Gürcü müxalifəti yeni inqilaba hazırlaşır - Azərbaycan qazına görə
Bizi izləyin

Nida.az

Gürcü müxalifəti yeni inqilaba hazırlaşır - Azərbaycan qazına görə

Rəsmi Tiflisin “Qazprom”la qaz danışıqları son günlər regionun əsas müzakirə mövzularından biridir. Söhbət Azərbaycanın ən çətin vaxtlarında kömək əlini uzatdığı Gürcüstanın Bakıdan aldığı ucuz qazın qarşılığında “Qazprom”la separat danışıqlara getməsindən gedir.

Eyni zamanda, perspektivdə İrandan da qaz almaq kimi düşüncələr mövcuddur. Təbii ki, Rusiyanın enerji rıçaqı olaraq bilinən “Qazprom”un gürcü bazarına daxil olması Azərbaycanın hər şeydən öncə iqtisadi marağına uyğun gəlmir. “Ticarətdə dost yoxdur” prinsipi ilə yanaşsaq, Bakının Moskva ilə münasibətlərinin ən yüksək səviyyədə olmasına baxmayaraq, Gürcüstan qaz bazarını paylaşmaq o qədər də sərfəli variant deyil.


Oktyabrın 19-da Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvilinin Bakıya səfəri də, güman ki, enerji məsələsi ilə bağlıdır. Gürcüstanlı həmkarı ilə görüşən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov isə Prezident İlham Əliyevin noyabrın 6-da Gürcüstana səfər edəcəyini bildirib. Artıq ikitərəfli təmaslar intensivləşib və bu məsələnin ciddi olduğunu göstərir.


Gürcüstan mediası, həmçinin ekspertlər rəsmi Tiflisin Azərbaycanın ucuz qazını 20 faiz torpağını işğal etmiş Rusiya qazına dəyişməsini siyasi intihar olaraq dəyərləndirirlər. Müxalifət bununla bağlı artıq etiraz aksiyalarına başlayıb.


Gürcüstanda Azərbaycan qazına görə növbəti inqilab ola bilərmi?”


Mənzərəni müşahidə edərkən belə bir sual yaranır. Misal üçün, Gürcüstan hökumətinin, daha dəqiq desək, “Gürcü arzusu” koalisiyasının “xaç atası” sayılan Bidzina İvanişvilinin “Qazprom”la anlaşmasını tənqid edən karikaturalar Tiflis küçələrini bəzəyir. Buna görə polis “Tabula” müstəqil televiziyasının rəhbəri Tamara Çerqoleişvilini saxlayıb. T. Çerqoleişvili sıradan bir etirazçı deyil. O, televiziya rəhbəri olmaqla yanaşı, sabiq prezident Mixail Saakaşvilinin ən yaxın silahdaşlarından olub. Xarici ekspertlər müxalifətin bu faktoru əsas götürərək, yenidən ayaqlana biləcəyini hesab edirlər.


Publika.az xəbər verir ki, T. Çerqoleişvilinin iddiasına görə, İvanişvili “Qazprom”un səhmlərinin 1 faizinə sahibdir və məhz buna görə Rusiya şirkətini Gürcüstana gətirmək istəyir: “Hətta bu, Gürcüstanın strateji partnyoru və etibarlı təbii qaz təchizatçısı Azərbaycanla münasibətləri korlamaq bahasına olsa belə o, bunu etməkdə israrlıdır. Hökumətin bu planı energetika naziri Kaxe Kaladzenin Brüsseldə Aleksey Millerlə gizli görüşündən sonra açıldı. Həmin görüşdən sonra “Qazprom”un saytında Gürcüstan ərazisindən Ermənistana ötürülən enerjinin tranzit haqqının artırılması istiqamətində danışıqların getməsi ilə bağlı xəbərlər çıxdı”.


Saakaşvilinin silahdaşlarından olmuş deputat Serqo Ratiani isə “Qazprom”la əməkdaşlığa etiraz edəcəklərini bildirib: “Hakimiyyət bu şirkətlər əməkdaşlıq etməklə təkcə geri çəkilmir, eyni zamanda, Gürcüstanın enerji təchizatından problemlərin əsasını qoyur. Bu hakimiyyətin ölkəni hara apardığını demək çətindir. Çünki onların müəyyən edilmiş siyasətləri yoxdur. Ümumiyyətlə ucuz qazı sənin torpağının 20 faizini işğal etmiş bir ölkənin qazına dəyişmək hansı məntiqə sığır? Bu siyasi intiharın bariz nümunəsidir”.

Gürcüstan baş nazirinin keçmiş məsləhətçisi Qeorqi Xuxaşvili rəsmi Tiflisin təhlükəli oyun oynadığını bildirib: “Razıyam ki, diversifikasiya istənilən ölkəyə lazımıdır. Amma bu risklər hesabına başa gəlirsə, ona getmək məntiqli deyil. Ümumiyyətlə diversifikasiya siyasi və iqtisadi risklərdən qorunmaq üçün lazımdır, özünü riskə atmaq üçün deyil. Bizim Azərbaycanla münasibətlərimizdə siyasi riskimiz yoxdur. Çünki bu ölkənin Rusiyadan fərqli olaraq Gürcüstanda marağı yoxdur. İqtisadi riskə gəlincə, bu, uzunmüddətli layihədir. Siyasi risklərdən sığortalandığımız halda bizim diversifikasiya axtarmağımızı doğru hesab etmirəm”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm