Arye Qut: Ohanyan, Sarkisyan və Koçaryan Xocalı soyqırımına görə cavab verməlidirlər
Bizi izləyin

Nida.az

Arye Qut: Ohanyan, Sarkisyan və Koçaryan Xocalı soyqırımına görə cavab verməlidirlər

Martın 31-də Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə “Soyqırımlara son deyək” mövzusunda beynəlxalq konfrans keçirilib.

1918-ci il martın 31-də erməni-daşnak silahlı dəstələri tərəfindən Bakıda və Bakı quberniyasında azərbaycanlıların soyqırımının 98-ci ildönümünə həsr edilmiş bu konfransda Azərbaycan, Türkiyə, İsrail, Gürcüstan, Moldova, İran və Özbəkistanı təmsil edən məşhur alimlər, tarixçilər, ekspertlər, ictimai xadimlər iştirak edirdi. Konfransın məqsədi həm Azərbaycanda, həm də bütün dünyada törədilmiş soyqırımlar barədə faktları yerli və beynəlxalq ekspertlər səviyyəsində birgə müzakirə etmək və bu reallıqları gənc nəslə çatdırmaqdır.

Çıxış edənlərin ümumi rəyinə görə, soyqırımların müzakirə edilməsi və araşdırılması təkcə tarixi məsələ deyil. Bu hadisələrin öyrənilməsi və gənclərə çatdırılması üçün həm alimlərin, həm də dövlət strukturlarının üzərinə böyük iş düşür.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut konfransın “Xalqların tarixində və dünyanın siyasi xəritəsində qalmış soyqırımı izləri. Tolerantlıq və multikulturalizm soyqırımlara qarşı mübarizə amili kimi” panelində çıxış edib. Arye Qut vurğulayıb ki, 1918-ci il martın 31-i Azərbaycan tarixində ən qanlı səhifələrdən biridir. Həmin gün Şaumyan başda olmaqla erməni quldur dəstələri qısa müddətdə 50 mindən çox müsəlman sakini – azərbaycanlıları, ləzgiləri, habelə yəhudiləri və başqa xalqların nümayəndələrini məhv ediblər.

İsrailli ekspert deyib: “Ermənilər tərəfindən törədilmiş soyqırımı nəticəsində təkcə Bakıda 20 minə yaxın dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib. Erməni-bolşevik dəstələri martın 30-dan aprelin 2-dək Bakıda minlərlə insanı öldürüb, çoxsaylı ziyarətgahları yandırıb, Bakı əhalisinin 400 milyon manat dəyərində əmlakını qarət ediblər. Kütləvi qırğın zamanı ermənilər Bakının ən böyük məscidi olan “Təzəpir” məscidinə toplardan atəş açıb, dünya memarlıq incilərindən biri sayılan “İsmailiyyə” binasını yandırıblar”.

1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə İstintaq Komissiyası kütləvi qırğınlarla bağlı çoxsaylı sənədləri toplayıb hökumətə təqdim etdi. 1919-cu ildə Azərbaycan parlamentində 31 mart tarixinin milli matəm günü kimi qeyd edilməsi haqda qərar qəbul olundu. Sovet dövründə bu hadisələr xalqın yaddaşından silindi, lakin Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra 31 mart hadisələri ilə əlaqədar tarixi sənədlər əsasında çoxsaylı tədqiqatlar aparılıb, kitablar nəşr edilib.

Arye Qut deyib: “İsrail dövlətinin vətəndaşı və yəhudi xalqının nümayəndəsi kimi vurğulamaq istəyirəm ki, Holokost yəhudi xalqının yaddaşından silinməyən dəhşətli faciədir. Bu, vəhşiləşmiş və azğınlaşmış faşist rejimi tərəfindən yəhudi xalqının alçaldılması, kütləvi surətdə məhv edilməsidir. Mən ilk dəfə bu barədə həmin qırğında bütün ailəsini və qohumlarını itirmiş babamdan eşitmişəm. O, Sovet Ordusu sıralarında Kiyevdən Berlinə qədər döyüş yolu keçib. Avropa yəhudilərinin faciəsi olan Holokost nəticəsində 6 milyon yəhudi məhv edilib. İkinci Dünya müharibəsinin sonunda nasistlər hətta ölüm düşərgələrinin izlərini yox ediblər. Sovet Ordusunun gəldiyi ərəfədə artıq basdırılmış insan qalıqlarının çıxarılması və ya məhv edilməsi haqqında şəhadətlər var”. Yerusəlimdə “Yad va-Şem” Milli Memorial Faciə və Qəhrəmanlıq Muzeyində təxminən 4 milyon faciə qurbanının şəxsi sənədləri saxlanılır. Məlumatların yarımçıq olması onunla bağlıdır ki, yəhudi icmalarını çox vaxt tamamilə məhv edirdilər. Öldürülənlərin adlarını deyə biləcək qohum, tanış, dost qalmırdı. Müharibə insanları pərən-pərən salmışdı və sağ qalanlar yaxınları ilə görüşəcəklərinə ümid edərək onların haqqında həyatlarını itirmiş kimi danışmaqdan çəkinirdilər. Qurbanlar sırasında nəyə görə məhz yəhudiləri göstərmək lazımdır - axı nasistlər bir çox xalqın nümayəndələrini də öldürüblər?! Bu barədə Nobel mükafatı laureatı, Osvensim nasist həbs düşərgəsində dustaq olmuş Eliezer Vizel çox dəqiq deyib: “Qurbanların hamısı yəhudi deyildi, lakin bütün yəhudilər nasistlərin qurbanı olublar”.

Eliezer Vizelin “Gecə” – Osvensim haqqında yəhudi oğlanın xatirələri kitabından sitat gətirmək istəyirəm: “Bütün həyatımı silinməz möhürlə uzun bir gecəyə çevirən ilk düşərgə gecəsini heç vaxt unutmaram. Bu tüstünü heç vaxt unutmaram... Vücudları gözlərimin qabağında aydın səma altında tüstü burulğanına çevrilən uşaqların simasını heç vaxt unutmaram. İnamımı külə çevirən bu alovu heç vaxt unutmaram. Mənim iradəmi qıran bu gecənin sakitliyini heç vaxt unutmaram. Hətta əbədi yaşamağa məhkum olsam belə, bunu unutmaram”.

İsrailli ekspert soruşur: “Nə üçün minlərlə insanın kütləvi qırğını və öldürülməsi XX əsrin sonu və XXI əsrin əvvəlində bütün başqa problemləri özünə çəkərək toqquşmaların, o cümlədən dini, mənəvi, siyasi qarşıdurmaların əsasında durur? Holokost mənim xalqımın faciəsidir, uzun müddət yasaq mövzu olmuş faciədir. Holokost dövründə on minlərlə yəhudi məhz Azərbaycanda özləri üçün ən təhlükəsiz sığınacaq tapıb, Azərbaycan xalqı da faşistlərin əlindən xilas olmuş bu yəhudiləri xeyirxahlıqla, səmimiyyətlə qəbul edib. Məhz buna görə də azərbaycanlılara qarşı törədilmiş qanlı Xocalı soyqırımı da mənim şəxsi ağrım və şəxsi faciəmdir. Elə coğrafi adlar var ki, xəritədəki nöqtədən olduqca böyük məna kəsb edir. Bu, qəddarlığın və vəhşiliyin rəmzinə çevrilən Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi kənd və şəhərlərdir. Keçən əsrin 90-cı illərinin sonunda bu siyahıya Azərbaycanın Xocalı şəhəri də əlavə edildi. Bu faciə bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Artıq bu bir tarixi faktdır ki, erməni silahlı qüvvələri və dəstələri şəhəri tərk etməyə macal tapmayan heç bir Xocalı sakininə aman verməyiblər. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürülüb, görünməmiş əzablara, təhqirlərə və alçaltmalara məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən, kütləvi məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. Mənə deyin görək, XXI əsrin erməni faşistləri XX əsrin 40-cı illərinin alman faşistlərindən nə ilə fərqlənir?”.

İsrailli ekspertin sözlərinə görə, “günahsız uşaqlara, qadınlara və qocalara qarşı törədilən bu vəhşiliyi heç nə ilə izah etmək olmaz. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır”.

Arye Qut deyib: “Bu faktdır ki, Ermənistanda Dro və Njdeyə böyük pərəstiş yaranıb. Onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistan paytaxtında isə Qaregin Njdenin adını daşıyan meydan var. Qeyd edək ki, pərəstiş hər hansı kənar siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir, bunun arxasında dövlət durur. İş o yerə çatıb ki, Ermənistanda KTMT Akademiyası yaradıldıqdan sonra Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji Tədqiqatlar İnstitutu yeni qurumla əməkdaşlıq etmək istədiyini bildirib. Düşünürəm, Ermənistan Müdafiə Nazirliyi yanında Milli Strateji Tədqiqatlar İnstitutuna 30 mindən çox yəhudini qırmış bir faşistin və antisemitin adının verilməsi artıq son həddir”.

İsrailli ekspertin fikrincə, Ermənistandakı millətçilik və şovinizm Sarkisyan rejiminin mahiyyətini əks etdirən əlamətlərdir. Ermənistandan fərqli olaraq Azərbaycanda multikulturalizm həyat tərzi hökm sürür.

Ekspert Arye Qut çıxışının sonunda deyib: “Azərbaycanda yəhudi icmasına qardaşcasına səmimi münasibət ölkə tolerantlığının parlaq nümunəsidir. Məşhur Qırmızı qəsəbədə bu gün təxminən 5 min yəhudi yaşayır. Qəsəbədə üç məktəb və üç sinaqoq fəaliyyət göstərir. Bununla öyünməyə dəyər. Burada ivrit dilinin öyrənilməsi, iuadizmə aid artefaktlar və maddi-mədəniyyət nümunələri, Azərbaycan xalçalarının zəngin naxışları, müxtəlif mədəniyyətlərin və xalqların qaynayıb-qarışması – bütün bunlar mədəni tolerantlığa möhkəm və etibarlı töhfədir. Bu gün Azərbaycan bunlara real şəkildə nail olub. Qədim Qırmızı qəsəbə Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayır. Onların taleləri ortaqdır, buna görə də təsadüfi deyil ki, 1918-1919-cu illərin faciəli hadisələri zamanı erməni daşnaklar Azərbaycan şəhərlərində qanlı qırğın törədəndə azərbaycanlılarla bərabər 3 min yəhudi həlak olub. İsrail ilə Azərbaycan arasında, azərbaycanlı müsəlmanlarla azərbaycanlı yəhudilər arasında münasibətləri sadəcə qarşılıqlı maraqla izah etmək mümkün deyil. Müasir qarşılıqlı münasibətlər ortaq dəyərlərə və ortaq tarixə əsaslanır. Sıx insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq əzmi hər iki ölkəni zənginləşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm