Yevda Abramov: “Prezidentin İrana səfəri yeni mərhələnin başlanğıcıdır”
Bizi izləyin

Nida.az

Yevda Abramov: “Prezidentin İrana səfəri yeni mərhələnin başlanğıcıdır”

“Prezident İlham Əliyevin İrana səfəri daha çox iqtisadi əhəmiyyət daşıyır”.

Bunu Publika.az-a Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının üzvü, yəhudi əsilli deputat Yevda Abramov bildirib.

Onun sözlərinə görə, səfər zamanı Azərbaycanla İran arasında bağlanan müqavilələr daha çox bölgədə tranzit nəqliyyat layihələrinin reallaşdırılması, karbohidrogen ehtiyatlarının nəqli və digər bu kimi sahələri əhatə edir.

Y.Abramov vurğulayıb ki, bu səfər siyasidən daha çox iqtisadi tutumludur: “Yəqin ki, bu səfərlə bağlı ekspertlər də öz rəylərini bildirəcəklər. Hələlik səfərin konkret məqsədləri ilə bağlı mətnlər bizə çatmayıb. Hələlik biz dəqiq bilmirik ki, İranın Ermənistan üzərindən Gürcüstana verməsi nəzərdə tutulan təbii qazla bağlı məsələ səfər zamanı necə həll edilib. Əgər Gürcüstana veriləcək İran qazının Azərbaycan ərazisindən keçməsi ilə bağlı razılıq əldə olunubsa, o zaman bu səfərin siyasi əhəmiyyəti daha böyük olacaq.

Əgər İran Gürcüstana qazı Azərbaycan üzərindən verməyə razı olmazsa, o zaman bu, bir daha onu göstərir ki, İran işğalçı Ermənistana hələ də havadarlıq edir və bu siyasətindən əl çəkmir. Azərbaycanın daha sərfəli şərtlərlə Gürcüstana təbii qaz verməsinə baxmayaraq, Gürcüstan bəzən Rusiya, bəzən də İranla gizli sövdələşmələrə gedir. Prezident İlham Əliyevin İranda apardığı təkbətək danışıqlarda bu məsələlər də müzakirə oluna bilər”.

Deputat qeyd edib ki, bütövlükdə, Rusiya müdafiə nazirinin səfərindən dərhal sonra Prezident İlham Əliyevin İrana səfəri və bu ölkə ilə 11 sənədin imzalanması region üçün böyük əhəmiyyət daşıyır: “Bir sıra məsələlərin aydınlaşdırılmasında bunun böyük rolu vardır. Bilirsiniz ki, bu gün Suriyada baş verən problemin həlli daha çox Rusiya və İrandan asılıdır. Yəqin ki, Prezident İlham Əliyevin Tehrana səfəri İranla Azərbaycan arasında münasibətlərin yeni mərhələyə çıxmasına səbəb olacaq.

Mən bu yaxınlarda İsrail prezidenti ilə görüşüm zamanı da dedim ki, Azərbaycan İran və digər qonşuları ilə əbədi olaraq qonşudur. Yəni, bu, bir diş ağrısı deyil ki, xarab olan dişimizi çıxarıb ataq. Biz qonşularımızla əbədi olaraq yaşamağa məcburuq. Ona görə də dünyada baş verən proseslər konteksində Azərbaycanın da öz xarici siyasətində müəyyən düzəlişlər etməsi vacibdir. Biz dost və qonşu ölkələrlə münasibətləri ilk növbədə xalqımızın və dövlətimizin maraqları naminə daim qoruyub saxlamalıyıq, daim öz bərabərhüquqlu və müstəqil siyasətimizi davam etdirməliyik. Çünki ətrafımızda Azərbaycanı istəməyən düşmən qüvvələr həddindən artıq çoxdur. Bunların sayını isə artırmaq deyil, azaltmaq lazımdır. Bu mənada bu cür səfərlərin mütəmadi olaraq təşkil olunması ölkələrə ziyandan çox xeyir verə bilər. Ona görə də mən Prezident İlham Əliyevin İrana səfərini alqışlayıram və əhəmiyyətli hesab edirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm