Bahar Muradova iş adamlarına səsləndi: "Güzəştə gedin, yoxsa..."
Bizi izləyin

Nida.az

Bahar Muradova iş adamlarına səsləndi: "Güzəştə gedin, yoxsa..."

“Süni bahalaşma yaratmaq istəyən bəzi iş adamları və biznes qurumları Prezidentin tapşırıqlarından nəticə çıxarmalıdır”.

Bunu Publika.az-a Milli Məclis sədrinin və Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Bahar Muradova Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlərə və qoyduğu tapşırıqlara münasibət bildirərkən söyləyib.

Vitse-spiker deyib ki, qazanc götürmək, bzinesini böyütmək hər bir iş adamının hədəfidir: “Ancaq bizim ümumilikdə hədəfimiz Azərbaycan insanının rifah içərisində yaşaması, sosial problemlərlə az üzləşməsi və dünyada gedən proseslərin yaratdığı iqtisadi böhrandan az zərərlə çıxmasıdır. Bunun üçün də həmin adamlar dövlət başçısının tapşırıqlarından nəticə çıxarmalı və Prezidentin tövsiyələrini nəzərə alaraq öz fəaliyyətlərinə ciddi diqqət yetirməlidirlər. İş adamları da insanların sosial durumlarını nəzərə almalıdır. Ola bilər ki, bundan onların gəlirləri müəyyən qədər azalsın. Əgər bu, ümumi vəziyyətə müsbət təsir göstərəcəksə, o zaman iş adamlarının özü üçün də münbit şəraitin yaranmasına səbəb olacaq. Ona görə mən də həmin iş adamlarını insanlara qarşı diqqətli olmağa və imkan daxilində güzəştlərə getməyə çağırıram”.

B.Muradova deyib ki, Prezident İlham Əliyev devalvasiyadan sui-istifadə edənlərə qarşı sərt tədbirlər görüləcəyini bəyan edib və artıq müəyyən addımlar atılır: “Ancaq biz imkan verməməliyik ki, vəziyyət sərt tədbirlərin görülməsinə qədər inkişaf etsin. Hər kəs öz məsuliyyətini dərk edib bölüşməyə çalışmalıdır. Baş verənlər təkcə hökumət qurumları və ya iqtidarın problemləri deyil. Bu, bütövlükdə hər birimizin problemidir. Ona görə də hesab edirəm ki, hər kəs öz imkanı daxilində mövcud problemlərin həllinə töhfə verməlidir. Sıravi və heç bir imkanı olmayan vətəndaşlar isə mövcud vəziyyəti anlayışla qarşılamağa çalışmalı və hökumətin atdığı addımların nəticəsini gözləməlidir. Müvafiq qurumların rəhbərləri də dövləti vəzifələrini yerinə yetirərək tapşırıqların icra olunmasına ciddi nəzarət etməlidir”.

B.Muradova qeyd edib ki, ölkə Prezidentinin başçılığı ilə keçirilən son müşavirədə dünyada və Azərbaycanda mövcud olan vəziyyət bütün istiqamətlər üzrə dəyərləndirilib: “Belə bir vəziyyətdə Azərbaycan hökumətinin və cəmiyyətinin qarşısında duran vəzifələr konkret şəkildə müəyyən edilib. Hesab edirəm ki, sıravi vətəndaşdan tutmuş, ən yüksək vəzifəliyə qədər hər kəs bu tapşırıqların və vəzifələrin ciddiliyini nəzərə almalıdır. İndi dünyada baş verən proseslər nəticəsində yaranmış bu cür vəziyyətdən düzgün çıxış yolunun tapılmasında səylərimizi daha da artırmalıyıq. Bizdən asılı olan və ya olmayan məsələləri ayırd etməli, obyektiv və subyektiv səbəbləri ciddi təhlil etməliyik. Əks təqdirdə, problemlər artan sürətlə inkişaf edə bilər. Ona görə də hesab edirəm ki, qarşıya qoyulan vəzifələr kifayət qədər aydın və konkretdir. Bu vəzifələrin vacibliyi heç kəsdə şübhə doğurmur. Ona görə də hər kəs öz işinin başında dayanıb lazımi addımları atmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm