Əli Həsənov: ''Ciddi islahatlar gözlənilir''
Bizi izləyin

Nida.az

Əli Həsənov: ''Ciddi islahatlar gözlənilir''

"Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu işə başlanılıb".

Bunu Teleqraf.com-un əməkdaşının referendumdan sonra ciddi siyasi islahatların mümkünlüyü barədə sualına cavabında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Əli Həsənov xatırladıb ki, 2016-cı il ölkədə prezident tərəfindən "İslahatlar ili" elan edilib: "İslahatlar artıq başlayıb. Azərbaycan postneft dövrünə əlbəttə, hazırlaşırdı, ancaq belə tez bir zamanda postneft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq, Prezident tərəfindən dərhal operativ, çevik islahatlar keçirilməsi təşəbbüsü irəli sürüldü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı dəmir yoluna buraxılıb. Bu işdə ölkənin bütün - həm inzibati, həm iqtisadi, həm insan resursları səfərbər edilməkdədir. Odur ki, referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda postneft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektli idarəçilik sisteminin yaradılması və mövcud idarəçilikdəki bürokratik mexanizmlərin aradan qaldırılmasıdır.

Referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa, digər tərəfdən, qarşıda ölkəmizi gözləyən vəzifələrlə bağlıdır. Çevik iqtisadi, siyasi idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal postneft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın və Azərbaycan xalqının firəvan həyatını təmin edək".

Müxalifətin aksiyaları və referenduma qarşı çıxması ilə bağlı sualı cavablandıran Əli Həsənov qeyd edib ki, onların vəzifəsi mövcud hakimiyyətə opponentlik etməkdir: "Opponentliyin müxtəlif formaları var. Sözlə ifadə etmək, insanlar qarşısında mitinq şəklində ifadə etmək mümkündür, yaxud mətbuatda açıqlamalar şəklində opponentlik etmək olar. Eləcə də seçki aksiyası və ya referendumu öz tərəfdarları ilə birlikdə boykot etmək də opponentlikdir. Mövcud hakimiyyətin vəzifəsi Azərbaycan xalqının ona verdiyi mandat çərçivəsində dövlətin idarəçiliyini yaxşı və effetkli həyata keçirmək, xalqın növbəti dəfə etimadını qazanmaq üçün onu maraqlarını ifadə etməkdir. Müxalifətin funksiyası isə yürüdülən siyasətə opponentlik etməkdir. Əlbəttə, arzu edirik ki, bu opponentlik həmişə sivil formada, qanunlar çərçivəsində həyata keçirilsin. Təəssüflər olsun ki, müxalifətçilərin də xarakteri fərqlidir: konstruktivi var, qeyri-konstruktivi var. İslahatçı və radikal xarakterli müxalifət var. Hər müxalifət, hər partiya öz liderinin xarakterinə uyğun olaraq siyasi fəaliyyət nümayiş etdirir. Müxalifət tənqid etməlidir, təftiş və opponentlik etməlidir, bu, onun funksiyasıdır. Biz isə xalqın iradəsini soruşmaq istəyirik. Referendum təşəbbüsü də xalqın iradəsinə söykənir. Əgər xalq bizi dəstəkləyəcəksə, deməli, prezident İlham Əliyevin təşəbbüsləri yaşamağa layiqdir və o, Azərbaycan xalqının dəstəyini o qazanıb. Yox dəstəkləməyəcəklərsə, o zaman müxalifətin dedikləri daha doğru və haqlıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm