Nida.az
Bakıda qapalı Qarabağ görüşü: “Lavrov planı” işə düşür - TƏHLİL
Kremlin “diplomatik artilleriyası” – Sergey Lavrov dünən axşam
saatlarında Bakıya gəldi. Əslində Rusiyanın baş diplomatının
aprelin 7-də Azərbaycana səfəri planlaşdırılmışdı. O, azərbaycanlı
həmkarı Elmar Məmmədyarov və İran xarici işlər naziri Cavad Zəriflə
üçtərəfli görüş keçirməli, regional prosesləri, xüsusilə
“Şimal-Cənub” nəqliyyat dəhlizi məsələlərini müzakirə edəcəkdi.
Lakin aprelin 2-də cəbhədə başlayan “lokal müharibə” planları
alt-üst etməklə yanaşı, səfər proqramının dəyişməsinə də səbəb
oldu. Lavrov nəzərdə tutulan vaxtdan bir gün öncə - aprelin 6-da
Bakıya gəldi və Azərbaycan Prezidenti ilə günün ikinci yarısında
bir neçə saat çəkən görüş keçirdi. Rəsmi məlumatda ikitərəfli
münasibətlər və Dağlıq Qarabağda yaranmış vəziyyətin müzakirə
edildiyi deyilir. Lakin əsas müzakirələr bağlı qapılar arxasında
olub.
Lavrov Bakıya özü ilə Qarabağ münaqişəsinə dair mühüm
yenilikləri də gətirib. Proseslərin analizi bunu deməyə
əsas verir.
Aprelin 2-də erməni hərbi birləşmələrinin mövqelərimizə təxribat
hücumu nəticəsində döyüşlər başladı. Bu hücumların Azərbaycan
Prezidenti İlham Əliyevin Vaşinqtion səfəri ilə bağlantılarının
olması aydın görünürdü. Xüsusilə İlham Əliyevin Vaşinqtonda dövlət
katibi Con Kerri ilə Sarkisyansız Qarabağ müzakirəsi, Vaşinqtonun
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, dolayısı ilə
Ermənistanın işğalçı olmasına işarə etməsi və rəsmi İrəvanın erməni
lobbisi ilə okeanın o tayında qurduqları planın baş tutmaması
cəbhədəki toqquşmalara rəvac verdi. (http://publika.az/p/131224). Lakin
itirən Ermənistan oldu. Həm hərbi itkilər, həm də coğrafi olaraq
düşmən tərəfi məğlub duruma düşdü. Və aprelin 5-nə qədər sadəcə
bəyanat verməklə kifayətlənən Moskva qəfil prosesə daxil oldu.
Atəşin dayandırılması haqda razılıq əldə olundu.
Atəşin dayandırılması ilə işğal olunmuş ərazilərin azad olunması
prosesində hərbi variant müvəqqəti olaraq təxirə salınsa da,
səhnənin arxasında cərəyan edən siyasi proseslər ərazi
bütövlüyümüzün bərpasında diplomatik variantların qalmasına ümidlər
yaradır. Bu, bir qədər uzun, amma daha az itkisi olan yoldur.
Hər şeydən öncə Lavrovun səfərinin altqatını təşkil edən
“atəş niyə dayandırıldı” sualı maraqlıdır. Bu
sualın cavabı münaqişəyə dair yeniliklərin olması fikrini müdafiə
edir. Burada lokal və regional amilləri var.
Lokal amillər: Ermənistan
a) Aprelin 2-də başlanan döyüş Ermənistanın istədiyi ssenari üzrə
davam etmədi və Azərbaycan Ordusu əks-həmlə ilə iki kənd və bir
neçə yüksəkliyi azad etdi. Döyüşlərin başlanmasından bir gün sonra
rəsmi Bakı birtərəfli qaydada atəşi dayandırsa da, qarşı tərəf
hücum etməkdə davam etdi. Azərbaycanın növbəti əks-həmləsi
Ermənistan üçün daha ağır nəticələr verdi. Düşmən tərəfinin bir
neçə yüz canlı qüvvəsinin, yüzə qədər hərbi texnikasının məhv
edildiyi müxtəlif mənbələrdə təsdiqini tapdı. Hesab etmək olar ki,
Ermənistan daha az itki ilə vəziyyətdən çıxmaq üçün atəşkəsdə
maraqlı olub.
b) Ermənistanın arxalandığı Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) iki əsas üzvü – Qazaxıstan və Belarus
Azərbaycanı dəstəklədi. Rusiya isə seyrçi mövqeyini qorudu. Bu,
döyüşlərin genişmiqyaslı müharibəyə keçəcəyi təqdirdə İrəvanın tək
qalacağı və qısa müddətdə məğlub olacağı demək idi.
c) Ermənistanın bununla əlavə vaxt qazanmaq hiyləsinə əl atdığı da
ortadadır. Atəşkəs elan olunmağına baxmayaraq, qarşı tərəfin
Azərbaycan Ordusunun mövqelərini, həmçinin, yaşayış məntəqələrini
atəşə tutması da bu hiylənin tərkib hissəsidir. İrəvanın bu hiyləsi
münaqişəni yenidən “dondurulmuş” vəziyyətə salmağa hesabalanmış
addım ola bilər.
Lokal amillər: Azərbaycan
a) Azərbaycan qarşı tərəfin başlatdığı lokal müharibədə ilkin
məqsədinə nail oldu. Müəyyən ərazilər düşməndən təmizləndi.
Ermənistana işğal etdiyi ərazilərdə möhkəmlənə bilməyəcəyi real
olaraq çatdırıldı. Beynəlxalq ictimaiyyət münaqişənin “donmuş”
olmadığını anladı və diqqəti bura cəmləndi. Bu manevrlə 20 ildir
yerində sayan danışıqlar prosesi “yuxudan oyandırıldı”.
b) Azərbaycan Ordusunun daha da irəli getmək imkanı olsa da,
real dünya prinsiplərində bunu etmək yetərincə riskli görünür.
Xüsusilə hərbi müharibə ilə paralel diplomatik müharibənin də
aparılmasının vacibliyi müəyyən qədər ehtiyatlılığı ön plana
çıxarır. Burada beynəlxalq situasiyanı, eləcə də regional faktoru –
Rusiyanı nəzərə almamaq praqmatik gediş olmazdı.
c) Lakin rəsmi Bakı bu addımı şərtlə atıb: Ermənistan danışıqlar
masasında konstruktiv davranacaq və münaqişənin beynəlxalq hüquq
çərçivəsində real həll prosesi başlanacaq. Əks təqdirdə... Hərb
variantı real şəkildə gündəmdədir.
Regional amillər: Moskvanı hərəkətə keçirən
situasiya
Dörd gün davam edən lokal müharibəyə Moskvanın öncə kənardan,
sonra birbaşa müdaxiləsinin öz maraqları kontekstində olduğu
bəllidir.
1. Rusiya sərhədləri yaxınlığında yeni müharibə istəmir. Xüsusilə
ağır Suriya müharibəsindən sonra Ukraynada hər an yeni toqquşmalara
qoşulmağa hazırlaşan, eləcə də Qərblə mübarizənin açıq müstəviyə
keçdiyi bir vaxtda ölkənin iqtisadi və hərbi sənayesi yeni döyüş
bumunu qaldıra bilməz.
2. Döyüşlərin genişmiqyaslı müharibəyə keçməsi halında Rusiya hərbi
müqavilələrə görə Ermənistana dəstək verməli idi. Bu isə ən azından
iki amil baxımından təhlükəlidir: Bakını tamamilə itirmək; Türkiyə
və dolayısı ilə NATO ilə üz-üzə gəlmək;
3. Rusiya təcili müdaxilə etməyəcəyi təqdirdə prosesə Qərbin
qoşulacağı ehtimalı böyük idi. Bu isə Moskvanın münaqişə üzərində
təşəbbüsü əldən verməsi, perspektivdə isə Cənubi Qafqaza əsas giriş
açarlarından birinin itirilməsi ilə nəticələnə bilərdi.
Bu, üç əsas faktor Kremli dərhal hərəkətə keçirən səbəblərdir.
Burada Qərbin Rusiya ilə nisbətdə bir qədər sönük qalması da diqqət
çəkir.
Qərb – ABŞ: Ya Rusiyanın regiona, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinə təsir rıçaqları ondan daha güclüdür, ya Vaşinqton təşəbbüsün kimin əlində olmasınadan asılı olamayaraq, regionda sabitlik istəyir, ya Cənubi Qafqaz regionundan daha prioritet məsələlər var, ya da ABŞ daha uzaqmənzilli planlara sahibdir.
Burada hansı ehtimalın daha güclü olduğunu irəli sürmək çətin
olsa da, bu ehtimalların bir-biri ilə üzvü şəkildə bağlı olduğu
demək olar.
Mövcud situasiyada isə Rusiyanın təşəbbüsü tamamilə ələ aldığı
görünür və bunun Azərbaycanın nöqteyi-nəzərindən nə dərəcə sərfəli
olduğu sual altındadır. Amma baş verənlər fonunda diplomatik
görüşlərin sıxlığı bəzi ümidləri də qanadlandırır.
Diplomatik trafik: Sergey Lavrov dünən Bakıya
gəldi və Prezident İlham Əliyevlə bağlı qapılar arxasında
müzakirələr apardı. Rusiya baş naziri Dmitri Medvedyev isə bu gün
İrəvana səfər edəcək. Sabah – aprelin 8-də Medvedyev İrəvandan
Bakıya gələcək, Ermənistan xarici işlər naziri Eduard Nalbanydan
isə Moskvaya gedəcək. Görünür, Lavrov rəsmi Bakıda, Medvedyev
İrəvanda müzakirələr aparır. Dmitri Medvedev İrəvandakı müzakirələr
haqda Bakıya məlumat verəcək, Lavrov isə Moskvada Azərbaycanın
mövqeyini Nalbandyana diktə edəcək.
Diplomatik trafikin sıxlığı Rusiyanın münaqişəyə dair hansısa planının olduğu ehtimalını gücləndirir. Planda nələrin əksini tapdığını demək olmasa da, bunun ötən ildən mövcud olan “Lavrov planı” olması ehtimal var. Hansı ki, Prezident İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiya XİN rəhbərinin münaqişəyə dair konstruktiv təkliflər irəli sürdüyünü açıqladı. Bu təkliflərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prinsipi də öz əksini tapıbmış. Lakin Ermənistanın imtina etməsi prosesi dayandırıb.
“Lavrov planı”: Bunun detalları bəlli deyil.
Lakin ötən il meydana çıxan planda münaqişənin Bakının mövqeyi
kontekstində həlli prinsiplərinin olması haqda məlumatlar
yayılmışdı. Xüsusilə Rusiya mediası Kremldəki mənbələrə istinadən
bəzi detallar açıqlamışdı.
- İşğal olunmuş Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ən azı 5-i
qaytarılır.
- İki rayonun qaytarılması prosesi başlanır.
- Laçın dəhlizi müvəqqəti olaraq saxlanılır.
- Sonrakı mərhələdə Dağlıq Qarabağın statusu üzərində danışıqlar
aparılır.
- Bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi məsələsi də
gündəmdədir.
Bu, mediaya sızan detallardır və nə dərəcədə etibarlı olduğunu
demək çətindir. Amma dünən Rusiya prezidenti Vladimir Putinin
Qazaxıstan prezidenti Nursultan Nazarbayeva zəng etməsi, ardınca
Nazarbayevin İlham Əliyevlə telefon danışığı da bir məqamı aydın
şəkildə ifadə etdi: Rəsmi Bakı atəşkəsə öz şərtlərini diktə etməklə
razı olub. Putinin Nazarbayev üzərindən də İlham Əliyevlə təması bu
mənada diqqət çəkir.
Bütün baş verənlər Ermənistanın güzəştə məcbur ediləcəyi
fikrinin üzərində cəmləşir, əgər Rusiya regionda ləkə olan bu
ölkənin lazımsızlığını özünə qəbul etdirərsə. Yaxın dövrdə baş
verənlər daha aydın görünəcək.
Asif Nərimanlı
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi