AMİP sədri partiyadan istefa verdi: təşkilatda fövqəladə toplantı
Bizi izləyin

Nida.az

AMİP sədri partiyadan istefa verdi: təşkilatda fövqəladə toplantı

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə tutduğu vəzifədən və partiya üzvlüyündən istefa verib. Yayılan məlumata görə, o, səhhətində yaranmış problemə görə bu addımı atıb.


AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə Publika.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib: “Mətbuatda Yusif bəyin istefa səbəbləri səhhəti ilə bağlı izah edilib. Bu məlumatın nə dərəcədə həqiqət olduğunu qəti söyləməkdə çətinlik çəkirəm. Lakin Yusif bəyin istefaya getdiyi xəbəri təsdiqlənərsə, o zaman Nizamnaməyə görə qurultayadək onun səlahiyyətləri birbaşa baş katibə keçir. Partiyanın növbəti qurultayının keçirilməsi isə yaxın vaxtlara nəzərdə tutulub. Təşkilatlarda hesabat-seçki yığıncaqları və konfranslar yekunlaşıb. Qalır Qurultayın tarixini və yerini təyin etmək”.


Məlumatlara görə, Y. Bağırzadənin istefası partiyada qarışıqlıq yaradıb. Bu gün saat 13:00-da partiyanın fövqəladə iclasının keçiriləcəyi gözlənilir. AMİP sədrinin səlahiyyətlərini baş katib Arzuxan Əlizadə yerinə yetirəcək.


Qeyd edək ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində Y. Bağırzadənin deputatlığa namizədliyi qeydə alınmayıb. Əldə etdiyimiz məlumata görə, sədrin istefasına bu məsələ də təsir edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm