Tomas de Vall: “Qarabağda yeni müharibənin qarşını almaq mümkün olmayacaq”
Bizi izləyin

Nida.az

Tomas de Vall: “Qarabağda yeni müharibənin qarşını almaq mümkün olmayacaq”

"Aprel döyüşləri ilə Azərbaycan və Ermənistan yenidən müharibəyə qayıtdı və Qarabağ münaqişəsinin donu açıldı".

Publika.az xəbər verir ki, bu barədə "Karnegi" fondunun Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall "Karnegi Europe" saytında dərc olunan məqaləsində yazıb.

Ekspert qeyd edib ki, aprel döyüşləri 1994-cü ildən sonra ən qanlı toqquşma idi: "Rusiya tərəfinin prosesə müdaxiləsi ilə tərəflər aprelin 5-də atəşi dayandırdılar. Lakin bu Azərbaycanın tammiqyaslı müharibəsi deyildi. Hansı ki, Bakı ərazilərini qaytarmaq üçün güc yolunu heç vaxt istisna etməyib. Böyük ehtimalla bu döyüşlər status-kvonu silkələmək, münaqişəni beynəlxalq gündəliyə çıxarmaq və erməni tərəfinə təzyiq etmək məqsədi daşıyırdı. Azərbaycan ordusu bir sıra strateji yüksəklikləri geri qaytarmağı da bacardı. Bu döyüşlər Dağlıq Qarabağ ətrafında yeni təhlükəsizlik vakuumunu açdı. Mayın 16-da ABŞ, Rusiya və Fransa prezidentlərin Vyana görüşünü təşkil edərək, bu vakuumu doldurmaq üçün hərəkətə keçdi. Tərəflərə atəşkəsin möhkəmləndirilməsi, faktaraşdırıcı missiyanın genişləndirilməsi kimi təkliflər verildi. Bunların qəbulundan sonra münaqişənin nizamlanması üçün danışıqlar başlamalıdır. Bu danışıqların ötən il Sergey Lavrov tərəfindən korrektə edilən 2011-ci ildə qəbul edilmiş "Kazan düsturu" çərçivəsində aparılacağı gözlənilir. Lakin danışıqların növbəti mərhələsi haqda razılıq əldə olunsa da Qarabağda yeni müharibənin alovlanma riski böyükdür".

Onun sözlərinə görə, Qarabağ ətrafında təhlükəsizlik dilemması mövcuddur.

"Ermənistan Qarabağ ətrafı rayonları nəzarətdə saxlayaraq, özü üçün təhlükəsizlik buferi yaradıb. Vəziyyətin gərginləşməsinin əsas səbəblərindən biri də məhz budur. Digər tərəfdən, 1990-cı illərdə baş verən I Qarabağ müharibəsi zamanı işğal edilən bu ərazilərin qaytarılması məsələsini ermənilər arxa plana atmağa çalışır, əksinə, ora əlavə sakinlər yerləşdirərək, toponimlərin dəyişdirilməsi siyasətini aparırlar. Əslində münaqişənin həlli üçün güclü beynəlxalq razılaşmanın olması vacibdir. Lakin tərəflər arasında yeganə sənəd 1994-cü ildə imzalanmış atəşkəs sazişidir. Bunun özü də yarımçıqdır. Çünki tərəflər bu sazişi imzalayarkən, bir ay ərzində münaqişə zonasına sülhməramlıların və ATƏT missiyasının yerləşdirilməsinə dair siyasi razılığın hazırlanacağı haqda razılığa gəlmişdilər. O vaxt Rusiya öz sülhməramlılarının bölgəyə yerləşdirmək istəyirdi. Hər iki tərəfin buna qarşı çıxması ilə bu mümkün olmadı".

T. Vallın fikrincə regionda vəziyyət xeyli gərgindir: "Münaqişənin gələcəyi haqda proqnoz vermək çətindir. Ya yeni siyasi proses başlayacaq, ya da genişmiqyaslı müharibə olacaq. Bir şey faktdır ki, yeni müharibəni dayandırmaq daha çətin olacaq".

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm