Ermənistandan Pan Gi Muna şikayət olundu - MÜRACİƏT
Bizi izləyin

Nida.az

Ermənistandan Pan Gi Muna şikayət olundu - MÜRACİƏT

Dünya Azərbaycanlıları Assambleyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Baş katibi Pan Gi Muna, Avropa Parlamentinin prezidenti Martin Şultsa, ATƏT-in fəaliyyətdə olan sədri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayerə, ATƏT Parlament Assambleyasının prezidenti İika Kanervaya müraciət ünvanlayıb.

Assambleyadan Publika.az-a daxil olan müraciətdə Ermənistan silahlı birləşmələrinin bir neçə gün öncə Dağlıq Qarabağda atəşkəsi pozmasına diqqət çəkilir: “Beynəlxalq təşkilatlar hər iki münaqişə tərəfini atəşkəsə əməl etməyə, sülh prosesini davam etdirməyə çağırıblar. Beynəlxalq qurumların, dünyada sabitlik siyasətini anlayırıq. Həm də onu anlayırıq ki, Avropa öz sərhədlərində yeni münaqişə ocaqlarını görmək istəmir. Ancaq 22 ildir imzalanmış sülh müqaviləsindən sonra aparılan danışıqlar nəticə vermir, Ermənistan hazırkı status-kvonun davam etməsində maraqlıdır. Bu gün tarixi, coğrafi faktlar, beynəlxalq hüquq normaları bir daha sübut edir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir”.

Müraciətdə qeyd olunur ki, ərazisinin bütövlüyü, suverenliyi hər bir ölkənin bölünməz və müzakirə edilməz məsələsidir.

“Bir anlıq öz ölkənizdə bu hadisələrin törədildiyini təsəvvür etsəniz, mənzərə gözünüzün önündə canlanar. Dağlıq Qarabağ Ermənistanın müstəqil şəkildə törətdiyi bir problem deyildir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir məsələ düşündürür. Bu ədalətsizliyə nə zaman son veriləcək? Nə zaman Ermənistanın Xocalıda, Dağlıq Qarabağın bir çox bölgələrində baş verən etnik təmizləmə siyasətinə hüquqi qiymət veriləcək? Baş verməyən “erməni soyqırımı”nı tanıyan dövlətlər və qurumlar nə zaman Ermənistanın Xocalıda törətdiyi soyqırımını tanıyacaq? Bir daha xatırlatma üçün deyək ki, Dağlıq Qarabağ tarix boyu Azərbaycan tərkibində bir vilayət olub. Sovet imperiyasının çöküşündən sonra özünün qeyri-qanuni müstəqilliyini elan edib. Əlbəttə ki, bu məsələdə kənardan dəstəklə daha da cəsarətlənmiş Ermənistan dövləti Azərbaycanın ərazi bütövlüyünü qəsb etdi. Sizlərdən tələbimiz və ricamız budur ki, Ermənistanın işğalçı, etnik təmizləmə siyasətinə hüquqi qiymət verəsiniz. Bunu eyni zamanda beynəlxaq qanunlar tələb edir”, - deyə müraciətdə bildirilir.

Beynəlxalq hüquq

1. BMT – nin Baş Assambleyasının 2625 qərardarı (millətlər və xalqlar bir birinin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə yanaşmalı) və BMT Nizamnaməsinin 1-ci maddəsində göstərildiyi kimi sülhün və beynəlxalq təhlükəsizliyin qorunması əsas prinsip olaraq qəbul olunur.

2. Bildiyiniz kimi beynəlxalq humanitar hüquq hərbi əməliyyatlar zamanı insan həyatının, xüsusi ilə də mülki şəxslərin həyatının qorunması ilə mükəlləfdir ki, bu qaydalarda özünün bir sıra beynəlxalq aktlar və hüquqlarda tanınmışdır. Məsələn, 1907-ci ildə qəbul olunmuş “Hay qaydaları”, 1949-cu ildə qəbul olunmuş 4 Cenevrə konvensiyalarını buraya aid etmək olar

3. BMT-nin 1970-ci ildə qəbul olunmuş Bəyannamənin əsas prinsipləri olan dövlətlərin suveren bərabərliyi, güc tətbiq etməmək və ya güclə hədələməmək, həmçinin, Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1 avqust 1975-ci il tarixli Yekun aktının sərhədlərin toxunulmamazlığı, dövlətlərin ərazi bütövlüyü, əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipləri pozulubdur.

Müraciətdə Ermənistanın Xocalıda törətdiyi soyqırımı aktına xüsusi diqqət çəkilir: “25–26. 02.1992-ci il tarixində Xocalı şəhərinə daxil olan Ermənistan silahlı qüvvələri orada bir millətə qarşı soyqrımı siyasətini tətbiq dib, 2500 nəfər sakini olan rayonda 8 ailə tamamilə, 63 kiçik yaşlı uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla qəddarlıqla öldürülüb, bundan başqa yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Bu hadisə ilə Ermənistan hakimiyyəti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyanın tələbləri və prinsipləri ciddi şəkildə pozubdur. Yuxarıda göstərilən prinsipləri və səbəbləri əsas götürərək, sizdən bu məsələyə hüquqi qiymət vermənizi tələb və eyni zamanda rica edirik. Əks halda edilən müraciətlərə susqun cavabınız bu haqsızlığa laqeyd yanaşmanızı ortaya qoyacaqdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm