Nida.az
“Biz qardaşıq, problem dinc şəraitdə, danışıqlar yolu ilə həll olunmalıdır”
Tarixçi-professor, millət vəkili Musa Qasımlı Publika.Az-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Musa müəllim, Ermənistan-Azərbaycan qoşunlarının təmas
xəttində baş verən son insidentlərdən və iki ölkənin xarici işlər
nazirlərinin iyunun 18-də Parisdə keçirilən görüşünün nəticəsiz
başa çatmasından sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
fəaliyyətsizliyi yenidən gündəmə gəlib. Hətta, Yeni Azərbaycan
Partiyasının icraçı katibi Əli Əhmədov həmsədrlərin regiona
çoxsaylı səfərlərinin xalq tərəfindən “turist səfərləri”
adlandırıldığını bildirib...
- Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupu davakar separatizm və
Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ
münaqişəsinin həll etmək üçün yaradılıb. Artıq 20 ildən çox müddət
bitib. Amma bu qurumun fəaliyyətində heç bir irəliləyiş yoxdur.
Onların səfərləri həqiqətən də az qala turist gəzintilərinə
bənzəyir. Bu da Azərbaycan ictimaiyyəti tərəfindən mənfi
qarşılanır. Çünki bu qurum indiyədək mandatı çərçivəsində
fəaliyyətində heç bir irəliləyişə nail olmayıb. Bir neçə dəfə
müxtəlif təkliflər - “mərhələli həll”, “paket həll”, “ümumi dövlət”
təklifləri irəli sürülüb. Bu təkliflər Ermənistan tərəfindən rədd
edilib.Həmsədr ölkələr təcavüzkarla təcavüzə məruz qalan arasında
fərq qoymalı, təcavüzkara öz yerini göstərməlidirlər. O zaman
ədalətli həlldən söhbət gedə bilər. Təcavüzkarla təcavüzə məruz
qalan arasında bərabərlik işarəsi qoyulması ədalətli yanaşma
deyil.
- ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi münaqişəni BMT
müstəvisinə daşımaqla bağlı təkliflərin yaranmasına səbəb olub.
Sizcə, bu təkliflərin perspektivi varmı? BMT Təhlükəsizlik
Şurasının üzvü olan Azərbaycan qurumun belə bir mandat alması üçün
hərəkətə keçməlidirmi?
- Hər şeyi sıfırdan başlamaq zaman itkisidir. Bu, Azərbaycanın
maraqlarına uyğun olmazdı. Digər tərəfdən Minsk Qrupunun həmsədr
ölkələri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Biz
çalışmalıyıq ki, BMT Təhlükəsizlik Şurasında qəbul olunan
qətnamələr yerinə yetirilsin. Həmin qətnamələrdə Azərbaycanın ərazi
bütövlüyü tanınır, işğal olunmuş ərailərdən işğalçı qüvvələrin
çıxarılması tələb edilir.
- Bu günlərdə Bakıda Strateji Araşdırmalar Mərkəzinin
təşkilatçılığı ilə Cənubi Tirol modelinin Cənubi Qafqazdakı
münaqişələrə uyğunluğu mövzusunda beynəlxalq konfrans keçirildi.
Necə düşünürsünüz: münaqişənin həllində hansı modelə üstünlük
vermək Azərbaycan üçün daha məqsədəuyğundur?
- İtaliyadan gələn mütəxəssislərlə görüşdə mən də var idim. Amma
bundan öncə qeyd edim ki, Cənubi Tirolla bağlı məsələni mən
universitetdə tədris edirəm. Bu, 1919-cu ildə Sen-Jermen sülh
müqaviləsi imzalanandan sonra İtaliyaya keçən ərazinin bir
hissəsidir. Bir zamanlar Aland modeli haqqında fikir yürüdülürdü,
sonra Tatarıstan təklifi səsləndi və cənab prezident İlham Əliyev
ötən ilin iyununda “Euronews” televiziyasına müsahibəsində Dağlıq
Qarabağa geniş muxtariyyət verilə biləcəyini dedi və misal olaraq
Tirol modelinin adını çəkdi. Fikrimcə, bu, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün uyğun bir model olardı. Amma hər halda
hansı model olur olsun, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunmalıdır. Azərbaycan Dağlıq Qarabağda yaşayan
ermənilərə ən yüksək statusu verməyə hazırdır. Bunu dövlət
rəhbələrimiz dəfələrlə bəyan ediblər.
- Türkmənistanla Azərbaycan arasında yaranmış gərginliyə
münasibətinizi bilmək istərdik...
- Bütün bu məsələlər Xəzər dənizinin hüquqi statusunun
müəyyənləşdirilməməsi, dənizin bölüşdürülməsinin başa çatmaması ilə
bağlıdır. Türkmənistanla Azərbaycan arasında sərhəddə elə neft
yataqları var ki, bir hissəsi Türkmənistan, digər hissəsi
Azərbaycan tərəfdədir. Bu mübahisələr əvvəlki dövrlərdə də olub.
Türkmənlər həmin yataqları “Sərdar”, azərbaycanlılar isə “Kəpəz”
adlandırır. Azərbaycan yataqların işlənməsi ilə bağlı müxtəlif
dövrlərdə müxtəlif təkliflər irəli sürüb. Bu barədə Rusiya ilə
müəyyən razılaşmalar olmuşdu. Azəbaycan Türkmənistana da təkliflər
verdi. Türkmənistanda hakimiyyət dəyişkənliyindən sonra dövlət
başçıları bu yataqlarda işin aparılmaması barədə
razılaşmışdılar.
Mənim fikrimcə, rəsmi Aşqabadın belə bir addım atması təkcə
Türkmənistanın daxilindən gələn hərəkət deyil. Elə ölkələr var ki,
Azərbaycanla Türkmənistan arasında münasibətlərin gərginləşməsində
maraqlıdırlar. Bunun üçün də müəyyən amillər axtarırlar. Bu
amillərdən biri “Kəpəz” yatağıdır. Amma hesab edirəm ki,
Azərbaycanla Türkmənistan bu məsələni qardaşcasına həll edəcək.
Çünki bütün mübahisələrə baxmayaraqTürkmənistan bizə qardaş
ölkədir. Türkmənlərlə biz qardaşıq. Aramızdakı bütün mübahisələr də
sakit, dinc danışıqlar yolu ilə həll olunmalıdır. Buna qədər də bu
mübahisələr dinc yolla həll olunub. Təbii ki, bundan sonra da
mübahisələr ola bilər. Necə ki, hətta qardaşlar arasında da
söz-söhbətlər olur.
- Azərbaycanla Türkmənistan arasında münasibətlərin
gərginləşməsində hansı ölkələr maraqlı ola bilər?
- Bu ölkələr məlumdur. Həmin ölkələrin adlarını da çəkmək
mümkündür. Ən azı Xəzərin hüquqi statusu məsələsi meydana çıxandan
bəri Türkmənistanı Azərbaycanla üz-üzə qoyan ölkələrdən biri
Rusiya, digəri İrandır.
- Bəs necə olur ki, türkmənlərlə Azərbaycan türklərinin
eyni tarixi köklərə, eyni dil qrupuna malik olmasına baxmayaraq,
rəsmi Aşqabad Rusiya və İranın dediyi ilə oturub-durur, Azərbaycana
qarşı bu cür hərəkət edir? Türk dünyasındakı bu başıpozuqluğun
səbəbi nədir?
- Şüarlarla heç bir birlik qurmaq mümkün deyil? Xarici siyasət
şüarlar, emosiyalar əsasında qurulmaz. Xarici siyasət sırf milli
maraqlara dayanar və hər hansı ölkənin öz milli marağından çıxış
etməsi pis hal deyil. Ancaq bu milli maraq digər ölkələrin milli
maraqlarına toxunmamalı, onlarla toqquşmamalıdır. Toxunursa belə,
bu açıq münaqişəyə gətirməməli, dinc danışıqlar yolu ilə həll
olunmalıdır.
- Sizcə bu münaqişə nə ilə nəticələnəcək?
- Hesab edirəm ki, Türkmənistan və Azərbaycan bu məsələni dinc
yolla həll edəcək. Çünki başqa yol bizim xalqların maraqlarına
uyğun deyil.
- Artıq iki ilə yaxındır ki, parlamentin deputatısınız. Bu
müddət ərzində göstərmiş olduğunuz fəaliyyət özünüzü qane
edirmi?
- Bilirsiniz ki, deputatın konkret səlahiyyətləri var. Mən də həmin
səlahiyyətlər çərçivəsində fəaliyyət göstərirəm. Deputatın
səlahiyyətlərindən biri qanunvericilik fəaliyyətidir. Mən bu
istiqamətdə Milli Məclisdə çıxışlar edirəm, qanunların müzakirəsi
zamanı öz təkliflərimi bildirirəm. İkicisi, yerlərdə seçicilərlə
işin aparılmasıdır. Mən seçicilərimlə mütəmadi olaraq görüşürəm. Bu
görüşlərin bəziləri mətbuatda işıqlandırılır, bəziləri
işıqlandırılmır. Seçicilərimin mənimlə əlaqə yaratmasında heç bir
problem yoxdur. Cib telefonum 24 saat açıqdır. İstənilən seçici
istədiyi vaxt mənə zəng edib birbaşa danışa bilir. Milli Məclisə
gələn istənilən şəxsi qəbul edirəm və adətən mən özüm Sumqayıtda
mikrorayonlarda və məhəllələrdə seçicilərlə görüşürəm. İndiyədək
mənim adıma daxil olan bütün məktublara cavablar verilib və məktub
göndərən şəxslərlə telefon əlaqəsi saxlanılıb. İmkanlarımız
daxilində köməklik etmişik. Digər tərəfdən mən bir deputat olaraq
ölkə daxilində keçirilən toplantılarda iştirak, çıxış edirəm,
televiziya və radiolara müsahibələr verirəm. Beynəlxalq tədbirlərə,
konfranslara qatılıram. Hesab edirəm ki, seçicilərimlə normal
münasibətlər, işgüzar şərait qura bilmişəm.
- Seçicilərinizin qaldırdığı müxtəlif məsələlərlə bağlı
yəqin ki, dövlət orqanlarına müraciətlər edirsiniz. Bu zaman hansı
münasibətlə qarşılaşırsınız? Xahiş və istəklərinizi yerinə
yetirməkdən imtina halları olurmu?
- Bəri başdan deyim ki, mən şəxsi işlərimlə bağlı dövlət
qurumlarına müraciət etmirəm. Seçicilərimin müraciətlərini müvafiq
qurumlara göndəririrəm və həmin qurumlardan cavab alıram. Hesab
edirəm ki, həmin qurumlarla bizim əməkdaşlığımız xeyirxah məqsəd
güdür. Çünki həm o qurumların, həm də bizim məqsədimiz seçicimizin
yaxşı yaşaması, problemlərinin az olmasıdır. Ancaq insan nə qədər
varsa, insan cəmiyyəti nə zamandan mövcuddursa, həmişə problemlər
olub, indi də var. Bundan sonra da daim olacaq. Əsas məsələ ondan
ibarətdir ki, müvafiq qurumlar o problemlərin həllinə səy
göstərsinlər və mən etdiyim müraciətlərin hamısında problemlərin
həllinə səyin olduğunu görmüşəm. Buna görə də həmin qurumlara
minnətdarlığımı bildirirəm.
- Sizə əsasən hansı məsələlərlə bağlı müraciət
edirlər?
- Seçicilərin etdiyi müraciətlər bəzən deputat səlahiyyətinə uyğun
olmur. Bəzən kabellərin köhnəlməsi, asfaltın dağılması, giriş
qapılarının qoyulması, binaların üstünün vurulması, zirzəmilərin
təmizlənməsi və digər bu kimi məsələlərlə bağlı çoxlu müraciətlər
olur. Amma bizim tərəfimizdən həmin müraciətlər müvafiq icra
strukturlarına göndərilir. Bu gün Sumqayıtda çox geniş
tikinti-quruculuq, abadlıq, təmir işləri gedir. Sumqayıtın əsası
qoyulandan bəri şəhərdə heç vaxt indiki kimi geniş quruculuq işləri
aparılmayıb. Seçicilərin qaldırdığı məsələlər də tədricən yerinə
yetirilir. Bütün istəklərin hamısını birdən-birə həyata keçirmək,
eyni zamanda yerinə yetirmək mümkün deyil. Amma əsas odur ki, onu
həyata keçirməkdən ötrü məqsəd, istək var.
- Bəzən elə seçicilər var ki, onu təmsil edən deputatdan
açıq-aşkar maddi yardım istəyir. Siz də belə halla
rastlaşırsınızmı?
- Bilirsiniz ki, mən professoram. Mən ancaq bankomata baxıram.
Biznesim yoxdur. Bəlkə də seçicilərim bunu bilirlər və ona görə də
bu barədə mənə müraciət etmirlər. Ancaq əlbəttə, əgər mən Bakıda
oluramsa, imkanlarım daxilində seçicilərimin xeyir-şər
məclislərində mütləq iştirak edirəm. Amma mənim doğrusu elə maliyyə
imkanlarım yoxdur ki, seçicilərə maddi köməklik edəm. Bundan da
utanmıram, hesab edirəm ki, hərənin öz sahəsi var. Mən tarixçiyəm,
deputatam.Tarixçi olaraq da öz işimi görməliyəm. Seçicilərim də
məni anlayışla qarşıladıqları üçün onlara təşəkkür edirəm.
Səxavət Həmid
Publika.Az
-
Dünya16:16
Ərdoğan bu ölkələrə gedir: məscid açacaq
-
Nida Təhlil 15:50
Azərbaycan-Ermənistan razılaşması: Bu bəndlər olmadan...
-
Region15:02
Türkiyədən tarixi qərar: Rusiyanın tətbiq etdiyi bu ifadə dəyişdirilir
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video
-
Magazin113:50
Sevil-Sevinc bacılarının evində ŞADLIQ VAR - VİDEO
-
Magazin213:25
Monika Belluççinin qızı açdı sinəsini, göstərdi... - FOTOLAR
-
Sosial12:58
İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama