Maliyyə hesabatı təqdim etməyən partiyalar – SİYAHI
Bizi izləyin

Nida.az

Maliyyə hesabatı təqdim etməyən partiyalar – SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2016-cı il üzrə bu günədək maliyyə hesabatını təqdim etməyən siyasi partiyaların adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, MSK sədri M.Pənahov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 4-ü Mərkəzi Seçki Komissiyasına 2015-2016-ci il üzrə maliyyə hesabatı təqdim etməyib: "Maliyyə hesabatı təqdim etməyən partiyalar Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası və Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasıdır. Həmin partiyaların hesabat verməmələrinin səbəbləri öyrənilir. Çalışacağıq ki, həmin partiyalar illik maliyyə hesabatlarını təqdim etsinlər. Bu, mümkün olmayacaqsa, Mərkəzi Seçki Komissiyası qanunvericilikdə nəzərdə tutulan addımları atacaq. Biz indiyədək hələ də çalışırıq ki, həmin siyasi partiyaları pis vəziyyətdə qoymayaq. Yaxşı başa düşürük ki, onlar da indi-indi bu proseslərdə uyğunlaşırlar. Çünki ötən illə müqayisədə bu il siyasi partiyaların maliyyə hesabatlarını təqdim etməsində irəliləyiş var. Bu, sevindirici haldır. Hesab edirəm ki, bütün siyasi partiyalar bu istiqamətdə məsuliyyətlərini başa düşəcəklər".

Xatırladaq ki, MSK-ya 2015-ci il üzrə illik maliyyə hesabatı təqdim etməyən partiyalardan üçü - Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası və Azərbaycan Vətənpərvərlər Partiyası 2014-cü il üzrə də maliyyə hesabatlarını təqdim etməyiblər.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidirlər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm