Nida.az
“Əli düşünür, Cəmil tələsmir... Gecikmiş addım və diqqət mərkəzə” - Mitinq öncəsi durum
Milli Şuranın iki dişsiz mitinqindən sonra müxalifət düşərgəsinin əsas partiyalarından hesab olunan Müsavat da mitinq təyin etdi. Məkan eynidir: Yasamal rayonu, “Məhsul” stadionu. Mitinqlə bağlı partiya meriyaya da rəsmi müraciət edib. Müsbət cavab verilsə Müsavat dekabrın 14-də insan haqları gününə həsr olunmuş mitinq keçirdəcək. Lakin mitinq qərarının arxasında diqqətçəkən iki məqam var.
Müsavatın gecikmiş addımı
Birincisi, mitinqin keçiriləcəyi gündür. Yəni Müsavat ölkədə insan
haqlarının durumuna toxunacaq. Eyni hal Milli Şuranın da
mitinqlərinin əsas şüarı idi. Halbuki Müsavat hələ qurultaydan öncə
həbs olunan QHT rəhbərlərinin müdafiəsi məqsədilə mitinq keçirmək
niyyətində idi. Lakin qurultay məsələsi ortaya düşdüyündən, mitinq
təxirə salındı. Milli Şura isə Müsavatı qabaqlamış oldu. İsa
Qəmbərin təşəbbüsü ilə yaradılmış Birləşmiş Müdafiə Komitəsində
təmsil olunan ADP sədri Sərdar Cəlaloğlunun həmin ərəfədə verdiyi
açıqlama ilginc idi. O, Əli Kərimlini mitinq keçirməklə əslində
Avropadan ayrılacaq pulları mənimsəməkdə ittiham edirdi.
Eyni ittihamla Müsavatın yeni başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli də çıxış etmişdi.
“AXCP sədri Əli Kərimlini məhbusların azadlığı yox, şəxsi
ambisiyaları düşündürür. Aksiya Məhbusların Müdafiə Mərkəzi
tərəfindən və bu qurumun təşkilatçılığı ilə həyata keçirilməli idi.
Biz bunu təklif etmişdik. Amma görünür Əli Kərimlini müxalifətin
birliyi deyil, heç məhbusların azadlığa çıxması uğrunda sanballı
mitinq təşkil etməkdə deyil, Milli Şuranın yeganə qüvvə olduğunu
sübut etməkdir. Yəni onu şəxsi ambissiyaları maraqlandırır. Bizim
də münasibətimiz adekvat olmalı, sonra özümüz təşəbbüsü ələ alaraq
aksiya təşkil etməliyik”, - deyə o bildirmişdi.
Görünür, Müsavat gec də olsa niyyətini yerinə yetirmək istəyir.
Diqqət daxili qarşıdurmadan yayındırılır
İkinci məqam Müsavatın daxili vəziyyəti ilə bağlıdır. VIII
qurultaydan sonra partiya de-fakto olaraq ikiyə bölünüb. Qubad
İbadoğlunun tərəfdarları Arif Hacılının başqanlığını tanımır,
tanınmış müsavatçılar yeni rəhbərliyə qarşı çıxırlar. Yəni Müsavatı
bu gün daha çox öz daxili vəziyyəti düşündürməlidir, nəinki hansısa
mitinq. Bəs nə üçün mitinq qərarı verilir?
Bu sualın cavabını Yeni Azərbaycan Partiyasının (YAP) icra
katibinin müavini Siyavuş Novruzov Publika.az-a
açıqlamasında verib (http://publika.az/p/52998).
“Müsavat daxilində güclü qarşıdurma var. Belə bir vaxtda
mitinqin təyin edilməsi suallar yaradır. Görünür, yeni rəhbərlik
yaranmış gərginliyi aradan qaldırmaq, yaxud ən azından diqqəti
daxili vəziyyətdən yayındırmaq üçün belə bir addım atır. Mitinq
üçün hava şəraitinin də məqbul olmadığını nəzərə alsaq, bu ehtimal
təsdiqini tapır. Amma Müsavat öz daxili problemini həll etməyə
çalışsa, daha yaxşı olar”, - deyə YAP
rəsmisi qeyd edib.
Milli Şura “bir salama dəyəcəkmi?”
Müsavatın mitinqinə Milli Şuranın dəvət olunması məsələsi də
gündəmdədir. Çünki Əli Kərimlinin de-fakto rəhbərlik etdiyi qurumun
iki mitinqində İsa Qəmbər də daxil olmaqla Müsavat rəhbərliyində
təmsil olunanlar, eləcə də yeni rəhbərliyi qəbul etməyən
tanınmışlar iştirak etmişdi. Lakin heç birinə nə söz verilmişdi, nə
də tribunaya dəvət olunmuşdular. Hətta salam belə verilməmişdi.
Müsavat funksioneri Mustafa Hacıbəyli bununla bağlı suala cavabında
əməkdaşlığın önəmini önə çəkir. O, salam vermək, yaxud tribunaya
dəvət etmək məsələsindən danışmaq istəmədiyini bildirib. Əvəzində
bütün siyasi təşkilatları, partiyaları mitinqə dəvət edib.
M. Hacıbəyli ümumi mənada söz demək istəyənlərə tribuna verilməyin tərəfdarı olduğunu bildirib.
Əli Kərimli düşünür, Cəmil Həsənli tələsmir...
Mitinqə kimlərin qatılmaq fikrində olduğuna gəlincə, ilk diqqət
AXCP-yə yönəlir. Bu, iki partiya arşındakı “soyuq savaş”dan doğan
məsələdir.
Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı bununla bağlı məsələnin
partiyada müzakirə olunmadığını bildirib.
Milli Şura rəhbəri Cəmil Həsənli isə mitinqə
qatılıb-qatılmayacağını hələ müəyyənləşdirməyib. O, bu barədə
danışmağın hələ tez olduğunu bildirib.
Müxalifət partiyalarından KXCP Müsavatın mitinqini dəstəkləyir.
Lakin KXCP sədrinin müavini Xəzər Teyyublu partiya olaraq mitinqə
getmək niyyətində olmadıqlaqrını bildirib. Onun sözlərinə görə,
üzvləri sərbəst şəkildə mitinqə qatıla bilərlər.
Sərdar Cəlaloğlu dəvət gözləyir: “Mitinqi oyuncağa
çevirməyin”
ADP sədri Sərdar Cəlaloğlu mitinqdə iştirak üçün rəsmi dəvət
gözləyir. O dəvət olunacağı təqdirdə gedəcəyini bildirib.
Lakin S. Cəlaloğlu demokratik prosesin tərkib hissəsi olan mitinq
faktorunu oyuncağa çevirməyin əleyhinə olduğunu deyib. Onun
sözlərinə görə, mitinq xalqın da, iqtidarın da müəyyən fikrə gələ
bilməsi üçün lazımdır: “Mitinqləri oyuncağa çevirməklə, onu ikinci
dərəcəli məqsədlərə xidmət etdirməklə ciddi demokratik prosedurun
əhəmiyyətini azaldırıq. Demokratik prosedurlara qeyri-ciddi
yanaşmaq olmaz”.
“Bütün müxalifət “Məhsul” stadionuna yerləşəcək qədər az
tərəfdara malikdir”
Milli Məclisin üzvü Zahid Oruc Müsavatın mitinq qərarını şərh
edərkən müxalifətin ümumi duruma diqqət çəkib: “Azərbaycanda
müxalif qüvvələr orta təbəqədən, cəmiyyətin aparıcı sahibkarlar
ordusundan tamamilə kənarda fəaliyyət göstərir. Yəni, hər hansı bir
imkana malik insanların onların təşkil etdiyi tədbirlərdə zaman
itirdiklərini görməmək mümkün deyil. Hətta aksiyanın keçirildiyi
məkanın yanından addımlayıb keçən insanlar da bir dalğa effekti
kimi həmin tədbiri digər küçələrə ötürməkdə maraqlı deyillər.
Müxalifətin hazırkı tədbirləri daha çox bu cəbhədəki münasibətləri
aydınlaşdırmağa və “o cinahda kimdir öndə olan qüvvə” sualına cavab
tapmağa xidmət edir. Müxalif elita çox amansız seyrəlmələrə məruz
qalıb. Elektoral baza yoxdur. Hətta onların dediyi kimi yeddi
minlik bir aksiyadırsa, bu 4 milyona qədər əhalinin məskunlaşdığı
Bakı şəhərində, aktiv bir kəsimdə 7 min rəqəmi bir bələdiyyə
üzvünün seçilməsinə belə yetməyəcək qədər kiçik bir qüvvə deməkdir.
Bununla hakimiyyətə güc göstərmək, özünü cəmiyyət proseslərində
hiss etdirmək, beynəlxalq aləmə mesaj vermək qeyri-mümkündür. Bu
müxalifətin 2015-ci il seçkilərinə qədərki dövrdə özünə aksiyalarla
tərəfdar toplamaq planıdırsa, əks effekt doğurur. Hakimiyyət açıq
şəkildə dünyaya göstərəcək ki, kim sərbəst toplaşmaq hüququnu
reallaşdırmaq istəyirsə, ona meydan tanınır”.
Millət vəkili bütün müxalifət qüvvələrinin bir “Məhsul” stadionuna
yerləşəcək qədər az tərəfdara malik olduğunu qeyd edib.
Asif Nərimanlı
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu