Bayram Səfərov: “Ermənistan hakimiyyəti erməni icmasının bizimlə görüşməsinə imkan vermir”
Bizi izləyin

Nida.az

Bayram Səfərov: “Ermənistan hakimiyyəti erməni icmasının bizimlə görüşməsinə imkan vermir”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov ölkəmizdə səfərdə olan Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerin bu gün Bakının Ramana qəsəbəsində məskunlaşan şuşalı məcburi köçkünlərlə görüşünə münasibət bildirib.

B.Səfərov Publika.az-a açıqlamasında deyib ki, görüş çox səmərəli keçib: "Bu gün biz cənab Frank Valter Ştaynmayerlə Ramanada təqribən bir saatlıq görüş keçirmişik. Görüş zamanı biz şuşalılar olaraq ona bildirdik ki, Azərbaycan dövləti tərəfindən şuşalı məcburi köçkünlər üçün Şuşa şəhərciyi salınıb, məcburi köçkünlər üçün hər bir şərait yaradılıb. Ancaq məcburi köçkünlər Şuşaya, öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Görüşdə iştirak edən şuşalı məcburi köçkünlər də almaniyalı nazirə Ermənistanın işğalçılıq siyasətindən, Azərbaycanın tarixi torpağı olan Şuşa, Xankəndi və digər rayonlarımızın tezliklə geri qaytarılacağına olan inamlarından danışıblar".

Frank Valter Ştaynmayerin ötən gün İrəvanda Dağlıq Qarabağdakı separatçı erməni rejiminin rəhbəri Bako Sahakyanla görüşünə də toxunan B.Səfərov deyib ki, almaniyalı nazir Bako Sahakyanla erməni icmasının rəhbəri kimi görüşüb:

"Ermənistan tərəfi çox istəyirdi ki, Bako Sahakyanla Qarabağda görüşsün. Ancaq ermənilərin bu arzusu baş tutmadı".

B.Səfərov əlavə edib ki, Dağlıq Qarabağın icmaları arasında görüşə Azərbaycan tərəfi hər zaman hazırdır: "Ancaq Ermənistan hakimiyyəti erməni icmasının bizimlə görüşməsinə imkan vermir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm