Prezident İsveçin və Sloveniyanın səfirləri ilə görüşdü - FOTOLAR
Bizi izləyin

Nida.az

Prezident İsveçin və Sloveniyanın səfirləri ilə görüşdü - FOTOLAR

Prezident İlham Əliyev yanvarın 18-də İsveçin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersmanın etimadnaməsini qəbul edib.

Publika.az xəbər verir ki, səfir İnqrid Tersman fəxri qarovul dəstəsinin qarşısından keçib.

İnqrid Tersman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan-İsveç əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd etdi və bunun üçün yaxşı potensialın olduğunu dedi. Prezident İlham Əliyev iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün biznes nümayəndələri arasında əlaqələrin artırılmasının, bu sahədə yeni imkanların araşdırılmasının önəmini də vurğuladı. Azərbaycanın yerləşdiyi regionda müəyyən iqtisadi çətinliklərin, eləcə də Avropada bəzi problemlərin müşahidə olunduğunu qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin regional əməkdaşlığın gücləndirilməsi işinə də töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin ikitərəfli münasibətlərimizin gündəliyində saxlanmasının vacibliyini qeyd etdi. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir İnqrid Tersman İsveçin Kralı Əlahəzrət XVI Karl Qustavın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə mövcud dialoqu genişləndirmək niyyətində olduğunu dedi. İnqrid Tersman ölkələrimizin regional inkişaf və təhlükəsizlik, miqrasiya və mədəniyyət, o cümlədən beynəlxalq məsələlərlə yanaşı, bir çox sahələrdə də ümumi mövqeyə malik olduğunu qeyd etdi. İqtisadi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən səfir bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini bildirdi. İnqrid Tersman ölkələrimiz arasında ikitərəfli əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsində xüsusi rol oynadığını dedi. Səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Prezident İlham Əliyev Kral Əlahəzrət XVI Karl Qustavın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İsveçin Kralına çatdırmağı xahiş etdi.

***

Prezident İlham Əliyev yanvarın 18-də Sloveniyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İqor Yukiçin etimadnaməsini qəbul edib.

Səfir İqor Yukiç fəxri qarovul dəstəsinin qarşısından keçib.

İqor Yukiç etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Sloveniyanın müxtəlif sahələrdə yaxşı əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında qarşılıqlı siyasi əlaqələrin uğurla inkişaf etdiyini dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Ölkəmizin iqtisadiyyatının müxtəlif sektorlarında çalışan Sloveniya şirkətlərinin və Sloveniyada çalışan Azərbaycan şirkətlərinin işindən danışan dövlətimizin başçısı onların fəaliyyətlərinin daha da genişləndirilməsi üçün səmərəli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini bildirdi. Səfir İqor Yukiçin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ona işində müvəffəqiyyətlər arzuladı.

Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Sloveniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri İqor Yukiç əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Diplomat hər iki ölkənin biznes nümayəndələrinin gələcəkdə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını dedi. Sloveniyalı səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə ölkələrimiz arasına ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafındakı rolu xüsusi vurğulandı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm