güclü insan görürlər. Yəni səmimiyyətimdən və sevgimdən istifadə etməyə icazə vermirəm. İnsanlara layiq olduğundan artıq dəyər vermək lazım deyil. Bu da mənim çatışmayan cəhətimdir. Mən insanlara onların layiq olduğundan artıq dəyər verirəm. “Kurtlar vadisini”nin Murosu demişkən, lənət olsun içimdə olan insan sevgisinə.(gülür)

“Qadınlar əbədi xoşbəxtliyinə ana olandan sonra qovuşurlar”

- Bəs Siz özünüz doğmalarınızın sevgisindən sui-istifadə etmisinizmi?

- Qətiyyən! Düşünürəm ki, qarşımdakı insanın sevgisindən, güvənindən istifadə etmək ədalətsizlikdir.

- Yaxınlarınıza və doğmalarınıza sizdən tələb etdiyi sevginin qarşılığını verə bilirsinizmi?

- Yaxınlarıma bacardığım qədər diqqət və qayğı göstərməyə çalışıram. Ancaq məni sevənlərin hamısına zaman ayıra bilmərəm, insan enerjisi buna qadir deyil. Oğluma, yaxud işlə bağlı kiməsə vacib sözüm olanda “whatsappı” açanda görürəm ki, yüzlərlə mesaj gəlir. Hərəyə bir “salam” yazsam, gərək axşama qədər “salam” yazım. Buna vaxtım, həm də fiziki cəhətdən gücüm yoxdur. Ancaq çalışıram ki, Facebook sosial şəbəkəsində insanlarla təmasda olum. Düzdür, inbox-a yazılanları cavablandıra bilmirəm. Amma fikirlərimi, düşüncələrimi, mahnılarımı, getdiyim səfərlərin təfərrüatlarını orada bölüşürəm. Dinləyicilərimin onlara olan sevgimi və diqqətimi mahnılarımdan duymasını istəyirəm.

- Sonuncu dəfə nə vaxt özünüzü dünyanın ən xoşbəxti hiss etmisiniz?

- (Düşünür) Oğlum dünyaya gələndə... Ana olmaq həm çox çətin prosesdir, ağrılara dözməli olursan, həm də qəribə duyğular yaşayırsan. Yəqin ki, bütün qadınlar əbədi xoşbəxtliyinə məhz ana olandan sonra qovuşurlar. Təəssüf ki, bu gün övladından imtina edən, ən dəhşətlisi, onu küçəyə atan qadınlar da var. Artıq onlara ana və qadın kəlməsinin nə dərəcədə yaraşdığını deyə bilmərəm...

- Hansı hallarda real dünyadan ayrılıb romantik aləmə daxil olursunuz?

- Mahnılarla baş-başa qalanda. Məncə, musiqi özü romantikanın əsas qoludur, bu həyatda ən güclü dopinqdir. Musiqi ilə məşğul olanda sanki başqa bir aləmə səyahət edirəm. Bununla bağlı sizə maraqlı bir hadisə danışım. Nyu-Yorkdan Bakıya qayıdan kimi İlyas Əfəndiyevin ölməz əsəri olan “Billur Sarayda” tamaşasının musiqisini ifa etmək üçün studiyaya getdim. Musiqinin müəllifi bəstəkar Vaqif Gərayzadə də orada idi. 20 gün idi ki, Bakıda yox idim, o, əsəri mənə göstərmək üçün studiyaya gəlmişdi. Mən mahnını oxuduqca, o, bəzi yerlərində düzəliş edirdi. Buna görə də heç cürə mahnıya köklənə bilmirdim. Ondan xahiş etdim ki, studiyadan çıxsın, özümü bütünlüklə mahnıya kökləyə bilmirəm, sən istəmədən özümə qapılmağıma mane olursan.

- Çıxdı?

- Bəli, ondan sonra daxili aləmimə səyahət edib mahnını ürəkdən ifa edə bildim. Mahnı dinləyicinin ruhunun qidası olduğu kimi müğənninin də ruhunun sədasıdır.

- O zaman belə çıxır ki, insanı özündən başqa heç kim sakitləşdirə bilməz?

- Əlbəttə ki, dostların verdiyi təsəlli güclü silahdır. Lakin insanı ən yaxşı özü sakitləşdirə bilər.

- Təklik sizin üçün nə ifadə edir?

- Hamımız dünyaya tək gəlir, bu dünyadan da tək gedirik. Yaxınlarımız, doğmalarımız, dostlarımızı nə qədər çox olsa da, insan özünü həmişə tək hiss etməyə məhkumdur. Ətrafımızda olan insanlar bu təkliyi bir müddətlik doldura bilərlər, sonra təklik yenə hücum edir, insanı öz ağuşundan buraxmaq istəmir sanki... Məşhur olmağıma, ətrafımda milyonlarla tamaşaçım olmağına baxmayaraq, bəzən özümü tək hiss etdiyim anlar olur.

- Tənhalıqdan, yoxsa qocalmaqdan daha çox qorxursunuz?

- Bu dünyaya gəlib qocalmaq hər bir insana nəsib olmur. Bu, başqa bir səadətdir. O qədər gözəl insanlar olub ki, dünyasını vaxtından əvvəl tərk ediblər. Tina Töner, Ajda Pekkan kimi müğənnilər yaşlananda belə gənc qızlar kimi görünürlər. Bu da təqdirəlayiqdir və sağlam həyat tərzinin nəticəsi kimi insanlara nümunə olmalıdır.

“Kitablarla dost olmaq lazımdır”

- Kitablarla aranız necədir? Azərbaycan ədəbiyyatında hansı qadın obrazlarını sevirsiniz?

- Kitabları həmişə həyat yoldaşım alır. Mən əvvəllər həddindən artıq çox kitab oxuyurdum. İndi isə buna çox vaxtım olmur. Lakin həmişə demişəm ki, hansı sahədə işləməyinizdən asılı olmayaraq, kitablarla dost olmaq lazımdır. Azərbaycan ədəbiyyatında bəyəndiyim qadın obrazları çoxdur. Hesab edirəm ki, bu günləri nümunəvi Azərbaycan qadını obrazını biz, tanınmış insanlar özümüz yaratmağa çalışmalıyıq.

- Dostluq çox ağır yükdür. Bu yükün öhdəsindən gələ bilirsinizmi?

- Deməzdim çox ağır yükdür. Dostluğumu maddiyyata dəyişib satanlar olmasına baxmayaraq, dostluğa inanıram. Qohumlarımızı seçmək şansımız yoxdur, dostlarımızı isə özümüz seçirik. Bu baxımdan illərin sınağından çıxan vəfalı dostlarım var. Ən çətin anda döyə biləcəyin qapısı varsa, deməli, əsl dostunu tapmısan. Evinə gedib-gəlmədiyin insan sənin dostun ola bilməz. Elə səhnə yoldaşlarım da var ki, yalnız nəzakət xətrinə sənət dostum deyə bilərəm.

- Sizi pulla sınağa çəkiblər?

- Bildiyiniz kimi səhnədə elə adam olub ki, mənim dünyasını dəymiş valideynlərimi anamı, atamı təhqir edib, söyüb. O gündən demişəm ki, mən olan yerdə onun heç kölgəsi də olmayacaq. 10 ildir bu belə davam edir. Mən olan konsertlərdə, məclislərdə o olmamalıdır. Vaxt olub ki, toy sahibləri, tədbir təşkilatçıları zəng ediblər ki, sizə ikiqat məbləğ ödəməyə hazırıq həmin insan olan məclisdə siz də iştirak edin. Amma mən indiyə qədər sözümün üstündə durmuşam. Materialist dünyada yaşasaq da, atamın, anamın əziz xatirəsini, şərəfimi, ləyaqətimi hər şeydən üstün tutmuşam. Bu da mənim sizin dediyiniz kimi pulla sınağa çəkilməyim.

Mənim lüğətimdə nifrət sözü yoxdur”

- Nifrət və düşmən sözündən hansı hallarda istifadə edirsiniz?

- Mənim lüğətimdə nifrət sözü yoxdur. Ümumiyyətlə, kinli insan deyiləm. İnsan həyatı düşüncələrindən ibarətdir. İnsanlara hansı emosiyalar ötürürüksə, bizə də eynisi qayıdır. Sadəcə, bəzən içi qurdlu olan insanları özümdən uzaqlaşdırıram. Necə ki, almanın içində qurd olanda digərlərinə ötürür, onları da korlayır, eləcə də içi qurdlu insanlardan maksimum dərəcədə uzaq olmalıyıq. Əfsuslar olsun ki, hamıda ancaq yaxşını görür, hamını özüm kimi bilirəm. Bu da sadəlövhlüyümdən və insanpərvərliyimdən irəli gəlir. Çoxları isə quyu qazmaqla məşğuldur. Mənim belə insanlarla bağlı bir devizim var: o qazılan quyuları hovuz edib, özüm üçün üzürəm...(gülür)

- Sizcə xəyanəti bağışlamaqla səhv hərəkət etmiş oluruq?

- Xəyanəti bağışlamaqla daha bir xəyanətə yol açırıq, öz əlimizlə özümüzə quyu qazırıq. Həmişə demişəm ki, xəyanəti bağışlamaq olmaz! Çünki içi qurdlu insanlar düzələn deyil. Qozbeli qəbir düzəldər.

“Heç ağlıma gəlmir ki, nə vaxtsa pis qaynana ola bilərəm”

- Brilliant Dadaşova necə anadır?

- Bunu özümün deməyi bəlkə də düzgün çıxmaz. Amma məni əhatə edən insanlar həmişə övladını dəlicəsinə sevən ana olduğumu söyləyirlər. Özüm bunu normal hesab edirəm, tanıyanlar isə oğluma həddindən artıq məhəbbət bəslədiyimi söyləyirlər.

- Bəs yaxşı qaynana ola bilməməkdən qorxmursunuz?

- Yox, heç ağlıma gəlmir ki, nə vaxtsa pis qaynana ola bilərəm. İnşallah oğlum evlənəndən sonra çox gözəl qaynana olacağam. Hesab edirəm ki, necə anayamsa, elə də qaynana olacağam. Allah qismət eləsin!

- Qadını nə çirkin göstərir?

- Sünilik, yalançılıq... Kişi, ya qadın, fərq etməz, sünilik bütün insanları çirkin göstərir.

“Məni də siqaretin dadına baxmağa dəvət edirdilər”

- Siqaret çəkən qadınlara münasibətiniz necədir?

- Bizim evimizdə atam, əmilərim heç kim siqaret çəkməyib. Onlar siqaret əleyhinə həmişə təbliğat aparıblar. Təkcə qadınlara deyil, kişilərə də aid edirəm. Onlar sizə baxıb pis nümunə götürməli deyillər. Oğlan uşaqları özlərini böyüdüyünü sübut etmək üçün çox vaxt atası kimi siqaret çəkməyə başlayır, sonra isə bu, vərdişə çevrilir. Bir vaxtlar mənim ətrafımdakı qızlar siqaretin dəbdə olması ilə öyünürdülər, məni də onun dadına baxmağa dəvət edirdilər. Əlbəttə ki, mən heç vaxt dadına baxmadım. İstəyərdim ki, evlərdə elə bir mühit yaradılsın ki, gənclərin əhatəsində olan dostlar onları yoldan çıxarmağa çalışsa da, təsir altına düşüb siqaretə təslim olmasınlar. Siqaret çəkənlər deyil, əksinə, sağlam həyat tərzi sürənlər bu gün hər yerdə örnək olaraq göstərilir. Bunu da ailədə hər zaman aşılasaq, gənclərimiz üçün təmiz dünya yaratmağa nail olarıq.

- Hansı səhvlərinizdən hələ də dərs ala bilməmisiniz?

- Mənə yaxınlaşan insanı qaldırıb dağ başına qoyuram. Bu xasiyyətimi heç cürə tərgidə bilmədim. Bir insan iki dəfə mənim üçün xırda iş görəndə onu tərifləyib dağ başına qoyurlar. Sonra da cəzasını çəkirəm. Atalarımız, Freyd kimi filosoflar da deyir ki, insanlara haqqı olmadığı qiymət verərsənsə, ya çaşarlar, ya coşarlar.

“Sevgini qorumağın yolu susmaq, susmaq və yenə də susmaqdır”

- Sevgini qorumağın hər hansı üsulu var? Yoxsa o da kino kimi ən maraqlı yerində bitməyə məhkumdur?

- Var. Susmaq, susmaq və yenə də susmaq. Bununla bağlı bir məsəl danışım. Bir dəfə şagird öz ustadından soruşur ki, “İnsanları necə tanıya bilərəm?” Ustad ona deyir ki, danışdır, söhbət elə, o dəqiqə tanıyacaqsan. Şagird sual verir ki, “Bəs danışmasa?” Ustad cavabında “Yəni bu qədər ağıllı insan var həyatda?” deyir. İnsan lazım olan anlarda susmaqla qarşısındakının məhəbbətini, hörmətini qazana bilər. Susmaqla həm də onu təhqir edənin nə qədər cılız olduğunu da ona sübut edə bilər.

- Sonuncu sualda sizin "Heyiflər olsun" adlı mahnınıza istinad etmək istərdim. Brilliant Dadaşova kimi sevdiyinə görə, "Heyiflər olsun?"

- Mən mahnılarımda musiqinin obrazını yaşayıram. Firəngiz Babayevanın “Gecə yaman uzundur” klipində mən tənha qadınının sevgilisini necə gözləməsi obrazını oynamışdım. Bu isə bəzi naşı insanların qınağına səbəb olmuşdu. Siz yəqin bu sualı verəndə bəstəkar Eldar Mansurovun “Heyiflər olsun” mahnısını nəzərdə tutursunuzsa, o mahnıda da mən adını çəkdiyim digər klipdəki kimi obraz yaratmışam. Həyatda isə heç nəyə heyfsilənmirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm