Fərqli şəhid məzarları -TƏKLİF
Bizi izləyin

Nida.az

Fərqli şəhid məzarları -TƏKLİF

“Azərbaycanda şəhid məzarlarının digər məzarlardan seçilməsi və əbədiləşdirilməsi ilə bağlı Yeni Azərbaycan Partiyasına (YAP) bir sıra təkliflər daxil olub”.

Bunu Publika.az-a açıqlamasında YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov söyləyib.

Deputat deyib ki, artıq Azərbaycanda bu məsələ ilə bağlı müvafiq qanun qəbul edilib. Onun sözlərinə görə, həmin qanuna uyğun şəkildə müvafiq orqanlar özlərinin təkliflərini təqdim etməlidir: “Bizə daxil olan təkliflərdən bəzilərində deyilir ki, şəhid məzarının baş daşında Azərbaycan bayrağı əks olunsun. Bəziləri isə təklif edir ki, şəhid məzarında Azərbaycan bayrağı ucaldılsın və sairə. Hazırda bu cür müxtəlif təkliflər mövcuddur. Ancaq bu məsələ ilə bağlı müvafiq dövlət orqanları konkret formanı təqdim etməlidir, həmin forma əsasında da yerlərdə şəhidlərin qəbirüstü abidələri götürülməlidir”.

S.Novruzov qeyd edib ki, bu ilin aprelində cəbhə xəttində erməni silahlı bölmələrinin Azərbaycanın mülki əhalisinə qarşı iriçaplı silahlardan atəş açması və buna layiqli cavab verən zaman şəhid olan Azərbaycan hərbiçilərin cənazələrinin bir çoxu Şəhidlər xiyabanında deyil, doğulduqları bölgələrdəki ata-baba qəbiristanlarda dəfn olunub: “İndi bununla bağlı müxtəlif təkliflər daxil olur. Həmin təkliflər şəhid məzarlarının digər məzarlardan seçilməsi ilə bağlıdır. Dünya ölkələrinin təcrübəsində, o cümlədən ABŞ və Türkiyədə bu cür formalar var. Misal üçün, qardaş Türkiyədə şəhid məzarı üzərinə ay-ulduz lövhəsi vurulur.

Azərbaycanda qanunvericiliyə uyğun olaraq, bu məsələlər Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə və yerli icra hakimiyyətlərinə həvalə olunub. Zərurət yarandığı halda isə Nazirlər Kabineti bu məsələ ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verə bilər”.

Komitə sədri xatırladıb ki, hələ Ümummilli Lider Heydər Əliyev Ali Sovetin sədri seçiləndə və prezident səlahiyyətlərini həyata keçirəndə “Azərbaycanda şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun qəbul edilib: “Həmin qanunda da göstərilir ki, şəhid qəbirüstü abidələri və xatirə kompleksləri yaradıla, meydanlara, küçələrə, məktəblərə, mədəni maarif ocaqlarına şəhid adları verilə bilər.

Birinci Qarabağ müharibəsi dövründə şəhidlərin abidələrinin əbədiləşdirilməsi üçün Bakı və rayon mərkəzlərində Şəhidlər xiyabanı salınıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm