Arif Hacılı: “Qurultayı çadırda keçirmək niyyətində deyilik” - Müsahibə
Bizi izləyin

Nida.az

Arif Hacılı: “Qurultayı çadırda keçirmək niyyətində deyilik” - Müsahibə

Arif Hacılı: “Qurultayı çadırda keçirmək niyyətində deyilik”-Müsahibə

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Publika.Az –a müsahibəsi


- Müsavat Partiyasının digər siyasi partiya və təşkilatlarla bir müddət əvvəl başladığı əməkdaşlıq məsələsi hazırda nə yerdədir?


- Əməkdaşlıqla bağlı müzakirələr davam edir. Eyni zamanda faktiki olaraq bir sıra ictimai, siyasi təşkilatlarla funksional əməkdaşlıq edirik. Aprelin 28-də Müsavatın qərargahında Rusiya təhlükəsi ilə bağlı keçirilən toplantıda da Müsavatdan başqa bir sıra partiyaların, ictimai təşkilatların rəhbərləri, nümayəndələri iştirak edirdilər. Bu tipli əməkdaşlıq prosesi də bundan sonra davam edəcək.


- Bu toplantıdan sonra Müsavatın müxalifət daxilində yeni birlik formatı irəli sürdüyü ehtimalları irəli sürüldü.


- Bu ümummilli mövzudur. Azərbaycana daima Rusiyadan təhlükə var. Son dövrlər Rusiyanın imperiya ambisiyaları daha qabarıq şəkildə özünü biruzə verməyə başlayıb. Xüsusilə Ukraynada baş verən proseslər, Rusiyanın bir sıra ictimai-siyasi xadimlərinin, ziyalılarının səsələndirdikləri fikirlər, ortaya atdıqları kartlar və digər amillər Rusiya təhlükəsinin Azərbaycan üçün artdığını göstərir. Ona görə də faktiki olaraq bu ümummilli bir məsələdir. Bu ideya ətrafında, yəni Azərbaycanın istiqlalının qorunub saxlanılması, Azərbaycanda demokratik dünyaya yönəlik bəşəri dəyərləri qəbul edən bir cəmiyyətin formalaşması istiqamətində düşünürəm ki, bütün siyasi və ictimai təşkilatlar bir araya gələ bilər.


- Seçki öncəsi Müsavat hansısa yeni birlik yaratmaq təşəbbüsündə olacaqmı?


- Müsavat bələdiyyə seçkilərində iştirakın məqsədəuyğun olduğu ilə bağlı qərar qəbul edib. Seçkilərə hazırlıqla bağlı rayon təşkilatlarına müvafiq tapşırıqlar verilib. Lakin hər-hansı siyasi koalisiyalarının qurulması ilə bağlı müzakirələr aparılmır. Bununla yanaşı, Müsavat Partiyasından başqa hər-hansı siyasi təşkilatın bələdiyyə seçkilərində iştirak etmək niyyətində olduğu barədə qərarı ilə tanış deyilik.


- Qurultayın təyin edildiyi vaxt yaxınlaşır, amma partiyada bununla bağlı hazırlıq gözə dəymir.


- Müsavat Partiyası qurultayın keçirilməsinə texniki baxımından hələ bir neçə il əvvəl hazırdır. Sadəcə olaraq hakimiyyət dairələri müvafiq yer ayırmır. Yalnız bu səbəbdən qurultayın keçirilməsi ləngidilir. Bu dəfə bizim müraciətimizə Bakı Şəhər İcra Hakimiyyəti ümumiyyətlə cavab vermədi, hansısa yer təklif etmədi. Bununla bağlı iqtisad məhkəməsində müraciətimizlə bağlı süründürməçilik oldu, aprelin əvvəlində müraciət edilsə də, məhkəmə iclası aprelin son günlərinə təyin olundu, aprelin son günlərində keçirilən məhkəmə iclasında da meriya nümayəndələri gəlmədi və bu səbəbədən məhkəmə daha 10 gün müddətinə təxirə salındı. Bu onu göstərir ki, hakimiyyət Müsavatın qurultay keçirməsi üçün yer ayırmaq niyyətində deyil. Biz yəqin ki, daha təsirli tədbirlərə əl atmaq məcburiyyətində qalacağıq.


- Bəzi müsavatçılar hesab edirlər ki, yer ayrılmırsa qurultay çadırda olsa belə keçirilməlidir. Başqanlığa iddialı şəxs kimi buna münasibətiniz necədir?


- Müsavatın qurultayını çadırda keçirmək niyyətində deyilik. Daha uyğun bir yer almağa çalışacağıq. Bizim yerlə bağlı konkret olaraq hansısa dəbdəbəli, xüsusi şəraiti olan sarayların ayrılması kimi tələbimiz yoxdur. Sadəcə olaraq, təxminən 800 nəfərin iştirak edə biləcəyi bir zalın ayrılmasının təklif etmişik. Məsələn Bakıda Opera və Balet Teatrının binasında qurultay keçirdə bilərik. Burada AXCP-nin və digər siyasi təşkilatların qurultayları, konfransları və müxtəlif siyasi tədbirləri keçirilib. Biz BŞİH-nə müraciət edərkən təklif olunan digər zalları da müzakirə etməyə hazır olduğumuzu bildirmişik. Məqsədimiz Müsavatın nizamnaməsinə uyğun olaraq öz struktur fəaliyyətini davam etdirməsi və qurultayın keçirilməsidir. Lakin görünür hakimiyyət dairələri Müsavatın qurultayının keçirilməsində, partiyanın nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərməsində maraqlı deyil.


- Ola bilərmi ki, qurultay üçün başqa ölkəyə müraciət edilsin, hansı ki, bu fikir əvvəllər var idi?


- Belə bir fikirlər var. Amma 600-dən çox nümayəndəsi olan qurultayın ölkə xaricində keçirilməsi həm maddi, həm də siyasi baxımdan çətindir. Bu qeyri-real görünür.


- Başqanlığa namizədlər təbliğat kampaniyasına başlayıblar?


- Müsavat yeganə partiyadır ki, onun bütün strukturlarına seçkilər real olaraq gizli səs vermə yolu ilə, alternativlik qaydada, əvvəlcədən seçki kampaniyasının aparılması şərti ilə keçirilir. Təbii ki, bu da siyasi rəqabət imkanlarını artırır. İstər Müsavat başqanlığına, istər Məclis üzvlüyünə, istərsə Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvülyünə namizədlər əvvəlcədən irəli sürüləcək. Namizədlərin öz təbliğat kampaniyasını aparması üçün müəyyən müddət ayrılacaq və bu müddət ərzində yəqin ki, hər kəs öz platforması ilə çıxış edəcək, seçkilərdə qələbə çalmaq uğrunda real mübarizəsini aparacaq. Lakin hazırda hər-hansı təbliğat, yaxud əks təbliğat kampaniyasının aparılması tezdir və məqsədəuyğun deyil.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm