Ankara terrorunda azərbaycanlı izi, yoxsa pis düşünülmüş təxribat? – TERROR HƏMLƏSİ
Bizi izləyin

Nida.az

Ankara terrorunda azərbaycanlı izi, yoxsa pis düşünülmüş təxribat? – TERROR HƏMLƏSİ

Oktyabrın 10-da Ankarada törədilən terror aktının kimlər tərəfindən həyata keçirildiyi araşdırılır. Artıq İŞİD və PKK-nın hadisədə əlinin olduğu haqda informasiyalar var. Bizim üçün ən diqqətçəkən informasiyalar isə terroru törədən şəxslər arasında azərbaycanlının da olması iddiasıdır.


Birinci informasiya: Türkiyə KİV-nin yazdığına görə, xüsusi xidmət orqanları hücumu həyata keçirə biləcək 21 nəfərlə bağlı məlumatları toplayıb. Onlardan 3-ü xarici ölkənin vətəndaşı olmaqla 6-sı qadındır. Axtarılan 21 nəfərin hamısının İŞİD-in daxilindəki “Toxucular Qrupu”nun üzvləri olduğu bildirilir. Kəşfiyyat qurumları onlardan 19-nun fotoşəkillərini əldə edib. Xarici ölkənin vətəndaşları olan 2 qadının isə fotoşəkillərini əldə etmək mümkün olmayıb. Onlardan bəzilərinin ötən aylarda Türkiyəyə keçdiyi deyilir. Kamikadzelərin İŞİD-dən gələ biləcək təlimatla terror aktı törədə biləcəyi ehtimalı yüksək qiymətləndirilir.
Yayılan fotolar arasında azərbaycanlı olduğu deyilən Ülkər Məmmədova da var. Onun İŞİD üzvü ilə evli olduğu deyilir.


İkinci informasiya: Terrorun şahidi olan 15 yaşlı qız terror aktının baş verdiyi dəmir yolu stansiyasının yaxınlığındakı məsciddə kamikadzeləri gördüyünü, bombaları üstlərinə necə bağladıqlarını deyib. Stansiyanın qarşısına gələn yeniyetmə qız iddia edib ki, tualetlər dolu olduğundan ayna tapa bilməyib və məscidə gedib. Bu vaxt iki çarşablı qadının içəridən çıxdığını deyən qız içəridə daha dörd nəfəri gördüyünü, onların kürd və Azərbaycan dilində danışdıqlarını söyləyib.


Hər iki informasiyada Azərbaycanın adı keçir və bu, istər-istəməz məsələni daha dərindən araşdırmağı tələb edir. Birinci informasiyada Ülkər Məmmədovanın da kamikadzelər arasında olması təəccüblü deyil. Çünki bəzi azərbaycanlıların İŞİD-ə qoşulduğu faktdır və onlar Suriyaya keçmək üçün, adətən, Türkiyə ərazisindən istifadə edirlər. Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanları Suriyaya keçmək istəyən azərbaycanlılarla bağlı ortaq hərəkət edirlər.


Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov da Publika.az-a açıqlamasında bu məsələlərlə bağlı iki ölkənin ortaq çalışdığını deyib: “Adətən, bu məsələləri işgüzar səviyyədə əlaqədar qurumlarla həll edirik və bunun qarşısını almağa çalışırıq. Türkiyə dövləti də bu məsələyə ciddi yanaşır. Onların əksəriyyətini sərhəddə tutub geri qaytarır. Biz belə məsələləri diqqətdə saxlayırıq”.

Lakin Ülkər Məmmədova ilə bağlı məsələ dəqiqləşməyib və faktlar ortaya çıxmadan bu barədə danışmaq tezdir.

İkinci informasiyaya gəlincə, burada suallar yaradan məqamlar var.


- Yeniyetmə qız hadisəni belə xatırlayır: “Yanımda M. (onun rəfiqəsi) var idi. Bombanı onun üzərinə atdılar. Parça-parça oldu. Sadəcə başı qalmışdı. Başı ayağımın altına düşdü”. Onun dedikləri doğrudursa, yanında partlayan bombadan rəfiqəsi parça-parça olduğu halda özünün zərər görməməsi diqqətdən yayınmayan məqamdır.

- Şahid gördüyü kamikadzelərin Azərbaycan və kürd dillərində danışdığını deyir. Türk dili ilə Azərbaycan dili müəyyən fərqliliklərin olmasına baxmayaraq, demək olar ki, eynidir. 15 yaşlı yeniyetmənin bunu dəqiqliklə ayırd etməsi şübhəli görünür.

- Ən diqqətçəkən məqam isə polisə ifadə verən yeniyetmənin öz ailəsi tərəfindən qəbul edilməməsidir. Ailənin imtina etdiyi qız dövlət tərəfindən Ailə və Sosial Siyasət Nazirliyinə verilib. Bir ailənin bu hadisədən sonra öz övladından imtina etməsinin səbəbi nə ola bilər? Ya onun psixoloji problemləri olub, ya da hansısa qruplarla əlaqəsi. Hər halda bir ifadəyə görə heç bir ailə öz övladından imtina etməz.


Hesab etmək olar ki, 15 yaşlı yeniyetmə terror hadisəsinin şokunu yaşadığı üçün belə danışır və təbii ki, bu ifadənin araşdırılması Türkiyə polisinin üzərinə düşür.


Sadəcə olaraq, ifadədə azərbaycanlı adının da keçməsi mənfi nüanslara yol aça biləcək məqamdır. Söhbət 15 yaşlı yeniyetmənin Azərbaycan adına hansısa məqsədlərə xidmət etməsindən deyil, bu ifadəni xəbərə çevirərək yayımlanmasından gedir.


Türkiyə KİV-nin yaydığı bu xəbəri milyonlarla türk vətəndaş da oxuyur və bunların arasında öz yaxınını həmin hadisədə itirmiş insanlar da var. Emosiyaların yüksək həddə olduğu bir vaxtda terroru törədənlər arasında azərbaycanlının olması haqda məlumat həmin insanlar tərəfindən necə qarşılana bilər? Bu, ən azından, Türkiyədəki azərbaycanlıların imicinə zərər vura bilər.


Bu informasiyanın hazırlanması və yayılmasının arxasında hansısa məqsədlərin ola biləcəyinə dair şübhələr yaranır.


Bu, təxribatdırmı?


Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında belə bir informasiyanın yayılmasında təxribat məqsədlərinin olmasını istisna etmir: “Azərbaycan və Türkiyə xalqları eyni kökə malik millətdir. Təbii ki, bunu hansısa hadisəylə, yaxud fikir ayrılığı ilə ayırmaq mümkün deyil. Lakin hesab etmək olar ki, psixoloji təxribat yaratmaq, eyni millət arasında fikir ayrılığına və bir-birinə qarşı mənfi münasibət bəsləməyə səbəb olacaq addımlar atırlar”.


Onun sözlərinə görə, bu tipli informasiyanın arxasında Rusiya, İran, Əsəd rejimi, hətta Türkiyənin müttəfiqləri də ola bilər: “Hazırda Türkiyə regionda təklənib və onun yeganə dəstəkçisi Azərbaycandır. İki ölkənin siyasi rəhbərliyi arasında fikir ayrılığı yaratmaq mümkün deyil. Belə olanda millətin arasında təfriqə salmaq istəkləri oyana bilər və bu cür informasiya təxribatlarını da buna hesablanmış addım kimi dəyərləndirmək mümkündür”.

N. Miri qeyd edib ki, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyindən, bölünməz qardaşlığından məmnun olmayan qüvvələr var: “Türkiyə Baş qərargah rəisinin son Azərbaycan səfəri də dünya güclərini qıcıqlandırmamış deyil. Çünki ortada türk birliyi, türk ordusu kimi məsələlər var və bunun reallaşması istiqamətində proses davam edir. Bu amil həm regional, həm də qlobal gücləri ciddi mənada narahat etməyə başlayıb. Lakin hesab edirəm ki, nə bir güc, nə də hansısa təxribat bu birliyi poza bilməz”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm