Ömər Eldarov Heydər Əliyevin heykəlini hazırlayarkən ondan nə xahiş edib? - Oturmuşdu, dedim ki...
Bizi izləyin

Müsahibə

Ömər Eldarov Heydər Əliyevin heykəlini hazırlayarkən ondan nə xahiş edib? - Oturmuşdu, dedim ki...

“Heydər Əliyevlə çoxdan tanış idim. O, məktəb vaxtlarından rəssam olmaq istəyirdi. Bu onun arzusu idi. Bu da səbəbsiz deyildi. Onun qardaşı Hüseyn Əliyev xalq rəssamı idi. Qardaşı oğlu Rasim Əliyev də uzun illər Bakının baş memarı olub. Bax burdan qaynaqlanırdı onun rəssamlığa olan sevgisi. Həmişə sərgilərə gedirdi, rəssamlarla söhbətləşməyi sevirdi, bütün rəssamları yaxından tanıyırdı, maraqlanırdı, onlara böyük dəyər verirdi”.

Bu fikirləri xalq rəssamı Ömər Eldarov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini Publika.az-la bölüşüb.

- Ömər bəy, Ulu Öndəri necə xatırlayırsınız?

- Çox sadə və səmimi insan idi. Qeyri-iş vaxtlarında söhbətləşməyi, deyib-gülməyi sevərdi. Sovet dövründə Ali Sovetin qəbul etdiyi qərara əsasən kim iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alırdısa, onun mütləq büstü ucaldılmalı idi. Bu qərar artıq məcburiyyət yaratmışdı ki, Heydər Əliyevin büstü ucaldılsın. Qərarda, ucaldılacaq büstün hansı materialdan, hansı ölçülərdə olması standartlar əsasında qeyd edilirdi. Bu büst Heydər Əliyevin anadan olduğu yerdə qoyulmalı idi.

- Bildiyim qədəri ilə Heydər Əliyev həmin vaxt Moskvada idi. Necə oldu ki, büstü məhz siz hazırladınız?

- Bəli, həmin vaxt Moskvada idi. Ona bir çox heykəltaraşlar təklif ediblər. Lakin o deyib ki, mənim büstümü məhz azərbaycanlı heykəltaraş hazırlayacaq. Daha sonra mənim adımı çəkib. Buna görə həmişə böyük qürur hissi keçirmişəm. Məni dəvət etdilər, Moskvaya getdim. Orada Reşetnikov emalatxanasında iki saat işlədim. Əvvəl Heydər Əliyev otururdu. Mən xahiş etdim, dedim ki, insan oturanda şux qaməti yaxşı görünmür. Şux görüntü üçün ayaqda durmaq lazımdır. O da ayaq üstə dayandı.

Heykəl Naxçıvan Muxtar Respublikasında ucaldılmalı idi. Mən deyirdim ki, büstü Möminə Xatun meydanından bir qədər aralıda qoyaq, arxa fonda isə mənzərə görünsün. Lakin Heydər Əliyevin köməkçisi təklif etdi ki, heykəl mərkəzi küçənin qarşısındakı parkın ortasında olsun. Heydər Əliyev bizdən soruşdu ki, “Nə məsləhət görürsünüz?”. Mən də dedim ki, giriş hissədənsə, bir qədər içəridə ucaldılsa, yaxşıdır. O, mənim seçdiyim yeri təsdiqlədi və heykəl elə orada da ucaldıldı.

- Heydər Əliyevlə əsasən nələrdən danışırdınız ?

- Çox söhbətlərimiz olurdu. Rəssamlar haqqında, əsərlər barəsində maraqlı fikirlərini deyirdi. Artıq qocalmışam, yaddaşım zəifləyib. Ancaq çox söhbətlərimiz olub. Söhbətcil insan idi.

- Bəs Zərifə xanımın heykəlini hazırlamağınız necə baş verdi?

- Zərifə xanımın itkisi Heydər Əliyevə çox pis təsir etmişdi. O rəhmətə gedəndə Heydər Əliyev məni Moskvaya çağırdı. Çox kədərli idi. Zərifə xanımın ölümü ilə barışa bilmirdi. Danışa bilmirdi, halı pis idi. Dedi ki, mənə heykəli kimin hazırlaması barədə çox təkliflər ediblər. “Mən bunlara demişəm ki, qoy bizim azərbaycanlı heykəltaraş hazırlasın. Mən sizin hazırlamağınızı istəyirəm”. Mən də böyük məmnuniyyətlə hazırladım. Nə vaxt nədən narazı qalsa, dərhal bildirirdi. Mən də düzəliş edirdim. Birinci dəfə heykəli mərmərdən hazırlamışdım. Zərifə xanımın dəfni Moskvada oldu. Qərara gəldik ki, heykəli ağ mərmərdən hazırlayaq. Sonra Bakıya gələndə Heydər Əliyev dedi ki, heykəl Bakıya gətirilsin. Heydər Əliyevə dedim ki, mərmər çox incə materialdır. Sizi istəməyən o qədər insan var ki. Nə isə atarlar, korlanar. Tuncdan mexaniki surətini hazırladıq. Tunca heç nə olan deyil. Tuncdan hazırlayaq, pis insanlar da heç nə edə bilməsinlər. Bu əsərin mərmər variantı “Elegiya” hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir.

Ömər Eldarov Heydər Əliyevlə bağlı danışdıqca gözləri yaşarır, o günləri olduğu kimi xatırlamağa çalışırdı. Özünün də dediyi kimi, yaş o yaş olmasa da, rəssam Ulu Öndəri hər zaman gözəl, xoş xatirələrlə yada salır. Ömər müəllim deyir ki, Heydər Əliyevdən bir də bu dünyaya çətin gələ. O, doğrudan da xalqını sevən və xalqın sevdiyi Öndər idi.

Nəzrin Cavadzadə

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm