“Eldar Namazov hakimiyyətlə Əli Kərimli arasında körpü idi”
Bizi izləyin

Nida.az

“Eldar Namazov hakimiyyətlə Əli Kərimli arasında körpü idi”

“Eldar Namazov hakimiyyətlə Əli Kərimli arasında körpü idi”

BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının Publika.Az –a müsahibəsi

“20 ilin mübarizəsindən sonra Qələbə kinoteatrından Yasamal stadionuna gedib çıxıblar”

-AXCP və Müsavat arasında yaranan sakitlik sizcə nisbi xarakter daşıyır, yoxsa hər iki tərəf nöqsanlarının üzə çıxdığından ehtiyatlanıb savaşı dayandırdı?

-Yurdla-Müsavat davası heç zaman bitməyib! 20 ildən artıqdır ki, bu savaş gedir. İlk dəfə deyil ki, bu savaş təhqir müstəvisinə çıxır. Sadəcə, indi bu qəzet müstəvisindən, internet və sosial şəbəkə müstəvisinə çıxıb. Əli Kərimli İsa Qəmbərə patoloji nifrət edir. Həmçinin də İsa Qəmbər Əli Kərimliyə. Son 20 ildə keçirilən bütün seçkilərə diqqət edin. Seçkidən dərhal sonra Yurd-Müsavat savaşı başlayır. Bir neçə il davam edir və seçki yaxınlaşdıqda beynəlxalq təşkilatların təzyiqi ilə İsa Qəmbərlə-Əli Kərimli arasında “birlik” baş tutur. Siyasətlə məşğul olmayan adam da yaxşı bilir ki, Əbülfəz Elçibəyə güzəşt etməyən İsa Qəmbər Əli Kərimliyə heç vaxt güzəşt etməz. Bu cür savaşdan sonra seçki qabağı xalqdan ciddi dəstək istəyirlər və deyirlər ki, “biz hakimiyyətə gəlirik”. 20 ilin mübarizəsindən sonra Qələbə kinoteatrından Yasamal stadionuna gedib çıxıblar.

“Mirmahmud ağa ilə Əli Kərimlinin bir arada olması qeyri-mümkündür”

-KXCP-nin Milli Şuranın adını dəyişdirilməsini təklif etdi. Ümumiyyətlə ad dəyişikliyi mahiyyəti də dəyişirmi?

-Əvvəlcə, onu qeyd etmək istəyirəm ki, mən şəxsən inana bilmirəm ki, Mirmahmud ağa ilə Əli Kərimli bir arada ola bilsinlər. Bu, qeyri-mümkündür. Ən azından hamı da bilir ki, hər iki şəxs Əbülfəz bəy sağ olanda belə bir-birilərini qəbul etməyiblər. Yəqin ki, bu vəziyyət uzun müddət davam etməyəcək. İndi olan Milli Şura deyil. Görünür bu baxımdan Mirmahmud bəy adın dəyişdirilməsinin tərəfdarıdır. İş ondadır ki, bu qurumu təmsil edən adamlar artıq çoxdan istefa verib gediblər. Milli Şuranın adına gəldikdə isə, bu yaxınlarda Rusiya mətbuatına geniş müsahibə verən, Milli Şuranın yaradıcısı olan Rüstəm İbrahimbəyov deyib ki, 2013-cü il prezident seçkilərinə qatılmağım Don Kixotluq imiş. Açıq şəkildə bildirir ki, bu siyasi partiya sədrlərini və buna inanan adamları ələ salırmış. Bu qurumu Rüstəm İbrahimbəyov Rusiyanın tapşırığı ilə yaratmışdı və tapşırığa əsasən də addım atdı. Gedib, kinosunu montaj etməklə məşğuldur.

“Əli Kərimli Xədicə İsmayılın yazdıqlarını Cəmil Həsənliyə verib efirdən oxutdururdu”

-Sizə elə gəlmirmi ki, Milli Şura artıq Cəmil Həsənli və AXCP-dən ibarətdir. Çünki Eldar Namaov da bu qurumdan bir növ uzaqlaşdırıldı?

-Eldar Namazov uzaqlaşdırılmadı, əksinə , özü Əli Kərimlidən uzaqlaşdı. Bunun qarşılığında da Əli Kərimli Eldar Namazovu sosial şəbəkələrdə təhqir etdirdi. Uzun müddət idi ki, Əli Kərimli ilə Namazov arasında isti münasibətlər var idi. Bir vaxtlar Eldar Namazov hakimiyyətlə Əli Kərimli arasında körpü idi. Söhbət Eldar Namazovun hakimiyyətdə işlədiyi vaxtlardan gedir. Hamı da bilir ki, hakimiyyət Eldar Namazov vasitəsi ilə Əli Kərimliyə tapşırıqlarını verirdi. İndi isə, iş o yerə gəlib çatıb ki, Eldar Namazov da Əli Kərimlidən uzaqlaşmağa üstünlük verdi. Cəmil Həsənliyə gəldikdə isə, bu, adam birmənalı şəkildə Əli Kərimli tərəfindən idarə olunur. Rauf Arifoğlu ilə Əli Kərimli savaşında da Cəmil Həsənli bunu sübut etmiş oldu. Bu adam heç müstəqil söz sahibi deyil. Bunu hamı bilir. Prezident seçkilərindəki çıxışları da Əli Kərimli hazırlayırdı. Əli Kərimli Xədicə İsmayılın yazdıqları yazıları Cəmil Həsənliyə verib efirdən oxutdururdu. Milli Şura yaranda 130 nəfərdən artıq idi, indi isə, 60 nəfərlə iclas keçirdirlər. 40 nəfərdən artıq adam istefa verib. Bu yaxınlarda Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli də qurumu tərk etdi. Yəqin ki bu istefa sonuncu deyil. Araşdırmaq lazımdır ki, orda qalan adamların neçə nəfəri siyasət adamıdır və kimlərdir. Məncə, 5-6 adam qalıb ki, bu adamlar siyasətlə məşğul olur, yerdə qalanlar cəmiyyət tərəfindən bir o qədər də tanınmayan şəxslərdir.

-Rəsul Quliyev tərəfdarlarının yeni bir partiya yaratmaq istəyi nəyə hesablanıb. Partiyaların çoxluq təşkil etdiyi bir ərəfədə yeni partiya yaradılması nəyi dəyişəcək?

-1996-ci ildən indiyə kimi Rəsul Quliyev bir neçə partiyada sədr olub. Həmsədrlik də yaradıblar. Bu illər ərzində Rəsul Quliyevin yaratdığı partiya hakimiyyətə gələ bilibmi? Deməli, əsas partiya yaratmaq deyil. Yaratdığın partıyanın geniş xalq dəstəyi olacaqmı? Mən inanmıram ki, bundan sonra Rəsul Quliyevin yaratdığı partıya geniş sosial dəstək qazansın. Heç bir il deyil ki, təzə partiya yaratmışdı.


“İqtidar konstruktiv müxalifətlə əməkdaşlıq etsə, radikal müxalifətin yanında adam qalmaz”

-Necə hesab edirsiniz, yeni qüvvələrin meydana çıxması zərurəti yaranıbmı?


-Bu gün radikal müxalifət bütövlükdə müxalifət düşərgəsini təmsil etmir. Artıq radikal müxalifətin özü iki hissəyə parçalanıb. İsa Qəmbər yeni bir birlik yaratmaq iddiasında olduğunu bildirib. Digər tərəfdə isə Əli Kərimlidir. Bunlardan əlavə parlamentdə kifayət qədər müxalif partiyalar var ki, konstruktiv müxalifəti təmsil edir. Konstruktiv müxalifət radikal müxalifətdən daha güclüdür. Konstruktiv müxalifət həm parlamentdə təmsil olunur, həm dövlətdən maliyyə yardımı alır, minlərlə üzvü məntəqə seçki komissiyalarında təmsil olunur, onlarla tərəfdarı DSK-larda təmsil olunur və yüzlərlə üzvü bələdiyyə orqanlarında təmsil olunur. Bütün seçkilərdə öz platforması ilə iştirak edir. Ölkənin inkişafını radikal dəyişikliklə deyil, sivil, təkamül yolu ilə aparılmasının tərəfdarı olduğunu bildirir. Daim Azərbaycanın milli maraqlarını qoruyur. Məncə, növbəti illərdə konstruktiv müxalifət daha da genişlənəcək və növbəti seçkilərdə yeni uğurlara imza atacaq. Bu məsələdə ən çox hakimiyyətin məsuliyyəti var. İqtidar konstruktiv müxalifətlə əməkdaşlıq etsə, inandırıram sizi, bir –iki nəfərdən başqa radikal müxalifətin yanında adam qalmaz. Demokratik ölkənin sürətlə inkişaf etməsinin şərtlərindən biri həm də sağlam müxalifətin olmasıdır.


“Bu adamlar həmişə Rusiyadan gələn göstərişlə hərəkət ediblər”

-Bu arada Rusiyanın imperiya yaratmaq istəklərinin artıq bu ölkənin KİV-ləri, telekanalları tərəfindən də aktual mövzu kimi gündəmə gətirilməsi Azərbaycanda Rusiyaya yaxınlığı ilə seçilən təşkilat və şəxslərin fəallaşması ilə nəticələnə bilərmi?

-Rusiya uzun müddətdir ki, belə bir istəyi var. Modern SSRİ-ni bərpa etmək arzusundadır. Elə bu səbəbdəndir ki, hal-hazırda Ukraynada küçə savaşları gedir. Rusiya həmişə başqa xalqları idarə etmək arzusunda olub və bu gün də həmin siyasəti davam etdirmək niyyətindədir. Azərbaycanda həmişə Rusiyanın təsirində olan şəxslər olub və bu adamlar həmişə Rusiyadan gələn göstərişlə hərəkət ediblər.

Bunu istisna etmirəm. Ancaq bu gün Azərbaycan xalqı çox güclü və çevikdir. Xalq yaxşı bilir ki, torpaqlarının 20 faizini Rusiya işğal edib. 30000 insanını qətlə yetirib. Belə bir təhlükə olarsa, milyonlarla soydaşımız küçələrə çıxıb öz sözünü deyər. Neçə ki, bunu 1988-ci ildə edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm