Beynini əlləri ilə işlədən xanım: Anam hər dəfə bunları görəndə ağlayır
Bizi izləyin

Müsahibə

Beynini əlləri ilə işlədən xanım: Anam hər dəfə bunları görəndə ağlayır

8 Mart Beynəlxalq Qadınlar Günündə fərqli müsahib seçdik, 1-ci qrup görmə məhdudiyyətli İlkanə Tağıyeva ilə söhbətləşdik, onun dünyasını oxuculara təqdim etmək istədik. Müsahibimizlə elə onu həyata bağlayan məkanda - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində görüşdük.

Publika.az İlkanə Tağıyeva ilə müsahibəni təqdim edir:

- İlkanə, necəsən?

- Çox yaxşıyam. Burada özümü rahat hiss edirəm. Çoxlu dostlarım var. Onlarla söhbət edirik. Əvvəl belə deyildim.

- Əvvəllər necə idin ki?

- Heç kəslə danışmırdım. Özümə qapanmışdım. Sanki həyat məndə çönmüşdü. Müəllimlərimin sayəsində həyatım rəngarəng oldu. Dünyama yenidən işıq gəldi. Hamısı da müəllimlərin sayəsindədir.

- Çox gözəl. Bəs, burada nə ilə məşğulsan?

- Burada əsasən dulusçuluq öyrənirəm. Onunla yanaşı toxuculuq və bədii tikmə sənəti ilə də məşğul oluram. 5 aydır ki, buradayam. Heç getmək istəmirəm. Çox öyrəşmişəm, sanki doğma evimdir. Özümü yaxınlarımın, əzizlərimin yanında hiss edirəm. Bu yolda mənə ən çox işıq olan şəxslər müəllimlərdir. Onların əllərindən öpürəm. Mənə çox kömək olurlar.

Masanın üstündə bir-birindən gözəl çantalar var idi. Çantaların yanında isə bilərziklər, sırğa və üzük. Hamısının da əl əməyi olduğu bəlli idi.

- İlkanə, bunların hamısını sən düzəldibsən?

- Bəli, köməksiz, hər birini özüm etmişəm. Muncuqlara marağım çoxdur. Muncuqlar mənə doğma gəlir. Hətta bu sahədə sifarişlər də götürürəm.

İlkanə ilə söhbət edərkən müəlliməsi Pərvanə xanım da söhbətimizə qoşulur:

“İlkanənin bu sahəyə marağı olduqca çoxdur. Götürmə qabiliyyəti əladır. Bu peşəyə sevgisi, istəyi çoxdur".

- Niyə məhz muncuq?

- Çünki muncuqlarla qeyri-adi işlər görmək olur. Balaca muncuqla böyük çantalar düzəltmək olur. Bura gələndə heç vaxt ağlıma gəlməzdi ki, belə əl işlərim olacaq. Bu cür gözəl şeylər bacaracağam. Bura gələndə heç nə bacarmırdım. Nə öyrənmişəmsə, burada olub.

- Hazırladğın əl işləri haradasa nümayiş olunur?

- Hələ təzə olduğum üçün bir dəfə olub. Ora gələnlərin əl işlərimi bəyənmələri məni çox sevindirdi.

İlkanənin əli heç dayanmırdı. Otağa daxil olarkən onun əlində ağ çanta var idi. Artıq nə qədər muncuğu ipə düzmüşdü.

- Bəs bu muncuqlardan ən çox nə düzəltmək istəyirsən?

- Elə bir şey düzəltmək istəyirəm ki, ondan heç kəs düzəltməsin. Bir dənə mən düzəldim. Çox qeyri-adi olmalıdır.

- İlkanə, qeyri-adiliyi nədə görürsən?

- Onu bilmirəm. Elə şey istəyirəm ki, onu heç bir uşaq bacarmasın. Birinci yerdə özüm olum. Tam fərqli bir şey olsun. Çox istəyərəm ki, əl işlərim hər yerdə tanınsın. İlk əl işimi qardaşım təzə evlənmişdi, gəlinimizə hədiyyə etdim. O qədər sevindi ki... (gülür). Hətta evdəkilər inanmırdılar ki, onu mən hazırlamışam. İlk işimdən sonra sifarişlər aldım. Qohumlarımız da çox bəyənmişdi. Ən çox muncuğu sevirəm. O biri dərsləri də tez edib, qaçıram bura.

- Muncuğa sevgin necə yaranıb?

- Müəlliməm yaradıb. O, mənə ana, bacı, dost kimi yaxındır. Nə problemim oldu, birinci ona deyirəm. Mənə çox sərbəstlik, sevgi verib. Bura gələndə heç telefon da işlədə bilmirdim. İndi isə rahatlıqla istifadə edirəm.

- İlkanə, son beş ayda həyatın necə dəyişib?

- Çox dəyişib. Özümü çox xoşbəxt hiss edirəm. Bilmirdim ki, özümü belə kəşf edə bilərəm. İndi özümü çox yaxşı hiss edirəm. Artıq utanmıram. Anam hər dəfə mənimlə danışanda çox dəyişdiyimi deyir.

Müəlliməsi söhbətimizə qoşulur: “İlkanə ilk dəfə bura gələndə özünə çox qapalı idi. Danışmırdı. Otağa girirdi, səs-küy sevmirdi. Amma yavaş-yavaş adaptasiya oldu. Heç ünsiyyət qurmurdu. İlk dəfə gələndə muncuq haqqında məlumatı yox idi. Muncuğun İlkanəyə çox xeyri var. İnkişaf etməsi üçün ən yaxşısı əlləri ilə beynini işlətmək idi. Ona görə də birinci dulusçuluq peşəsinə yiyələndi. Bu onun inkişafı üçün olduqca yaxşı idi. Daha sonra isə həmin inkişafı muncuq və toxuculuqla daha da davam etdirdik. Hətta rəngləri də bilir. İşinə çox sevgi ilə yaşanır. Ən sevmədiyi söz də tənbəllikdir.

- Rəngləri bir-birindən necə ayırd edir?

- Rəngləri qablarda ayırmışdıq. Həmin rənglər saylara əsasən bölünmüşdü. Sayla, muncuğa toxunaraq səhv və ya düz etdiyini bilir.

Bu zaman İlkanə işini dayandırıb, söhbətimizə qoşulur.

- Valideynlərim inanmır ki, bunları mən etmişəm. Anam hər dəfə əl işlərimi görəndə ağlayır. Evdə təzə gəlinimiz var. Keçən dəfə telefonla danışanda deyir ki, nə olar, mənə də öyrət.

- İlkanə, müəllimən deyir ki, tənbəllik sözünü sevmirsən.

- Aha, sevmirəm. Çünki bu qədər bacarığım var. Hələ gec başlamışam. Can atıram ki, nə isə edim. Evdə olanda ürəyim partlayırdı. Nə isə etmək istəyirdim, amma əlimdən iş gəlmirdi. Nə desəm, “sən bacarmazsan” deyirdilər. Amma indi sifariş də alıram.

- Sifariş demişkən, əl işlərini hansı qiymətə satırsan?

- Çantalar 50 manatdan başlayır. Qolbaqlar isə 6 manatdan. Hansında muncuq çoxdursa, qiymət ona görə artır.

Artıq bədii tikmə otağında olan söhbətimiz yekunlaşmışdı. İlkanə ilə birlikdə növbəti otağa keçirdik. Dəhlizdə də söhbətimiz davam edirdi. O, elə muncuğa olan sevgisindən danışırdı.

- İlkanə, bəs bunlardan başqa marağın nəyədir?

- Şeirə. Şeir deməkdən çox xoşum gəlir. Kimsə yanımda bir dəfə dedisə, bəsdir. Hər cümləsi yadımda qalır. Yaddaşım çox yaxşıdır. Bura gələndə ilk dəfə şeir dedim.

Artıq toxuculuq otağında idik. İlkənənin əl işləri masanın üstünə düzülmüşdü. Oturarkən əlinə, toxuduğu şərfi aldı.

- Şərfi toxumağa otaq yoldaşım kömək edib. Jaketi isə müəlliməm öyrədib.

Otağa toxuma müəlliməsi Sədaqət xanım daxil olur.

- Mərkəzə gələndə İlkanə çox səbirsiz idi. Heç bir bacarığı yox idi. Lakin onda olan həvəs sayəsində toxuculuğu öyrəndi. Müəllimi olaraq İlkanənin uğurlarına çox sevinirəm. Hər şeyi çox yaxşıdır, lakin özünü bəyənmir. Sıx ilmələrlə hələ ki işləyə bilmir. Corab toxumaq istəyir. Amma hələ onun üçün çox tezdir. İlkanə yalnız böyük ilmələr toxuyur. Sıx ilmələri əli ilə hiss etmir. Dəfələrlə corab toxumağa cəhd etmişik, lakin alınmayıb. Məqsədimiz yalnız qəlblimizi sevindirməkdir. Ona görə çalışıram tələbələrimə öyrədim ki, sizə qəlbinizi sevindirəcək iş lazımdır, nəinki çətin işi görüb, ondan bezəsiniz. Bu zaman qəlb qırılır, psixologiyaya mənfi təsir göstərir.

İlkanə daim fərqliliyə qaçmaq istədiyini deyir:

“Əlimdən heç bir iş gəlmirdi. Həmişə xəyal qurudum ki, elə bir yerə gedim ki, nə isə edim. Özüm kimi insanların əhatəsində olum. İndi özümü çox xoşbəxt hiss edirəm. Gözüm görmədiyi üçün dünyanın ən bədbəxt insanı hiss edirdim özümü. Amma bura gələndən sonra bütün fikirlərim dəyişdi. Gördüm ki, məni də sevərlərmiş, hörmət edərlərmiş və nə isə öyrədərlərmiş”.

İlkanə toxuculuqdan danışanda da ürəyi muncuqların yanında qalmışdı. Amma onu intizarda saxlamağa davam edirik, dulusçuluq dərsinin tədris edildiyi otağa keçirik.Müəlliməsi deyir ki, heç bir peşə ilə məşğul olmayan bir şəxsə dulusçuluq çox kömək oldu:

“Demək olar ki, bir çox qapıları açdı. Çünki əl və beyin hissiyyatı arasında əlaqə yaradıb, inkişaf etdirdi. İlkanə bura gələndə nə istədiyini bilmirdi. Biz ona bu yolu göstərdik. O da yavaş-yavaş başladı bu işi görməyə. Özünəinamı yarandı. Onun bacarığını bu vaxta kimi heç kəs üzə çıxara bilməmişdi”.

Biz otağa daxil olanda artıq İlkanə önlüyünü geyinib, masa arxasında oturmuşdu. Qarşısında da gildən hazırlanmış çoxlu heyvanlar var idi. Dulusçuluq terapiya məqsədi ilə öyrədilir. Müəlliməsi deyir ki, İlkanənin daxili gözəlliyi, onun əl işlərində də özünü büruzə verir.

-Heyvanları çox sevirəm. Kənddə böyümüşəm. Birinci sinfə kimi görmə qabiliyyətim olub. Daha sonra itirmişəm. Ona görə yaddaşımda heyvanlar qalıb.

- Bəs, fillər?

- Ən çox sevdiyim film “Fillər mənim dostum” idi. Ona görə də filləri çox sevirəm.

Bu zaman İlkanənin əlinə baxıram bizimlə danışa-danışa artıq filin xortumunu və qulaqlarını düzəldib.

- Bəs, gildən hazırlamaq istədiyin xüsusi bir əşya varmı?

- Bəli, var. Ən çox fincan, qab-qacaq düzəltmək istəyərəm. Evimizdə olanda telefon istəyirdim. Anam dedi ki, gözlərin görmür, onu işlədə bilməyəcəksən. Amma bura gələndən sonra xüsusi proqramla çox rahatlıqla istifadə edirəm. Kaş müəllimlərimin yadından çıxıb, burada qalsam... Evdəkilər məndən küsürlər ki, onları bizdən çox istəyirsən. Amma bilmirlər ki, özümü burada xoşbəxt, rahat və azad hiss edirəm.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm