Nida.az
ABŞ kəşfiyyatı: iki ilə Sarkisyan devrilə, Qarabağda status-kvo dəyişə bilər
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi Qafqaz regionu haqda maraqlı məqamlara toxunan məqalə hazırlayıb.
Publika.az xəbər verir ki, məqalədə Rusiyanın
Ermənistanda çevriliş hazırladığı, bunun isə işğal olunmuş Dağlıq
Qarabağın Azərbaycana qaytarılmasında rol oynaya biləcəyi qeyd
olunur.
“İranın nüvə proqramı ilə bağlı razılaşma Yaxın Şərqin dinamikasını
dəyişməklə yanaşı, Qafqaz regionuna, xüsusilə Ermənistana təsir
göstərəcək. Sanksiyaların qaldırılması ilə Ermənistan Gürcüstan
limanları vasitəsilə İrandan neft və təbii qaz ala bilər. Lakin
Tehranla enerji və infrastruktur layihələrində İrəvanın iştirakı
Rusiya tərəfindən əsas payçının özü olacağı şərtilə icazə verilir.
Bu məqsədlə Rusiya Ermənistanda iqtisadi gücünü artırır, həmçinin
Ermənistan siyasətinə təsir etmək üçün Rusiyadakı nüfuzlu
erməniləri önə çəkir. Yeni regional enerji layihələrinin İrəvandan
yan keçməsi siyasətini aparan Rusiya üçün bu dəqiqə əsas olan
Ermənistanın özündən asılılığını daha da möhkəmlətməkdir”, - deyə
məqalədə bildirilir.
Mərkəz qeyd edir ki, Ermənistan Qafqazda coğrafi baxımdan yaxşı
mövqedə olmağına baxmayaraq, bütün layihələrdən kənarda qalıb:
“Buna səbəb isə Dağlıq Qarabağın işğalından sonra Azərbaycan və
Türkiyənin bu ölkəni təcrid etməsidir. Gürcüstanla Rusiyanın
münaqişəsi onu xeyli geri atdı, digər tərəfdən, İrana sanksiyaların
tətbiqi bu ölkə ilə də enerji və iqtisadi əlaqələr qurmağına imkan
vermədi. Nüvə proqramı üzrə razılaşmadan sonra Tehran Ermənistana
nəvaziş göstərməyə başlayıb. İran neft və qazının Avropaya çıxış
marşrutu kimi Gürcüstanın Poti və Batumi limanları vasitəsilə
Ermənistanı düşünür. Əslində Türkiyədən enerji ixrac etmək İran
üçün daha asandır, lakin Suriya məsələsində dərin fikir ayrılığı
iqtisadi əlaqələrə də təsir edir. Məhz Suriya münaqişəsi Ermənistan
marşrutuna ikinci nəfəsi verdi. Buna qədər İranla Ermənistan
arasında 3,7 milyard dollarlıq investiyaya başa gələcək dəmiryol
layihəsi var idi. Lakin Rusiya bu layihəni qəti şəkildə rədd edir.
Buna görə də proseslər göstərir ki, Tehran eyni layihəni
Azərbaycanla reallaşdırmaq fikrindədir. Bu İranın Rusiyanın Baltik
limanlarına da çıxışı təmin edə bilər. Belə görünür ki, Azərbaycan
hazırda Ermənistanın tranzit yolundakı bütün planlarını alt-üst
etmək gücünə sahibdir”.
“Stratfor” yazır ki, dəmir yolu layihəsi Rusiyanın blokladığı
yeganə layihə deyil: “Avqustun 9-da Ermənistan İranla iki ölkəni
birləşdirən elektrik enerjisi xəttini tikməklə bağlı razılaşma
imzaladı. Buna baxmayaraq, erməni mənbələri bildirir ki, “Qazprom”
elektrik ötürücü xətdən istifadə hüququnu artıq əldə edib. 2014-cü
ilin yanvar ayında “Qazprom” Ermənistanda təbii qaz monopoliyasının
20 faizini də əldə edib. Bununla 2015-ci ilin iyun ayında İrandan
Ermənistana təbii qazı aparan boru kəmərinin mülkiyyətini öz
nəzarətinə alıb. Kreml ümid edirdi ki, iqtisadi investisiyalarla
Ermənistanı tamamilə ələ alacaq. Lakin bu yaxınlarda Rusiyada
yaşayan nüfuzlu ermənilərlə də İrəvana təsir etmək siyasətinə
başlayıb. Belə ki, Rusiyada yaşayan erməni milyarder Samvel
Karapetyana məxsus “Tashir Qroup” şirkəti Ermənistanın elektrik
enerjisi şəbəkəsini RAO EES-dən alıb. Bundan əlavə, Rusiya
Erməniləri İttifaqının rəhbəri Ara Abramyan elan edib ki, partiya
yaradır və Ermənistanda 2017-ci ildə keçiriləcək seçkilərdə iştirak
edəcək. Əlbəttə, Kreml Sarkisyan hökuməti ilə açıq qarşıdurmaya
getməyi arzu etmir. Lakin vaxtaşırı İranla bağlı siyasətdə Rusiyaya
qarşı getməsi Sarkisyana baha başa gələ bilər. Ona qarşı Karapetyan
və Abrahamyanda istifadə edilməsi də buna hesablanıb”.
Mərkəz bu proseslərin Dağlıq Qarabağda status-kvonu dəyişməyə
gətirib çıxaracağı ehtimalını müdafiə edir.
“Bu yaxınlarda Azərbaycan bu istiqamətdəki səylərini artırmışdı.
Təsadüfi deyildi ki, Bakı ilə Moskvanın diplomatik danışıqlarının
ardından İrəvan təmas xəttində hücumlarının intensivləşdirdi və
hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını açıq tənqid
etdi. Kreml məhz Rusiyada yaşayan ermənilərlə İrəvanın siyasətinə
açıq təzyiq edir. Hesab etmək olar ki, uzunmüddətli perspektivdə
Karapetyan və Abrahamyan kimi pro-Rusiya fiqurları Ermənistan
siyasətində ciddi rola malik olacaqlar. Digər tərəfdən, Rusiya
şirkətlərinin Ermənistanın enerji sektorunda payının artması ilə
İranın bu ölkəni tranzit kimi istifadə etməsi planlarını alt-üst
edəcək”, - deyə mərkəz yazır.
Asif Nərimanlı
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO