Nida.az
İlham Əliyev: Dini zəmində qarşıdurmalar davam edərsə...
"Biz bunu görürük və eyni zamanda, mən tam əminəm ki,
əgər dünyada bundan sonra da dini zəmində qarşıdurmalar davam
edərsə, bu, böyük fəlakətə gətirib çıxaracaqdır. Biz artıq hər il
yeni münaqişə ocaqlarını, yeni problemli yerləri
görürük".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə “İmamzadə” dini
kompleksində ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə
görüşündə deyib.
Dövlət başçısı bildirib ki, bu gün daha çox miqrantlar böhranından
danışırlar: "Mən dövlət başçısı kimi bu məsələ ilə bağlı ölkəmizin
mövqeyini dəfələrlə ifadə etmişəm və hesab edirəm ki, belə də
olmalıdır. Biz bu məsələyə biganə qala bilmərik. Bu gün xarici
müdaxilədən əziyyət çəkən insanlar öz canlarını, ailələrinin
canlarını qurtarmaq üçün məcburi köçkün vəziyyətinə düşmüşlər.
Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşıb, böyük
təhlükələrlə üzləşib Avropaya üz tuturlar. Yolda da onların çoxu ya
dənizdə batır, ya başqa yerdə həlak olur. Biz görürük ki, bunlara
qarşı münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun
gəlmir. Bu adamların heç bir günahı yoxdur. Əgər onların ölkələrinə
xaricdən müdaxilə olunmasaydı, onlar öz ölkələrində yaşayardılar.
Onlar - yaxınlarını itirmiş, qaçqın-köçkün vəziyyətinə düşmüş
milyonlarla insan indi sadəcə olaraq öz canını xilas etmək istəyir.
Onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir. Onların
şəxsiyyəti alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox
mənfi rəy formalaşır.
Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. O cümlədən bu
yaxınlarda Suriya böhranı ilə bağlı Londonda keçirilmiş konfransda
çıxış edərkən demişəm ki, Azərbaycan 1990-cı illərin əvvəllərində
humanitar fəlakətlə üzləşmişdi. Bir milyon insan erməni işğalı
nəticəsində öz yerindən didərgin düşmüşdür. O vaxt bizim nə
imkanımız, nə pulumuz var idi, iqtisadiyyat tamamilə dağılmış
vəziyyətdə idi. Biz demək olar ki, təkbaşına o böhranın öhdəsindən
gəlirdik. Düzdür, o vaxt - 2010-cu ilə qədər beynəlxalq donor
təşkilatları bizə yardımlar edirdilər. Amma təbii ki, o yardımlar 1
milyon insanın tələbatını ödəyə bilməzdi. Yəni, biz bunu təkbaşına
etmişik, bu sınaqdan çıxmışıq. Bu gün də köçkünlərin məşğulluğu,
yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür.
Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl
mənzillərə, evlərə köçüb. Ona görə, bəzi hallarda Yaxın Şərqdən köç
edən miqrantlara olan belə münasibət başadüşülən deyil.
Bunun digər tərəfi də var. Bu barədə də mən demişəm, bir daha demək
istəyirəm. Belə vəziyyət və xüsusilə Qərb mediasında miqrantlarla
bağlı gedən birtərəfli antitəbliğat ona gətirib çıxarır ki,
Avropada radikal partiyaların gücü, onlara səs verən əhalinin sayı
artır. Onlar getdikcə daha çox siyasi dəstək alırlar. Əgər bu, belə
davam edərsə, bir neçə ildən sonra onlar öz ölkələrində hakimiyyətə
gələ bilərlər. Belə olan halda necə olacaq? Belə olan halda
dinlərarası münasibətlər necə tənzimlənəcək? Bu gün Avropanın,
demək olar, bütün ölkələrinin rəsmi mövqeyi təbii ki, müsbətdir.
Avropa hökumətləri, onların bəziləri çalışır ki, miqrantlara
layiqli münasibət göstərilsin. Biz bunu da görürük və təqdirlə
qarşılayırıq. Ancaq bir daha demək istəyirəm, əgər dini zəmində bu
qarşıdurma və təbliğat davam edərsə, gələcəkdə biz çox böyük
problemlərlə üzləşəcəyik.
Azərbaycan, əlbəttə ki, dünya miqyasında o qədər də böyük ölkə
deyil. Ancaq bizim sözümüzün böyük mənası və çəkisi var. Ona görə,
şəxsən mən bütün bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini dünya
birliyinə çatdıranda, eyni zamanda, bunun həll yollarını da
göstərirəm. Həll yolları da Azərbaycan nümunəsidir. Nə üçün bu gün
bəzi ölkələrdə deyirlər ki, multikulturalizm iflasa uğrayıb,
multikulturalizmin gələcəyi yoxdur? Bu, səhv bir fikirdir. Baxın,
Azərbaycanda multikulturalizm yaşayır. Baxın, o qədər də böyük
müstəqillik tarixi olmayan, böyük çətinliklərlə üzləşən və işğala
məruz qalan, heç vaxt bu işğalçının dini mənsubiyyətinə işarə
vurmayan ölkə görün, bu məsələləri necə tənzimləyir. Nəyə görə?
Çünki dövlət siyasəti aparılır. Bir daha demək istəyirəm, dövlət
siyasəti əsas rol oynayır. Digər tərəfdən, bizim din xadimlərimiz
bu istiqamətdə çox böyük rol oynayırlar. Xüsusilə şeyx
həzrətlərinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. O, həm
ölkə daxilində, həm MDB məkanında, dünyada Azərbaycanı tolerant,
bütün dinlərin birgə yaşadığı ölkə kimi təqdim edir. Bizim digər
din xadimlərimiz, - onlar burada əyləşiblər, - bu gün çıxış
edəcəklər. Mən onların fəaliyyətini yüksək qiymətləndirirəm.
Onların da çoxsaylı xarici səfərləri olur. Bu səfərlərdə də onlar
sadəcə olaraq Azərbaycan reallıqları haqqında danışırlar. Yəni, bu,
əsas amildir. Eyni zamanda, Azərbaycanın bu modelinin təməlində
əlbəttə ki, ictimai fikir də dayanır. Azərbaycan ictimaiyyəti də bu
siyasəti tam dəstəkləyir.
Ona görə biz bütün dini bayramları bir yerdə qeyd edirik. Bütün
mərasimlərdə bir yerdə iştirak edirik. Bu gün burada pravoslav,
yəhudi, katolik icmalarının rəhbərləri öz sözlərini deyəcəklər. Bu,
təbiidir, bu, belə olmalıdır. Ancaq əfsuslar olsun ki, bəzi
hallarda bəzi ölkələrdə biz bunu görmürük".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR