Nida.az
Ankara və Moskvanı üz-üzə qoyan gerçək səbəb: itkilər, hücumlar və müharibə... - TƏHLİL
Suriya sərhədində Türkiyənin hava məkanını pozan Rusiya təyyarəsinin vurulması Ankara ilə Moskvanı üz-üzə qoydu. Hər iki ölkənin səfirləri XİN-ə dəvət edildi, qarşılıqlı ittihamlar səsləndirildi. Hazırda gərginlik pik həddə çatıb. Ankara Rusiyaya məxsus Su-24 təyyarəsinin onun hava məkanını pozduğunu deyir, Moskva isə təyyarəsinin Suriya ərazisində vurulduğunu iddia edir. Güman ki, hər şey elə iddia olaraq qalacaq. Dəyişməyən bir şey var: iki regional güc üz-üzə dayanıb və yaranmış bu böhran bölgədə yeni müharibəyə səbəb olmasa belə, ciddi nəticələrə səbəb olacaq.
Sentyabrın 30-da Rusiya hərbi qüvvələrinin Suriyaya girməsinin
ardından Türkiyə ilə yaranan gərginlik haqda irəli sürülən əsas
fikir belə idi: ABŞ Türkiyə və Rusiyanı üz-üzə qoymaq istəyir. Belə
görünür ki, amerikalıların bu arzusu gerçəkləşməkdədir. Lakin
Ankara və Moskvanın üz-üzə dayanmasının arxasında təkcə ABŞ-ın
istəyi, yaxud iki ölkənin anlaşa bilmədiyi hansısa məsələ dayanmır.
Ortada daha mürəkkəb proseslərin olduğu faktdır.
Moskva Suriyaya girəndə bəlli idi ki, əsas məqsəd Əsəd rejiminin
daha uzun müddətə hakimiyyətdə qalması təmin olunmalı və Rusiyanın
Aralıq dənizinə yeganə çıxışı olan, hərbi bazasının yerləşdirdiyi
Tartus limanı toxunulmaz qalmalı idi. Suriyada hər kəs öz marağı
üçün plan quranda Moskvanın bu addımı o qədər təəccüblü görünmürdü
və bunu İŞİD-ə, yəni terrorizmə qarşı mübarizə adı altında etməsi
də təsadüfi deyildi. Dünya Əfqanıstandan başlamış Suriyaya qədər
“terror təhlükəsi” altında siyasi oyunlar təcrübəsini yaşayıb və
Rusiya bu dəfə Qərbin öz taktikasına əl atdı.
Amma Əsəd-Rusiya ittifaqının türkmanlara hücumu məqsədin “terrorla
mübarizə” olmadığını bir daha sübut etməklə yanaşı, eyni zamanda,
Türkiyə sərhədləri yaxınlığında ciddi planlardan da xəbər
verdi.
Niyə türkmanlar?
Türkmanların yaşadığı Bayırbucak Lazkiyə bölgəsində yerləşir və bu
ərazini Türkiyə ilə 5 kilometrlik məsafə ayırır. Derhanne, Qızıldağ
və Fırınlık olmaqla üç hissəsən ibarət olan bölgədə onlarla türkman
kəndi var. Bölgənin əsas nöqtəsi Türkman Dağıdır. Hazırda əsas
döyüşlər Türkman Dağı uğrunda gedir. Çünki bu nöqtənin ələ
keçirilməsi bütün bölgənin işğalı deməkdir. Həmçinin, Əsəd rejimi
və Rusiyanın bu bölgə ilə bağlı öz marağı var.
Əsəd rejimi:
- Bayırbucağın yerləşdiyi Lazkiyə bölgəsi Əsəd üçün strateji
yerdir.
- Lazkiyə Əsəd ailəsinin vətəni hesab olunur.
- Bu bölgədə Bəşər Əsədin mənsub olduğu Nusayri tayfası sıx
yaşayır.
- Bölgə meşəlikdir və varlı nusayrilər üçün biznes qurmaq üçün əla
məkan hesab olunur.
- Əsəd rejimi bölgədəki türkmanların bir qisminin sünni məzhəbə aid
olmasını özü üçün təhlükə hesab edir.
- Lazkiyə bölgəsi Bayırbucaq türkmanlarının yaşadığı ərazilərdən
savayı bütövlükdə Əsədin əlindədir. Türkman dağını işğal etməklə
rejim bütövlükdə Aralıq dənizi ətrafına nəzarət etmək
niyyətindədir.
Rusiya:
- Rusiyanın Aralıq dənizinə yeganə çıxışı olan Tartus limanı bu
bölgədə yerləşir. Moskvanın Tartustda hərbi-dəniz bazası
yerləşir.
- Bununla yanaşı, Lazkiyə bölgəsində Rusiyanın təyyarə bazası
mövcuddur.
Ümumi maraq: Türkmanları bombalayan Əsəd və Rusiya üçün bölgənin taktiki əhəmiyyəti də həyati məsələ hesab oluna bilər. Belə ki, Rusiyadan Suriyaya gələn hərbi yardım və canlı qüvvə Tartus limanından quruya çıxır və buradan həm bölgəyə paylanılır, həm də Şama aparılır. Şama gedən yolda Kusayr kəndi xüsusi strateji mövqeyə sahibdir. 2013-cü ildə Kusayr uğrunda gedən qanlı döyüş də buranın əhəmiyyətini sübut etdi. Hazırda kənd Hizbullahın əlindədir və Rusiya Əsədə bu bölgədən rahat şəkildə yardım edə bilir. Belə görünür ki, ümumilikdə Lazkiyənin türkmanlardan və digər qüvvələrdən təmizlənməsi Rusiyanın Suriyada daha rahat şəkildə hərəkət etməsi, həmçinin Əsəd rejiminin həyatının uzadılması məqsədinə xidmət edir.
Bu baxımdan, türkmanlara hücum edən Əsəd-Rusiya ittifaqının Türkiyə
ilə üz-üzə gəlməsi gözlənilən idi. Çünki Suriyada xüsusilə bu
bölgəyə müdaxilə Türkiyənin strateji maraqlarını tapdalayır.
1. Türkmanlar Türkiyənin Suriyada əsas dayaq nöqtəsi hesab
olunur.
2. Türkman Dağının işğalı Əsəd ordusunun Türkiyə sərhədinə
qədər irəliləməsini, dolayısı ilə Rusiyanın Ankaranın qulağının
dibində at oynatması deməkdir.
3. Türkmanların mövcud olduğu bu bölgə həmçinin, Afrin
kantonu ilə PYD-nin (PKK-nın Suriya qolu-red) nəzarətində olan
Kobani arasındakı 160 kilometrlik ərazidə yerləşir və bu bölgənin
türkmanlardan, eləcə də mülayim müxalifətdən təmizlənərək kürdlərə
verilməsi ABŞ-ın perspektivdə nəzərdə tutduğu “kürd dəhlizi”
planında əsas hədəfdir. Türkiyənin burada mövcudluğu bu planda
maneədir. (http://publika.az/p/99718)
Sonuncu amil Türkiyənin bölgə üçün, lazım olarsa, müharibəyə
girməsinə belə səbəb ola bilər. Əslində, Türkiyəni İran da daxil
olmaqla Əsəd-Rusiya ittifaqı ilə üz-üzə qoyan proseslərin
altqatında da məhz “kürd dəhlizi” faktoru mövcuddur.
Bəli, Suriyada bu və ya digər formada savaşan güclərin hər birinin öz marağı var. Amma ümumi mənzərədə “kürd dəhlizi” amili Qərb üçün olduqca vacibdir və nə qədər inandırıcı olmasa da, Rusiyanın bu prosesdə ABŞ-la razılaşdırımış şəkildə fəaliyyət göstərdiyi ehtimalı böyükdür.
İki mühüm məqam bu ehtimalı gücləndirir.
Birincisi: Rusiya sentyabrın 30-da Suriyaya rəsmən
girməsindən bir gün öncə Vladimir Putin Nyu-Yorkda keçirilən BMT
Baş Assambleyasının iclasında Barak Obama ilə görüşdü. Maraqlıdır
ki, bir gün sonra Əsədin istəyi ilə onun köməyinə tələsən rus
ordusunun ilk hədəflərindən biri Lazkiyə, yəni müxaliflərin və
türkmanların olduğu bölgə oldu.
İkincisi: Antalyada keçirilən “G-20” sammitində
Putinlə Obamanın qısa görüşü oldu və diqqət çəkən məqamdır ki,
Rusiya sammitdən sonra Suriyada əməliyyatları genişləndirdi. Yenə
də Türkiyənin strateji maraqlarının olduğu bölgə hədəfə alındı.
(http://publika.az/p/110182).
Ehtimal etmək olar ki, ABŞ Suriyada Rusiyanın öz maraqlarını təmin
etmək əvəzinə sözügedən bölgəni Türkiyəyönümlü qüvvələrdən
təmizləməyi öhdəsinə götürüb. Yəni PYD-nin edə bilmədiyini Rusiya
edir.
Müharibə, yoxsa...
Türkiyə və Rusiyanın üz-üzə gəlməsi yeni müharibənin başlayacağı
ehtimalını gücləndirmir. Çünki belə görünür ki, Rusiya ABŞ-la
müəyyən razılıq içində sadəcə özünə lazım olan qədər “pay” götürür,
əvəzində “kürd dəhlizi”nin yaradılması yolundakı maneəni aradan
qaldırmaq rolunu üstlənir. Digər tərəfdən, Kreml siyasi ritorikanı
nə qədər sərtləşdirsə də, sonda geri çəkiləcəyi ehtimalı böyükdür.
Çünki Moskva Türkiyəyə müharibə elan etməklə NATO-nu qarşısına
almaq istəməz. Heç Vaşinqtonun özü də bölgədə regional güclərin
toqquşmasının müharibəyə çevrilməsindən yana deyil. Bu, daha çox
qısa müddətli gərginlikdir. Lakin Türkiyə-Rusiya siyasi
münasibətlərində yetərincə çat yaradacaq faktor ola bilər və hər
iki tərəfin itkiləri və atacağı addımlar diqqət çəkir.
Rusiyanın mümkün itkiləri:
- “Türk axını” layihəsi ləğv oluna bilər. Rusiya 63 milyard kubmetr
qazın Türkiyə marşrutu ilə Avropaya çıxarmaq perspektivindən məhrum
ola bilər. Rusiya Türkiyə marşrutunu itirməklə bütövlükdə Cənubi
Avropa üzərində enerji təsirini də itirə bilər.
- Rusiyanın “Rosatom” şirkəti Türkiyədə “Akkuyu” AES-in tikintisi
layihəsindən mərhum ola bilər. Bu 20 milyard dollar itki
deməkdir.
- İki ölkə arasında 25 milyard dollarlıq ticarət dövriyyəsində
Rusiyanın ixracı 19 milyard, Türkiyənin ixracı 6 milyard təşkil
edir. İqtisadi münasibətlər tamamilə pozulacağı təqdirdə Rusiyanın
itkisi daha böyük ola bilər.
Türkiyənin mümkün itkiləri:
- Ankara təkcə 6 milyard dollarlıq ixrac imkanları deyil, həmçinin,
rus şirkətlərinin Türkiyəyə qoyduğu 10 milyardlarla investisiyadan
da məhrum ola bilər.
- Bununla yanaşı, Rusiyanın böyük enerji resurslarının Avropa
bazarına çıxışında marşrut olmaq və tranzit haqqı əldə etmək
imkanından da məhrum ola bilər.
- Bu gərginlik rus turistlərin istirahət üçün Türkiyəni seçməməsi
ilə də nəticələnə bilər. Rusiya XİN-in dünənki bəyanatında
Türkiyəni terror təhlükəsi olan ölkələr siyahısına daxil etməsi,
vətəndaşlarına bu ölkəyə getməməsini məsləhət görməsi də ilk siqnal
idi. Halbuki Türkiyəyə gələn ən böyük turist qruplarından biri
ruslardır. Təkcə 2014-cü ildə rus turistləri hesabına Türkiyə
büdcəsi 4 milyard dollar gəlir əldə edib.
Hər iki ölkənin itkilərinin proqnozlaşdırılandan daha böyük olması
ehtimalı da var.
Rusiyanın Türkiyəyə qarşı ata biləcəyi
addımlar:
- Kreml PKK-nı ciddi şəkildə dəstəkləyə bilər.
- Türkmanlara qarşı hücumları şiddətləndirə bilər.
Türkiyənin mümkün cavabı:
- Ankara Şimali Qafqaz döyüşçülərinə ciddi dəstək verə bilər.
- Həmçinin, Krımda tatarların rus idarəçiliyinə qarşı çıxmasını
təşkil edə bilər.
Bütün bunlar Türkiyə və Rusiya üçün təhlükəli perspektiv vəd edir.
Bu baxımdan, nə Ankaranın, nə də Kremlin sona qədər dirənəcəyi
gözlənilən deyil. Yaxud, tam əksinə, siyasi gərginlik, hərbi və
digər sahələrə də keçə və gözlənilməz nəticələrə səbəb ola bilər.
Amma iki ölkəni üz-üzə qoymaqla siyasi planını həyata keçirən
ABŞ-ın əldə etdikləri də diqqətdən yayınmamalıdır.
Asif Nərimanlı
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”