Rəhim Qazıyev: “Əmr etdim ki, qaçanı güllələyin...“
Bizi izləyin

Müsahibə

Rəhim Qazıyev: “Əmr etdim ki, qaçanı güllələyin...“

1992-ci il mayın 18-i tarixi Qarabağ müharibəsində ən ağrılı məğlubiyyətlərimizdən biri kimi yazılıb. Həmin vaxt baş verənlər haqda indiyədək müxtəlif fikirlər, ziddiyyətli açıqlamalar səslənib. 20 ildən sonra Laçının itirilməsi səbəblərini necə izah etmək olar? O vaxtkı müdafiə naziri Rəhim Qazıyevlə söhbətimizdə bu yöndə suallara aydınlıq gətirməyə çalışdıq:

- Laçının işğalının 18-ci ilinə qədəm qoyuruq. May ayının 8-də Şuşanın işğalı o vaxtkı hakimiyyətə bir dərs, bir mesaj deyildimi ki, ermənilər Qarabağı Ermənistanla birləşdirmək üçün növbəti hədəf kimi Laçını seçə bilər?

- Bilirsiz, müharibəni bütün strukturları ilə dövlət aparmalıdır, ölkə bütün gücü ilə müharibəyə səfərbər olmalıdır. Bəli, o vaxt bizdə kəşfiyyat məlumatları var idi ki, Laçına hücum edəcəklər. Mən müdafiə naziri kimi bunun qarşısını almaq üçün nə etmişəm? Onda 104-cü desant diviziyası var idi Gəncədə. Orada 37 nəfər peşəkar zabitə rəsmi məvacib təyin etdim ki, bizim əsgərlərə taktiki döyüş təlimi keçsinlər. Məqsəd o idi ki, təxminən 10 günlük hazırlıqdan sonra hücuma keçək. Goranda hərbi şəhərcik var idi. Ora bir günün içində 2700 nəfər yığdım. Lazımi silah-sursat ehtiyatı gördüm. Bu ərəfədə yəni, mayın 14-dən 15-ə keçən gecə Daşkəndə getməyə məcbur idim. Orada MDB-nin sammiti var idi. Azərbaycandan Sovet Ordusunun çıxarılması üçün hazırlanmış protokola imza atmalı idim. Mənə deyilmişdi ki, Qraçov deyir ki, müdafiə naziri gəlməsə, protokola imza atmayacam.

Həmin vaxt Eldar Həsənov Gəncə polis idarəsinin rəisi idi. Ondan xahiş etdim ki, bircə günlük gedirəm Daşkəndə. O hərbi hissəyə nə lazım olsa təşkil elə, problem yaranmasın. Bakıdan təyyarə çağırdım. 104-cü diviziyanın komandiri general Şerbak və Eldar Həsənov məni aerodromdan yola saldılar Binə aeroportuna və oradan da Bakı-Daşkənd reysi ilə uçduq Özbəkistana. Daşkənddə həmin protokola imza atıb dərhal - ayın 16-sı qayıtdım Bakıya və elə aeroportdan birbaşa uçdum Gəncəyə. Məni yenə Həsənov və Şerbak qarşıladı. Şerbak məlumat verdi ki, mən gedən gecə Bakıdan kimlərsə gəlib ki, bəs hakimiyyət əldən gedir. Həmin 2700 nəfərin 2500-nü aparıblar Bakıya. İnanın ki, onda tam idarəolunmaz vəziyyətə düşdüm. Birbaşa uçdum Bakıya və gəldim Ali Sovetin qarşısına. Gördüm silahlı əsgərlər binanı və teleşirkəti əhatə ediblər, meydanda isə mitinq gedir. Meydan da ağzınadək doludur. Elə qabağıma keçən əsgərin birinə bir şapalaq vurdum ki, siz kimin əmri ilə gəlmisiniz? Bunlar lentə alınıb və indi də durur. Çıxdım tribunaya və Elçibəydən mikrofonu aldım. Dedim ki, burda nəyi bayram edirsiniz. Şuşa gedib, Laçın da getmək üzrədir. Bu silahlı əsgərləri bura nəyə gətirmisiniz və bunlar kimi kimdən qoruyur? Həmin o məşhur ifadə ki, mənim adıma çıxırlar, o videokaset ANS-in arxivindədir və məhkəmədə də gətirtmişdim...

- "Şuşa getsə, başıma bir güllə çaxacam" ifadəsindən söhbət gedir?..

- Bəli. Orda demişəm ki, əgər bura gələn əsgərlər sabah saat 12-yə qədər öz döyüş mövqelərinə qayıtmasalar, mənim bir əlacım qalır, sabah saat 12-də bura gəlib başıma bir güllə vurum. Deməli, səsimi kəsib yerinə diktorları danışdırdılar ki, Rəhim deyir, Şuşa getsə, başıma bir güllə vuraram. Gəlin, məntiqlə düşünək, mayın 16-da Şuşanın işğalından bir həftə sonra mən deyirəm ki Şuşa getsə başıma güllə çaxacam? Bunu normal adam deyə bilməz! Mirşahin "Ən yeni tarix" verilişini çəkir və mənə sual verir ki, deyirlər siz çevriliş etmək istəyirsiniz. Dedim ki, a qardaş, 3 nəfərlə çevriliş etmək olar? Yəni belə hadisələr gedirdi və döyüş qüvvələrinin birliyini təşkil etmək mümkün olmadı. Mən qanuni və qeyri-qanuni bütün imkanlardan istifadə etdim ki, torpaqlarımız getməsin. O yerə gəlmişdim ki, nazir kimi səlahiyyətimə daxil olmayan bir əmr verdim ki, qaçanı güllələyin, özüm cavabdehlik daşıyacam. Amma bunlar daha mənim gücüm daxilində deyildi...

- Laçında yerli özünümüdafiə dəstələri və nazirliyə tabe olan qüvvələr var idi. Ordan verilən videokadrlardan da görünürdü ki, qoşunlar hərbi texnika ilə Laçını tərk edir…

- O kadrlarda da gördüyünüz kimi, soruşulanda ki, niyə qaçırsız, geri çəkilmək əmrini kim verib, əsgərlər deyir, bilmirik, əmr verilib ki, geri çəkilin. Heç kim deyə bilməz ki, Rəhim Qazıyev belə bir əmr verib. Bəs kim verib bu əmri? Bunu istintaq tam araşdırmadı…

Orda olan komandirlərin heç birində döyüş xəritəsi olmayıb, olanı da yararlı deyildi. Cəbhəyə göndərdiyim silah-sursat və texnikanın böyük hissəsini mənə dövlət verməmişdi, özüm ordan-burdan min əziyyətlə əldə edirdim.

Şuşanın işğalından sonra Qubadlıdan keçirilməklə Laçına və Turşsuya xeyli canlı qüvvə və 40-dan artıq texnika ilə nazirliyin idarə rəislərini göndərmişəm. Turşsunu hücum olmadan tərk ediblər. Böyük Kirsdə bizimkilər olub, Kiçik Kirsi almaq üçün hücum təşkil olunanda qoşunlar Elbrus Orucovun əmri ilə geri çəkilib. Gəliblər bura və burda da hərc-mərclik davam edib. Şuşadan sonra Elbrus Orucov gəlmişdi Turşsuya. 4-cü briqada Laçına tərəf çəkilmişdi. Sadəcə olaraq ön xətdə olan komandirlər döyüşləri təşkil edə bilmədilər və ya etmədilər.

- Sizi Müdafiə Nazirliyinin işini buraxıb dövlət çevrilişinə hazırlıqda ittiham edirlər…

- Təsəvvür edin, mayın 14-də Fəhmin Hacıyev çıxır televiziyaya və deyir ki, höküməti təhvil verməsəniz, təyyarələri qaldıracam. Mən əmr vermişdim ki, Müdafiə Nazirliyinin hər hansı zabiti siyasi hadisələrdə iştirak eləsə, onu tamamilə azad edəcəm hərbi sistemdən və bunu da eləmişəm.

Mən həmin gün Gəncədən Daşkəndə yola düşmüşəm. Gəldim Bakıya və eşitdim ki, deyirlər Rəhim Qazıyev bəyanat verib ki, höküməti təhvil verməsəniz təyyarələri qaldıracam.

Fəhmin Hacıyev həmin vaxt Respublika Hərbi Komissarlığında müavin işləyirdi. Onun əlində nə aviasiya var idi ki? Onda bizim cəmi 7 təyyarəmiz var idi, onların da 4-ü işləmirdi, qalanlarında da atmağa bir şey yox idi. Həmin dəqiqə əmr verib onu işdən azad elədim. Bundan sonra mənə qarşı təxribatlar artmağa başladı…

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm