Svetlana Əkbərova: “37 illik vəkil kimi insanlara böyük fayda verə bilərəm” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Svetlana Əkbərova: “37 illik vəkil kimi insanlara böyük fayda verə bilərəm” – MÜSAHİBƏ

Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Svetlana Əkbərovanın Publika.az-a müsahibəsi.



Dosye: Svetlana Əkbərova 1953-cü ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universitetinin keçmiş adı – red.) hüquq fakültəsini bitirib. Həmin ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Hazırda Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasında vəkil kimi fəaliyyət göstərir. Ümumilikdə 37 ildir vəkil olaraq fəaliyyət göstərir. Bitərəfdir.



- Svetlana xanım, Milli Məclisə seçkilərdə namizədliyinizi irəli sürməyiniz hansı zərurətdən irəli gəldi?



- Ölkəmizdə gender siyasətinin sürətli inkişafını, son dövrlərdə qadınların siyasi və ictimai həyatda daha fəal iştirakını nəzərə alaraq mən də 5-ci çağırış parlament seçkilərində iştirak etmək qərarına gəldim. Digər tərəfdən, parlamentdə praktika ilə məşğul olan hüquqşünaslara ciddi ehtiyac var və mən 37 illik vəkillik fəaliyyətimdə qanunun tətbiqi ilə məşğul olan və insanlarla sıx təmasda olan mütəxəssis kimi qanunverici orqana öz töhfəmi verəcəyimi düşünürəm.

Hesab edirəm ki, praktiki hüquqla məşğul olan bir şəxs kimi Milli Məclisdə təmsil olunmağım insanlara böyük fayda verə bilər. Bundan əlavə, uzun illər ərzində mən insanlarla təmasdan gəldiyim nəticəyə görə, vətəndaşların hüquqi maariflənməyə ehtiyacı var. İnsanların hüquqi biliklərinin az olması istər-istəməz problemlərə yol açır. Ən böyük problem də dövlət rəhbərliyinin ciddi mübarizə apardığı korrupsiyanın yaranmasıdır. Bizim insanlarda belə bir stereotip var ki, məmur yanına gedirsənsə, işini mütləq başqa yollarla həll etməlisən. Bunun bir çox səbəbi var, lakin əsas səbəblərdən biri də insanların hüquqlarını bilməməsidir. Bu işi bir vəkil olaraq aparıram, lakin hesab edirəm ki, Milli Məclisdə təmsil olunsam, bu problemin həllinə öz töhfəmi verə bilərəm.
Digər tərəfdən, mən 37 il ərzində insanlarla birbaşa təmasda olduğum üçün problemləri yaxşı bilirəm və bu problemlərin aradan qaldırılması üçün təkliflərim var.


- Namizədliyinizi 20 saylı Nərimanov ikinci seçki dairəsindən irəli sürməyinizin səbəbi nədir?


- Mən 40 ildir Nərimanov rayonunda yaşamışam. Bu rayonun sakinlərindən mənə hüquqi yardım üçün çoxsaylı müraciətlər olub. Bacardığım qədər müraciət edənlərə kömək etmişəm. İnsanlar məni yaxşı tanıyır və hesab edirəm ki, bu rayonda uğur əldə edə bilərəm.


- Siz heç bir partiyanın üzvü deyilsiniz, lakin siyasi baxışlarınız maraqlıdır.


- İnsanın siyasi baxışları vacibdir, çünki məhz buna görə onu qiymətləndirirlər. Ölkə rəhbərliyinin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyirəm, çünki həmin siyasət xalqın rifahının yaxşılaşdırılmasına, ölkəmizdə sabitliyin qorunmasına, sülhə və əmin-amanlığa xidmət edir və hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı cəmiyyətdə mövqeyindən asılı olmayaraq, dövlətimizin qüdrətləndirilməsi naminə aparılan işlərə görə prezidentimiz cənab İlham Əliyevə dəstək olmalıdır.

- 20 saylı Nərimanov ikinci seçki dairəsində rəqiblərinizlə bağlı nə deyə bilərsiniz?


- Mən, ümumiyyətlə, insanlara hörmətlə yanaşıram. Mənim rəqiblərimin də öz mövqeləri, öz proqramları var və onların hər biri bu millətə xidmət etmək istəyir. Ona görə də onların hər birinə hörmət edirəm. Namizədliyimi irəli sürdüyüm Nərimanov rayon 2 saylı Seçki Dairəsində və onun 33 məntəqəsində seçkinin yüksək keçirilməsi üçün bütün şərait yaradılıb. Rəqiblər arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri var. Misal üçün, bu dairədən iki dəfə deputat seçilmiş Adil Əliyev məni öz seçiciləri ilə görüşə dəvət etdi. Tədbirə qatıldım və mənə çıxış üçün söz verildi. Mən çıxışımda Adil Əliyevə təşəkkür etməklə yanaşı, hətta onun seçiciləri qarşısında öz təbliğatımı da apardım. Yəni rəqibim məni öz tədbirinə dəvət edir və mənə belə bir şərait yaradırsa, bu ən gözəl seçki nümunəsidir. Mən digər rəqib namizədliərə uğurlar arzulayıram. Öz seçicilərimə demək istəyirəm ki, seçki günü məntəqələrə gəlib istədiyiniz şəxsə səs verin. Biz də xalqın seçdiyi namizədə hörmətlə yanaşaq. Çünki seçim xalqındır.



Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm