İrandan Qarabağ fitvası: “O torpaqlarda ölən azərbaycanlılar şəhiddir” – FOTOLAR/ÖZƏL
Bizi izləyin

Nida.az

İrandan Qarabağ fitvası: “O torpaqlarda ölən azərbaycanlılar şəhiddir” – FOTOLAR/ÖZƏL

İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri, diplomat Seyid İbrahim İbrahimi Azərbaycanı 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı təbrik edib.

Seyid İbrahim İbrahimi Publika.az-a açıqlamasında deyib ki, İran və Azərbaycan qədim ortaq tarixə və dinə mənsub olan dövlətlərdir: “Mən ilk növbədə “Multikulturalizm ili”i münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Əslində bu, Azərbaycanda çoxdan elan edilməli idi. Çünki Azərbaycanın yürütdüyü siyasət dostluğu, sülhpərvərliyi və əmin-amanlığı çağırış edir. Elə bu siyasəti İran İslam Respublikası da həyata keçirir. Bu gün İran və Azərbaycanda olan sabitlik və təhlükəsizlik regionun heç bir ölkəsində yoxdur. Bunun əsas səbəbi də odur ki, Azərbaycan və İran multikulturalizmi təkcə sözlə deyil, əməllə də həyata keçirir. Ümumiyyətlə, tarixən Azərbaycan və İran multikultural dəyərləri, sülhü və dostluğu tərənnüm edib. Bu gün İran və Azərbaycan bir-biri ilə dost və qonşu ölkələrdir. Ölkələrimizdə tarixən bütün mədəniyyətlər mehriban və dostcasına birgə yaşayıblar. Amma çox təəssüf ki, bu gün dünyanın ayrı-ayrı bölgələrində münaqişələr, islamofobiya və xaos yaşanır. Həmin münaqişələr əksər hallarda Qərbin zorla məcbur etdiyi dinlərin qəbul edilməsi nəticəsində yaranır. İslamda isə zor, güc yoxdur. İslam dini özü multikultural dəyərləri ehtiva edir”.

Seyid İbrahim İbrahimi bu gün Qafqaz Universitetində təşkil olunan “VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı” ilə bağlı da ürək sözlərini də söyləyib: “Ümid edirəm ki, Azərbaycan ən yaxın zamanda bu cür festivalları Qarabağ torpaqlarında da keçirəcək. Azərbaycan və İran xalqları Qarabağın azad olunmağı ilə birgə sevinəcəklər və bunu qeyd edəcəklər. İnşallah Azərbaycan Qarabağ ərazisində də multikulturalizm festivalları təşkil edər, biz də gəlib həmin tədbirlər yüksək səviyyədə iştirak edərik”.

Diplomat qeyd edib ki, Azərbaycan və İranın yürütdüyü multikultural, sülhpərvər siyasət dünyanın bir çox dövlətləri və regionları üçün nümunə ola bilər.

Azərbaycanın işğalı altında olan ərazilərindəki mədəniyyət abidələri və məscidlərin Ermənistan tərəfindən dağıdılması məsələsinə də toxunan Seyid İbrahim İbrahimi bu cür hərəkətləri vandalizm adlandırıb: “İşğal altında olan torpaqlardakı məscidlər nə Azərbaycanın, nə də İranındır. Həmin abidələr Allah evləridir və müsəlmanların da əsas vəzifəsi onları qorumaqdır. Baxmayaraq ki, bəzi ölkələr özlərini “multikulturalizm dəyərlərinin daşıyıcısı” kimi göstərsələr də, əməllərində bunun tam əksini edirlər. Bütün bunlar isə multikulturalizmdən uzaq olan hərəkətlərdir. Əslində isə multikulturalizm odur ki, müxtəlif mədəniyyətlər daim məzlumun yanında, zalımın isə qarşısında olmalı və həmrəylik nümayiş etdirməlidir. Bu gün təkcə Qarabağda deyil, dünyanın ayrı-ayrı regionlarında da qədim İslam abidələri, məscidləri zorakılıqla dağıdılır, məhv edilir. Həmin ölkələr İslam mədəniyyətini öz adlarına çıxarmağa çalışırlar. Bu cür ölkələri zorakı, terrorçu hesab edirəm. Hər kəs məzlumun yanında olmalıdır. Bunu İslam dini də mədəniyyəti də buyurur. Mənim arzum odur ki, zorakılıq yolu ilə alınan, işğal edilən torpaqlar tezliklə azad olunsun və biz həmin torpaqların tezliklə sahiblərində olduğunu görək. Bundan sonra isə həmin torpaqlarda mövcud olan mədəniyyət abidələri və məscidlər bərpa edilsin. Bu gün Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox insan qaçqın vəziyyətinə düşüb. Allahdan arzum odur ki, həmin insanlar tezliklə öz doğma evlərinə qayıtsınlar”.

Seyid İbrahim İbrahimi İran Ali Dini liderinin Qarabağla bağlı fitvasının olduğunu da diqqətə çatdırıb: “İran Ali Dini liderinin fitvası var ki, Qarabağı müdafiə edən və bu torpaqlar uğrunda gedən müharibədə həlak olan Azərbaycan əsgərləri şəhiddirlər. Çünki Qarabağı müdafiə edənlər haqq mübarizəsi aparıb, öz torpaqlarını, abidələrini müdafiə edirlər. Ona görə də Qarabağda öz torpaqlarını müdafiə etmək yolunda həlak olan bütün Azərbaycan əhalisi bizim üçün şəhiddir. Mənə elə gəlir ki, bundan böyük fitva ola bilməz”.

Vasif Həsənli,

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm