Azərbaycanın “agenti”ndən ittihamlara sərt CAVAB
Bizi izləyin

Nida.az

Azərbaycanın “agenti”ndən ittihamlara sərt CAVAB

İsrailin keçmiş xarici işlər naziri, “Bizim evimiz İsrail” partiyasının lideri Aviqdor Liberman onu “Azərbaycanın agenti” olmaqda ittiham edən solçu MERETZ partiyasının lideri Zaava Qalyona cavab verib.

Publika.az xəbər verir ki, A. Liberman Z. Qalyonun əslində bu ittihamlarla özünü ifşa etdiyini bildirib: “Onun məntiqi absurddur. Bu, 1937-ci ili xatırladır. O vaxt NKVD (SSRİ-nin Daxili İşlər üzrə Milli Komissarlığı) istintaqa cəlb etdiyi insanların hansı dili bildiklərini öyrənir və latın dilini bilənlərə “latın casusları” damğasını vururdu. Qalyon məni bu məntiqlə ittiham edir. Onda mən rumın dilini bilirəm, deməli, Azərbaycanın yox, Rumıniyanın casusuyam”.

A. Liberman bütün bu ittihamları cəfəngiyat adlandırıb.

“Bu ağılsız adam, görünür, Azərbaycan-İsrail münasibətlərinin əhəmiyyətini anlamır. Buna təəccüblənmək lazım deyil. Axı sol radikallar Fələstinin bütün istəklərinin qəbul edilməsini istəyirlər. Bu, onların adi yanaşmasıdır. Azərbaycanla İsrailin əlaqələrini qiymətləndirmək üçün isə bu haqda ətraflı məlumata sahib olmaq lazımdır”, - deyə o bildirib.

Azərbaycanın coğrafi strategiyasının, ölkəmizdə yaşayan yəhudi icmasının və dövlətin onlara diqqətini, eləcə də İranla münasibətlərdə Bakının önəmini irəli sürən Liberman indiyə qədər Azərbaycanla qurduğu əlaqələrdən danışıb: “Mən yalnız İsrail dövlətinin maraqlarını düşünürəm və əgər buna görə mənim Azərbaycanla əlaqələrdə ittiham edirlərsə, bundan ancaq fəxr edə bilərəm”.

A. Liberman əlavə edib ki, Z. Qalyon və onun tərəfdarları xaricdən müxtəlif maliyyə vəsaitləri əldə etdiyi üçün onun lideri olduğu partiyanın Knessetə təqdim etdiyi “Xarici agentlər haqda” qanun layihəsinə qarşı çıxıb: “Onlar ağızları köpüklənə-köpüklənə bizim layihəmizi pisləməyə başladılar və məni “agent” adlandırdılar. Qalyon və onun dostlarına çox yaraşan qədim bir məsəli xatırladacam: it hürər, karvan keçər. Onlar hürəcəklər, amma biz İsrail dövlətinin xeyrinə çalışacaq, onun müdafiəsini gücləndirəcək və beynəlxalq nüfuzunu möhkəmləndirəcəyik. Hər kəs öz qabiliyyəti üzrə bacardığını edəcək”.

Qeyd edək ki, Z. Qalyon haqda yayılan məlumatlarda onun ermənipərəst olduğu deyilir. Belə ki, Qalyon Knessetdə “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun layihəsinin müəlliflərindən biridir. Bir neçə ildir ki, İsrail parlamentində “erməni soyqırımı”nın tanınması yönündə fəal lobbiçilik edir. Onun rəhbərlik etdiyi partiya erməni maraqlarının qatı lobbiçisidir və Knessetdə “soyqırım”ın tanınması üçün çalışır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm