Bu avtobusda sərnişinlər hər an ÖLÜMÜ DADIR - ŞİKAYƏT
Bizi izləyin

Nəqliyyat

Bu avtobusda sərnişinlər hər an ÖLÜMÜ DADIR - ŞİKAYƏT

"36 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüləri avtobusu idarə edə bilmir. Bu avtobusa minən sərnişinin həyatı hər an təhlükə qarşısındadır. İsti yay günlərində qızmar günəşin altında uşaq, qoca, qadın dəqiqələrlə 36 nömrəli gözləyir ki, mənzil başına çatsın. Sözügedən istiqamətdə alternativ variant olmadığına görə insanlar bu avtobusu gözləməyə məhkumdur. Qarşıdan soyuq aylar gəlir. Hər gün soyuqda 15-20 bəzən yarım saat avtobus gözləmək nə deməkdir? Dəfələrlə şikayət etsək də, heç bir tədbir görülmür. Marşrut xəttinin sahibi işinə o qədər məsuliyyətsiz yanaşır ki, hətta sürücülər də ondan şikayət edir. Dəfələrlə qəzalı vəziyyətdə olan avtobusların xəttə buraxılmasının şahidi olmuşuq".

Bu barədə 36 saylı marşrut xəttinin sərnişinləri saytımıza ünvanladıqları şikayət məktubunda bildiriblər. Onlar bu barədə dəfələrlə şikayət etdiklərini, lakin problemin həll olunmadığını deyirlər.

Sakinlərin bu şikayətilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O Publika.az-a açıqlamasında marşrut xəttindən asılı olmayaraq daxil olan şikayətlə bağlı tədbir görüldüyünü bildirdi:

“Hər bir şikayətə uyğun olaraq həmin xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi agentliyə çağırılır. Onlar qarşısında qoyulmuş öhdəliklər bir daha diqqətə çatdırılır. Şikayətə reaksiya vermək onların borcudur. Bu iradlara əməl edilməsinə agentlik əməkdaşları tərəfindən sonradan nəzarət edilir, mütəmadi olaraq monitorinq keçirilir. Reaksiya göstərməyən daşıyıcılara qarşı tədbir görülür. Bəzi marşrut xətləri isə dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq sərnişindaşıma işində keyfiyyəti artırmaq üçün addım atmayıblar. Bu cür marşrut xətləri ilə bağlı da agentlik tərəfindən lazımi tədbirlər görülür. Sonuncu dəfə 175 saylı marşrut xətti ilə bağlı belə hal yaşandı və daşıyıcı dəyişdirildi. Sərnişinlərin həyatını təhlükəyə atan, təmirsiz avtobusları xəttə buraxan 36 kimi digər daşıyıcıları da 175 saylı marşrut xəttinin aqibəti gözləyə bilər”.

M.Ağayev onu da bildirib ki, ümumulikdə avtobusların yenilənməsi ilə bağlı agentlik daşıyıcılar qarşısında tələb irəli sürüb:

“Bu ilin 9 ayında 647 ədəd avtobus təmir olunaraq xətdə buraxılıb. Sərnişindaşımadakı problemlərin 99 faizi istehsalat bazalarının olmamasından qaynaqlanır. 10-a yaxın daşıyıcı artıq istehsalat bazalarını yeniləyib, sərnişindaşıma tələblərinə uyğunlaşdırıb. Sürücülərin peşəkarlığının artırılması üçün Agentliyin sürücü təlim mərkəzində məcburi qaydada təlimlərə cəlb edilirlər. Bütün bunlarla yanaşı nəqliyyatda kifayət qədər problem olduğunu qəbul edirik. Lakin bunlar bizə uzun illərdən “miras” qalıb. Son iki il ərzində biz müəyyən problemləri həll etməyə çalışmışıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm