Nida.az
“Əli Kərimliyə dedim Gəncədə atışmadır, rəngi ağardı”
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev 1993-cü ilin 4 iyun qiyamı, Avrasiya İqtisadi İttifaqı, NATO ilə münasibətlər və digər mövzularda “Gündəlik Teleqraf” qəzetinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Qüdrət bəy, 4 iyun qiyamının
21-ci ili tamam oldu. Həmin hadisələri necə
xatırlayırsınız?
- 4 iyun əslində dövlətçiliyə qarşı qəsd idi, qiyam dövlətin
varlığını ciddi təhlükə altına almışdı. Ölkənin şimal və cənubunda
etnik separatizm baş qaldırmışdı. Azərbaycanda vətəndaş müharibəsi
təhlükəsi yaranmışdı. Bunun əsas səbəbi o idi ki, Elçibəyin
liderliyi ilə qurulan milli hökumət müstəqil daxili və xarici
siyasət yürüdürdü. Bununla nə Rusiya, nə də İran barışa bilirdi.
Avropa isə xristian faktoru və erməni diasporasının güclü olması
səbəbindən tələb edirdi ki, Dağlıq Qarabağda atəşi dayandırın və
danışıqlara gedin. Bizim hökumət də bunu etmirdi. Ona görə də
beynəlxalq dəstəkdən mərhum olmuşduq. Bizə ən yaxın dövlət qardaş
Türkiyə idi. Amma təsəvvür edin ki, prezident Süleyman Dəmirəl
təkidlə tələb edirdi ki, MDB-yə daxil olun, atəşi dayandırın,
danışıqlara gedin. Vəziyyət çox çətin idi. Elçibəy hökuməti isə
müharibəni dayandıra bilmirdi. Çünki elektorat xalq hərəkatından
gəlmişdi və Dağlıq Qarabağın azad olunmasını tələb
edirdi.
İkincisi, Elçibəy hakimiyyətinin iqtisadi gücü yox idi.
Üçüncüsü, ana müxalifətdə olan Etibar Məmmədovun mövqeyi hərbi müxalifətə açıq dəstək oldu. Hətta Elçibəyin prezidentliyə kənarlaşdırılmaası haqda qanun layihəsini parlamentə Etibar Məmmədov təqdim etdi. Layihəni isə Fuad Ağayev hazırlamışdı. Beləcə siyasi müxalifət qiyama dəstək verdi, Etibar Məmmədovun əsas adamlarından olan Şadman Hüseynov Gəncədə oturmuşdu. Hökumətin qətiyyətsiz qərarlar qəbul etməsi, Gəncədə hökumətə tabe olmayan 709-cu hərbi hissəni tərksilah etmək məqsədilə ora göndərilən şəxslərin başda İsa Sadıqov olmaqla qorxaq və cəsarətsizliyi rol oynadı. İsa Sadıqov pis insan deyil, amma hərbçi kimi sıfırdır. O, hərbi hissəni tərksilah etmək əvəzinə Sürət Hüseynovla çay içmişdi. Hərbi hissəni tərksilah etməyə gedəndə çay içmirlər, konkret vaxt qoyub deyirlər ki, silahı qoyub bayıra çıxın. Tabe olmayanda isə fiziki baxımdan ya məhv, ya da həbs edirlər. Hesab edirəm ki, Gəncəyə göndərilən şəxslərin bacarıqsızlığı, qorxaqlığı və səriştəsizliyi bu vəziyyəti yaratdı. Amma əslində bunlar qiyamın baş verməsi üçün köməkçi faktorlar idi.
- Əsas faktorlar hansılar
idi?
- Əsas faktor üç nəfərin- İsa Qəmbərin, Pənah Hüseynin və Əli
Kərimlinin prezident Elçibəyə etdiyi xəyanət, onu satmaları idi.
Bir hadisə xatırlayıram. Həmin vaxt yenicə dövlət katibinin
köməkçisi təyin olunmuşdum. Mən 8.45-də işdə olurdum, iş isə
09.00-da başlayırdı. 4 iyun günü mən işə gəldim, az sonra hökumət
telefonu ilə Gəncədən zəng edib dedilər ki, şəhərdə atışma gedir.
Saat 10-a qalmış Əli Kərimli işə gəlirdi. O, gələndə həmişə məndən
soruşurdu ki, nə var, nə yox. Mən də ona dedim ki, Gəncədən zəng
ediblər, deyirlər şəhərdə atışma gedir. Onun rəngi ağardı və
otağına keçdi. Üstündən 30 dəqiqə keçəndən sonra bayıra çıxıb, mənə
heç nə demədən getdi. Həmin dövrdə mobil telefon olmadığından
yüksək postda olan şəxslər otaqdan çıxanda hara getdiyini deyirdi.
Çünki prezident onu axtara bilərdi. Ancaq 4 iyun günü Əli Kərimli
otaqdan çıxanda hara getdiyini demədi. Çox xeyli sonralar, Əbülfəz
bəylə Kələkidə söhbət etdik. Məni bir məsələ ciddi narahat edirdi
və heç kim mənə düzgün cavab verə bilmirdi. Əbülfəz bəyə sual etdim
ki, necə oldu ki, siz Bakını tərk edəndə bu haqda dövlət katibinə
heç nə demədiniz. Çünki həmin dövrdə Pənah Hüseyn və İsa Qəmbər
istefa vermişdi. Elçibəyin komandasında yüksək səviyyədə olanlardan
ancaq dövlət katibi yerində idi. Hətta AXC-nin şöbə müdirlərinin
belə Elçibəyin Kələkiyə gedəcəyindən xəbəri olub, amma dövlət
katibinin informasiyası olmayıb. Mən bu sualı Əli Kərimliyə də çox
ünvanlamışam, indi də ünvanlayıram, amma o bu haqda danışmaq
istəmir.
- Elçibəy Bakını tərk edəndə Əli
Kərimli harada idi ki?
- Axşam saatlarında Zaqulbada bağına getmişdi. Amma prezidentin
paytaxtı tərk edəcəyini dövlət katibinə deməməsi maraqlıdır.
Prezident ona bu haqda heç nə deməmişdi.
- Bəs siz 4 iyun günü Əli
Kərimlidən hara getdiyini soruşmamışdınız?
- Xeyr. Bu etikadan kənar olardı. Düzdür, bizim şəxsi
münasibətlərimiz əla idi, tələbə vaxtından yaxın idik. Amma etik
baxımdan köməkçinin dövlət katibindən hara getməsini soruşması
doğru deyildi. Özü məsləhət bilsə, deyərdi. Amma sonradan bu suala
cavabı ondan deyil, Əbülfəz Elçibəydən aldım.
- Maraqlıdır, Elçibəy nə
dedi?
- Əbülfəz bəy dedi ki, həmin gün köməkçisi ona bildirib ki,
Naxçıvandan Heydər Əliyev zəng edib və onunla danışmaq istəyir. Bəy
dedi ki, Heydər Əliyev mənə bildirdi ki, bəs indicə Pənah Hüseynov
mənə zəng etdi və dedi ki, daxili işlər nazirinin otağından
danışıram, İsa Qəmbər və Əli Kərimli də burdadır. Gəncədə qiyam baş
qaldırıb və hesab edirik ki, qiyamı yatırmaq üçün siz Bakıda
olmalı, qiyamın yatırılması prosesinin önündə dayanmalısınız.
Heydər Əliyev Pənah Hüseyndən soruşub ki, sizin zənginizdən
prezidentin xəbəri varmı? Pənah Hüseyn duruxub, sonra bildirib ki,
əgər siz razılıq versəniz, biz Elçibəylə danışarıq. Heydər Əliyev
isə deyib ki, sizin komandanın lideri Əbülfəz Elçibəydir, siz
onunla danışmadan mənə niyə zəng açmısınız. Sözsüz ki, Heydər
Əliyev təcrübəli siyasətçi idi, anlayırdı ki, Pənah Hüseyn onunla
söhbətini yanındakılara danışacaq və beləcə razılığa gələnə qədər
bir neçə dəqiqə vaxt keçəcək. Odur ki, dərhal Əbülfəz bəyə zəng
edərək bu haqda ona deyib. Rəhmətlik Bəy mənə bildirdi ki, Heydər
Əliyevdən bu sözləri eşidəndə şoka düşüb. Yəqin xatırlayırsınız,
həmin vaxt Pənah Hüseyn qəfildən çıxıb bəyan etdi ki, baş nazir
postundan istefa verir. Məgər ölkədə qiyam baş verəndə istefa
verərlər? Əvvəl qiyamı yatırarlar, sonra onun nəticəsindən asılı
olaraq istefa vermək olar. Məhz o hadisədən sonra Əbülfəz bəy
Pənahı yanına dəvət edərək deyib ki, istefa ver. Bu zaman Pənah
Hüseyn çalışıb ki, Heydər Əliyevə zəng etmələrini əsaslandırsın.
Fikir verin, Elçibəyin komandasının əsas fiqurları olan İsa Qəmbər,
Pənah Hüseyn və Əli Kərimli prezidentdən xəbərsiz gedib daxili
işlər naziri Abdulla Allahverdiyevin otağında toplaşıblar. Ancaq
Bəy demədi ki, onlar kimin təşəbbüsü əsasında ora yığışıb. Mən bu
şəxslərin nəyə görə daxili işlər nazirinin otağında toplaşdıqları
üçün dəfələrlə suallar vermişəm, amma heç biri buna cavab verməyib.
Məncə, məhz bu hadisədən sonra Əbülfəz Elçibəy artıq psixoloji
baxımdan sınmış və iqtidar savaşını uduzmuşdu. Onun ən yaxın ətrafı
xəyanət etmişdi. Elçibəy ruh, ideya adamı idi. Belə bir insan üçün
komandanı yenidən formalaşdırmaq, qiyamı yatırmaq çətindir. Bu cür
xəyanətlərə öyrəşən, uzun müddət dövlət həyatında iştirak edən
şəxslər bəlkə də, bu mərhələni keçə bilərdi, amma Elçibəy keçə
bilmədi.
- Bəs İsa Qəmbər niyə istefa verdi?
Axı görünən budur ki, İsa Qəmbər istefa vermək
istəmirdi?
- Artıq iyunun 4-də bu savaş uduzulmuşdu. Məhz bundan sonra Bəy
Pənah Hüseynova deyib ki, istefaya get, İsa Qəmbərə də deyin
istefaya getsin. Amma İsa Qəmbər bir müddət istefa vermədi. Sonra
mən Bəyə sual etdim ki, bəs onda niyə dövlət katibini istefaya
göndərmədiniz. Elçibəy isə dedi ki, Əli Kərimli onların içərisində
ən gənci idi, onu yoldan çıxara bilərdilər. Bəy dedi ki, həmin
ərəfədə onu çıxarıb yerinə başqasını qoymağın fərqi yox idi.
Əbülfəz Elçibəyin dediyini deyirəm, indi o haqq dünyasındadır, amma
göydə Allah var. Bəy dedi ki, telefonu götürdüm, İsa Qəmbərə dedim
ki, istefa ver. Bundan sonra İsa Qəmbər istefa verdi. Mən Kələkidən
gələndən sonra Əli Kərimliyə dedim ki, 4 iyun günü hara getdiyini
indiyə qədər mənə deməmisiniz, amma siz həmin gün Heydər Əliyevə
telefon açmısınız. O, bildi ki, Elçibəy bu söhbəti mənə danışıb.
Bundan sonra isə dediklərimin doğru olduğunu təsdiqlədi.
- Son günlər sosial şəbəkələrdə
belə bir tezis yenidən vurğulanır ki, hamı Əbülfəz Elçibəyi müdafiə
edirmiş, amma onun özü şüurlu şəkildə hakimiyyəti təhvil vermək
istəyib...
- Məncə, yuxarıda dediklərim bu suala cavabdır.
- Amma daha bir nüans odur ki,
qiyam zamanı Bakıdan Gəncəyə xüsusi təyinatlılar göndərilib və
onlara qiyamçı polkovniki məhv etmək tapşırığı verilib. Onlar
Gəncədə post qurublar, lakin Surət Hüseynov evindən çıxaraq
asanlıqla bu postu keçib və 709 nömrəli hərbi hissəyə daxil
olub...
- Gəncəyə göndərilən şəxslər- Qabil Məmmədov, Tahir Məmmədov və
digərləri parta arxasınca təzəcə durmuşdular, gənc uşaqlar idi,
onların heç bir təcrübəsi yox idi. Nə hüquq mühafizə orqanlarında,
nə də siyasi təcrübələr yox idi. Eləcə də Fəhmin Hacıyevin
səriştəsi yox idi. Orada önəmli rolu qorxaqlıq, təcrübəsizlik,
səriştəsizlik oynamışdı. Daha sonra AXC-nin batalyonları Nəvai
istiqamətinə getdi. Onlar da silahlarını ataraq 60 nəfərin
qarşısından qaçdılar. Mən həmin dövrün “qəhrəman”larının adını
çəkmirəm, bunu siz özünüz də bilirsiniz. Bəziləri qorxaqlığına,
bəziləri cəsarətsizliyinə görə uzun illər həbsdə yatdılar. Amma nə
xalq onları bağışlayır, nə də ilahi təqdir. İndi də fikirlər
yayırlar ki, guya Elçibəy özü əvvəlcədən Heydər Əliyevi gətirmək
istəyirmiş. Amma bunların hamısı cəfəngiyatdır.
- Axı Elçibəy deyirdi ki, Heydər
Əliyevi mən dəvət etdim...
- Mən bir dəfə Əbülfəz bəydən soruşdum ki, Heydər Əliyevi bura
dəvət etmədən Naxçıvana nədən getmədiniz. O zaman Naxçıvanda Heydər
Əliyev Sizi prezident kimi qəbul edəcəkdi. Siz birlikdə Bakıdakı
qanunsuz hakimiyyəti tutacaq şəxslərə mübarizə apara bilərdiniz.
Bəy dedi ki, prezident statusu daşımasına baxmayaraq uduzduğunu
artıq görürmüş. Narahat imiş ki, hakimiyyətə Rəhim Qazıyev, Surət,
sonra Mütəllibov gələr. Beləcə ölkə viran qalacaq. Azərbaycan bəlkə
də parçalanacaq. Həmin dövrdə bu dövləti idarə edəcək bir adam var
idi- Heydər Əliyev...
- Belədə, Elçibəy Kələkiyə niyə
istefa verib getmədi?
- Bunu mən də soruşmuşdum ondan. Əbülfəz bəy cavabında bildirdi ki,
hər bir dövlətin, xalqın və siyasi təşkilatın taleyi olur. Bu da
cəbhəçilərin taleyi idi ki, öz mərhumiyyətləri ilə Azərbaycanı
qorusunlar. Əlavə etdi ki, mənim prezidentlikdən istefa verməməyim
Heydər Əliyevi İranın, Rusiyanın və Avropanın təzyiqlərindən
qorudu. Bildirdi ki, mən qanuni prezident olduğumu bəyan etdiyim
üçün Heydər Əliyevdən çox şey tələb edə bilmirdilər.
- Demək istefa verməməklə də
Əbülfəz Elçibəy Heydər Əliyevi müdafiə edirmiş?
- Söhbət Azərbaycanın müstəqil dövlət kmi qorunub saxlanılmasından
gedir.
- Bəs necə oldu ki, Heydər Əliyev
qiyamçılara qlib gəldi, amma Elçibəy yox?
- Heydər Əliyevin partiyası onun şəxsiyyəti ətrafında yaranmışdı.
Heydər Əliyev partiyada istənilən adamı istənilər yerə qoya
bilirdi. AXC isə Azadlıq meydanında formalaşmışdı. Orada üzdə
olanlar yığılıb qərara gəlmişdilər ki, AXC-ni təsis etsinlər. Bəyi
də AXC İdarə Heyətinin sədri seçmişdilər. İkincisi, biz hakimiyyətə
demokratiya, çoxpartiyalı sistemin inkişafı şüarı ilə gəlmişdik.
Hər kəs gedib özünə bir partiya yaratdı. Əslində bu kökündən yanlış
bir addım idi. Siz baxın, AXC İdarə Heyətinin üzvlərinin
bir-ikisindən başqa hamısı partiya yaratdı. Həm də siyasi
maarifçiliyin aşağı olması da ciddi faktor oldu. Həmin vaxt Daxili
Qoşunların komandan Fəhmin Hacıyev idi. Özü pis insan deyildi, amma
qaçıb gizlənmişdi. Təsəvvür edin ki, Əli Kərimli dövlət katibi idi,
amma onu tapmırdı. Mən keçmiş müstəntiq təcrübəmdən istifadə edib
köməkçisinə zəng edib dedim ki, Fəhmin bəyə təcili xüsusi dövlət
sirri çatdırmalıyam. Beş dəqiqədən sonra köməkçisi Fəhmin Hacıyevi
birləşdirdi, mən də dedim ki, utanmırsan, qaçıb gizlənmisən? Dövlət
katibi səni axtarır, amma tapa bilmir. Cəbhənin həmin dövrdə öndə
olan şəxsləri öz sahələrində intellektləri ilə seçilməyən insanlar
idi, cəmi bir-ikisi fərqlənmə diplomu ilə universitet bitirmişdi.
Onların çoxunda mövhumat var idi. Bu hadisələrdən qabaq Fəhmin
Hacıyevin yanına bir falçı göndəriblər, o da deyib ki, bəs sənə
qaranlıq görünür, əgər bu qaranlığa girməsən, general poqonları
taxacaqsan. Gəncədə qiyam baş verəndən sonra Fəhmin elə bilib ki,
qaranlıq budur, düşünüb ki, bu qaranlığa girməsə general
olacaq...
- Sən demə qaranlıq həbs
imiş...
- Bunlar gülməli görünə bilər. Amma nəzərə alın ki, rəqiblər AXC
hakimiyyətinə qarşı həm də bundan da istifadə etmişdilər.
Savadsızlıq, mövhumat, naşılıq, təcrübənin olmaması, eləcə də
daxili və xarici siyasətdə buraxılan səhvlər bu nəticəni
yaratdı.
- Ərəstun Oruclu qiyamla bağlı
yazısında bildirir ki, həmin ərəfədə ABŞ da Əbülfəz Elçibəyin
iqtidarda qalmasında maraqlı deyildi...
- Ərəstun bəy həmin ərəfədə Az.Tv-də senzor idi və proseslərin
içində deyildi. Onun geniş informasiyası ola bilməzdi. Amma sizə
deyim ki, həmin dövrdə ABŞ 907-ci düzəlişi qəbul etdi. Ankaranı da
məcbur etdi ki, konfliktə müdaxilə etməsin, Ermənistana taxıl
yardımı göndərsin. Elçibəy ürək ağrısı ilə deyirdi ki, Kəlbəcərin
işğalı günü Süleyman Dəmirəldən iki mülki vertolyot istədim,
vermədi. Dəmirəl tələb edirdi ki, atəşi dayandırın və MDB-yə daxil
olun.
- MDB-dən söz düşmüşkən, Avrasiya
İqtisadi İttifaqı təsis olundu, onun genişləndirilməsi ehtimalı
var. Avropa mediası yazır ki, ittifaqın özü təhlükəli olmasa da,
ideologiyası təhlükəlidir. Siz bu haqda nə
düşünürsünüz?
- Hesab etmirəm ki, bu qorxulu ittifaq və ya ideologiyadır.
Lukaşenko oturmuşdu Poraşenkonun inaqurasiya mərasimində. Bəyanatda
verdi ki, Krım Ukraynaya qaytarılmalı, separatçılar məhv
edilməlidir. Necə ki, Putin bunu Çeçenistanda etdi. Qroznıda nümunə
üçün bir yaşayış binası qalmadı, şəhəri gecə-gündüz bombaladılar.
Amma indi Şərqi Ukraynada bir adam öləndə Rusiya bəyan edir ki,
adamları öldürürlər. Kim əlinə qanunsuz silah alıb dövlətə qarşı
çıxırsa, məhv edilməlidir. Bizim gücümüz çatmadığı üçün Qarabağda
bunu edə bilmədik. Rusiyanın isə gücü çatır və bunu Çeçenistanda
tətbiq elədi. İndi Ukraynanın da gücü çatmır. Amma bütün bunlara
baxmayaraq dövlət bütövlüyünü qorumalıdır. Mən hesab edirəm ki,
Avrasiya İqtisadi İttifaqı məsələsində Rusiya ilə danışmalıyıq.
Burada iki məqam var. Birinci məqam oddur ki, Rusiya ilə dil
tapırıq, güzəştlərə gedirik. Ermənistanla danışıqların heç bir
mənası yoxdur. Biz Ermənistanın ürəyindən keçən güzəştlərə razı
olsaq da, Rusiya imkan verməyəcək ki, problem həll edilsin. Biz
işğalçı dövlətlə danışıq aparmalıyıq. İndi bu fikirlərimə görə məni
tənqid edənlərdən birindən soruşun ki, bizim torpaqları Ermənistan
Rusiyanın köməkliyi ilə işğal edib, siz bunu deyirsinizmi?
Cəsarətin çatırmı ki, məhz işğalçı tərəf kimi Rusiya ilə danışıqlar
aparmağı təklif edəsən? Buna cəsarətləri çatmayanlar məni necə
ruspərəst adlandıra bilər?
İkinci variant budur ki, biz Avrasiya İqtisadi İttifaqına girmirik, xalqı müharibəyə hazırlayırıq, peşəkar ordu qururuq. Bu məsələdə oturub hesablamaq lazımdır, Rusiya Ermənistana hərbi, Qərb isə iqtisadi və mənəvi dəstək verəcək. Biz bunun qarşısında dura bilərikmi? Mən deyirəm ki, ikinci variant riskli olduğundan, gəlin birinci varianta əl ataq. Azərbaycan Avrasiya və Gömrük İttifaqının üzvü ola bilər, amma bundan öncə Dağlıq Qarabağ və ətrafındakı 7 rayon məsələsi həll olunmalıdır.
- Sizə elə gəlmirmi ki, bəzi siyasətçilər sizi bu mövqeyinizə görə, beşinci kolonun nümayəndəsi hesab edirlər? Sizi Rus qoşunlarını Azərbaycana dəvət etməkdə suçlayırlar...
- Bəziləri özünü axmaq yerinə qoyaraq bildirir ki, guya mən deyirəm ki, rus qoşunları Azərbaycana gəlsin. Axı mən məsələni bu cür qoymuram və mənim mövqeyimə bu dərəcədə qərəzli yanaşmaq doğru deyil. Əgər Rusiya bizim istədiyimizi etməyəcəksə,yəni Qarabağı qaytarmayacaqsa, biz də bu ittifaqlara daxil olmayacağıq. Mən hesab edirəm ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır. ABŞ, Avropa Birliyi istəyir ki, Rusiya Qarabağı alıb Ermənistana birləşdirsin və Azərbaycanla Rusiya əbədi düşmən olsun. Bu halda bizim qərbdən yapışmaqdan savayı yolumuz qalmır.
- İndi Ukraynada baş verən
proseslər kimi?
- Bəli. Bu hamının gözü önündə baş verdi. İstəsəydilər Krımı
Ukraynanın tərkibində saxlayardılar. Birinci gündən Vaşinqton və
London desəydi ki, biz Ukraynanın müstəqilliyinə qarantıq və onu
müdafiə edəcəyik, Rusiya indiki kimi etməzdi. Amma onlar dedilər
ki, hərbi dəstəkdən söhbət gedə bilməz, əgər müharibə baş versə,
Rusiyaya sanksiya tətbiq edəcəyik. Bu məqsədli formada Moskvaya
demək idi ki, get Krımı götür. İndi də Şərqi Ukraynada baş
verənlərlə bağlı deyirlər ki, biz sanksiya tətbiq edəcəyik. İki
slavyan xalqını düşmən etdilər, indi ruslarla ukraynalıların
barışması üçün 100 il vaxt lazımdır. Mən bir praqmatik bir
siyasətçi kimi hesab edirəm ki, siyasət mümkün olanı həyata
keçirməkdir. Mən bu gün istəyirəm ki, Türk Dövlətləri Birliyi
yaransın, vahid valyuta olsun. Amma indi bu real deyil. Yəni hər
şey bizim istəməyimizdən asılı deyil. Sizə bir məqamı deyim,
Ermənistandır yeganə dövlətdir ki, Ukraynanın ərazi bütövlüyünə səs
verməyib. NATO PA-da təklif etdim ki, Ermənistanın bu mövqeyi
pislənilsin və bu ölkəyə də sanksiyalar tətbiq olunsun. Bildirdim
ki, Rusiya nümayəndəsini bura dəvət etməmisiniz, bəs Ermənistan
nümayəndəsini dəvət etmisiniz? Mən 9 ildir ki, NATO Parlament
Assambleyasının işində iştirak edirəm. Bu müddətdə nə Ukrayna, nə
Gürcüstan, nə də Moldova nümayəndələri bizi dəstəkləyib. Əgər bu
ölkələr 2 milyonluq Ermənistanla münasibətlərinə xələl gəlməməsi
üçün bizi müdafiə etmirsə, biz nədən başqalarını müdafiə etməliyik?
İndi mən üzümü bizim “vətənpərvər” siyasətçilərimizə tutub deyirəm
ki, siz nə qədər dar düşüncəli adamlarsınız ki, deyirsiniz
Ukraynaya görə Rusiya ilə düşmən olaq.
- Bəlkə NATO-nun tədbirlərinə
getmirlər ona görə...
- Ona görə də mən demişdim ki, Biləcəridən o yana keçməyənlər
mühakimə yürüdürlər.
Nemət Hüseynli
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO