DAK sədri: “Aksiyaların Təbriz əhalisinə heç bir dəxli yoxdur”
Bizi izləyin

Nida.az

DAK sədri: “Aksiyaların Təbriz əhalisinə heç bir dəxli yoxdur”

İran hakimiyyəti mayın 18-də Təbrizdə Azərbaycan əleyhinə böyük etiraz aksiyası keçirməyi nəzərdə tutur. Belə bir aksiya keçirmək planı İranın dini lideri ayətullah Əli Xamneyinin Təbrizdəki nümayəndəsi, Təbriz imam-cüməsi ayətullah Möhsün Müctəhid Şəbüstəri çıxışı zamanı səsləndirib.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, millət vəkili Sabir Rüstəmxanlı Publika.Az-a bildirib ki, İranda keçirilən, o cümlədən may ayının 18-də Təbriz şəhərində planlaşdırılan anti-Azərbaycan aksiyanın əslində şəhərin əhalisinə heç bir dəxli yoxdur, aksiya iştirakçıları rejimin yığdığı adamlar olacaq.

Sabir Rüstəmxanlı qeyd edib ki, İran bölünən iki Azərbaycan arasında getdikcə artan əlaqələrə, yaxşılaşan münasibətlərə kölgə salmaq istəyir: “Hesab edirəm ki, bu aksiyalar üç milyondan artıq olan Təbriz xalqının Azərbaycana münasibətini ifadə etmir. Bu İran rejiminin mövqeyidir, həm də bu yeni hal deyil. Biz dəfələrlə demişik ki, Azərbaycan dövlət olaraq İranla münasibətlərdə 35 milyon azərbaycanlını diqqətdə saxlamalıdır. Bizimkilər, nəhayət, başa düşürlər ki, İran Azərbaycanla münasibətlərdə heç vaxt səmimi olmayıb və olmayacaq. İranın torpaqlarımızı işğal edən Ermənistana yardımlar etməsi də bunun bariz nümunəsidir”.

“Evrovision” mahnı müsabiqəsinin sözügedən aksiyaları keçirmək üçün İranın əlində bir bəhanə olduğunu deyən millət vəkili hesab edir ki, bu səylər nəticə verməyəcək. O, qeyd edib ki, İran əslində Azərbaycan musiqisinin Avropaya çıxmasına, belə bir musiqi yarışmasına ev sahibliyi etməsinə əslində sevinməlidir: “Musiqimiz də, mədəniyyətimiz də ortaqdır. Siyasi baxımdan da İranın başında dayananların çoxu türklərdir. Min illərlə İran türk dövləti olub. Milləti bir-birinə qarşı qoymaq xəyanətkar siyasətdir. İranla mehriban qonşuluq siyasətinin tərəfdarıyıq, amma bu o demək deyil ki, 35 milyonluq xalqımızın hüquqlarından imtina etməliyik”.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Azərbaycanla İran arasında ciddi münaqişə yaradan heç bir səbəb yoxdur: “Müəyyən xarici qüvvələr Azərbaycana hansısa eyhamlar edir, İran təhlükəsinin olduğu barədə mesajlar verilir. Təhlükə yoxdursa, təhlükəni yaratmaq üçün tədbirlər görülür”.

Aksiyalar üçün yerin Təbriz şəhəri seçilməsinə gəlincə, politoloqun fikrincə, daxili siyasət üçün bunun heç bir əhəmiyyəti yoxdur. Amma o, bildirib ki, bu həm də Azərbaycana mesajdır: “İran aksiyaları Təbrizdə keçirməklə onu demək istəyir ki, ay Azərbaycan, sənin cənub kartından istifadə etmək cəhdinin heç bir perspektivi yoxdur. İranı yaxşı tanıyan mütəxəssislər gözəl bilirlər ki, Cənubi Azərbaycan mövzusu qeyri-ciddi mövzudur”.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm