Nida.az
ABŞ-ın həbs etdiyi azadlıq
Culian Assanc və Edvard Snouden kimi şəxslərin ABŞ-ın
dövlət siyasətinin ifşasına yönələn məlumatları yaymaları bütün
dünya üçün həyati əhəmiyyətə çevrildi. Lakin ABŞ kimi nəhəng və hər
kəsi idarə etmək ambisiyasını ortaya qoyaraq imperiya siyasət
yürüdən ölkələrdə bu işi görmək üçün xüsusi cəsarət lazımdır.
Nəzərə alaq ki, bu imperiyanı Sovet İttifaqı ilə rəqabət dövründə
də, ondan sonra da bütün dünyanın sərvətini əllərində cəmləməyə
çalışan böyük biznes şəbəkəsinin faktiki təyin etdiyi şəxslər idarə
edir. 1990-cı illərin əvvəllərində SSRİ süquta uğradıqdan sonra
şəbəkə və onun təyin etdiyi prezidentlər birqütblü dünya nizamını
faktiki olaraq rəsmiləşdirdilər və hazırda onu qoruyub saxlamaq
üçün əllərindən gələni edirlər.
Son illər Culian Assanc və Edvard Snouden ABŞ Dövlət
Departamenti, Milli Təhlükəsizlik Agentliyi və Böyük Britaniyanın
Hökumət Rabitəsi Mərkəzinə məxsus məxfi sənədləri və
informasiyaları açıqlayaraq ABŞ-ın həyata keçirdiyi siyasətin əsl
üzünü, düşmənləri bir yana qalsın, hətta dostlarına qarşı riyakar
davranışını ifşa etdilər. Snouden ABŞ-ın xüsusi xidmət orqanlarının
bütün dünyada dövlət və hökumət başçılarının, ayrı-ayrı
strukturların, medianın, hüquq müdafiə təşkilatlarının
fəaliyyətini, danışıqlarını yaxından izlədiyinə dair çoxsaylı
sübutlar ortaya qoydu. Wikileaks və onun rəhbəri Culian Assanc isə
Dövlət Departamentinin yazışmalarını bütün dünyaya təqdim edərək
ABŞ-ın müxtəlif ölkələrdə apardığı məkrli siyasəti tam ifşa etdi.
Təbii ki, şəbəkə və onun iradəsini həyata keçirən Barak Obama
məsələni belə qoya bilməzdi və dərhal qisas mexanizmi işə salındı.
Onlar cavab zərbəsi endirərək, həmin insanları həbslə susdurmağa
çalışdılar. Bu, ABŞ-ın demokratiya və insan hüquqları baxımından
necə qəddar bir ölkəyə çevrildiyini sübut edən
nümunələrdəndir.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Təhlükəsizlik
Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden 2013-cü ilin
iyununda “The Guardian” və “The Washington Post” qəzetlərinin
redaksiyasına ABŞ xüsusi xidmət orqanlarının mövcud informasiya və
rabitə şəbəkələri vasitəsilə total şəkildə dünya üzrə ayrı-ayrı
ölkələrin vətəndaşlarını izlədiyinə dair çoxsaylı faktlar və PRİSM,
X-Keyscore, Tempora kimi layihələr barədə məlumatları ötürdü.
Pentaqonun məxfi hesabatına əsasən, Snouden 1,7 milyon faylı ələ
keçirməyə müvəffəq olmuşdu. Bunların əksəriyyəti ABŞ ordusu,
hərbi-dəniz qüvvələri, dəniz piyadaları və hərbi-hava qüvvələrinin
həyata keçirdiyi əməliyyatlara aid idi. Məsələ ilə əlaqədar 2013-cü
il iyunun 14-də Snoudenə qarşı casusluq və dövlət mülkiyyətinin
mənimsənilməsi ittihamları irəli sürüldü və o, beynəlxalq axtarışa
verildi. Snouden əvvəlcə Honqkonqa, sonra isə Rusiyaya qaçdı və
2013-cü ilin avqustunda Rusiyada müvəqqəti sığınacaq, sonra isə
yaşamaq hüququ aldı. Hazırda Snouden Moskva ətrafında yaşayır və
qətlə yetiriləcəyindən qorxaraq evdən bayıra çıxmır. Onun ciddi
mühafizə olunduğu da deyilir. Bu da təbiidir, çünki ABŞ xüsusi
xidmət orqanlarının belə şəxsləri müxtəlif vasitələrlə aradan
götürdüyü heç kimə sirr deyil.
Wikileaks saytının yaradıcısı Culian Assancın taleyi isə daha
acınacaqlıdır. Bu, ABŞ-ın müxtəlif adamları ləkələmək, həbs etmək
üçün bir tərəfdən hansı mürtəce metodlardan istifadə etdiyini,
digər tərəfdən də bəzi ölkələr istisna olmaqla, dünyanın istənilən
nöqtəsində ciddi təsir mexanizmlərinə malik olduğunu açıq göstərir.
Çünki Assancın qanuni yolla həbsi üçün heç bir hüquqi əsas tapmayan
Vaşinqton Avropadakı müttəfiqləri vasitəsilə ona qarşı qurama iş
təşkil etdi. 2010-cu il avqustun 20-də İsveç məhkəməsi Assancı iki
qadını zorlamaqda şübhəli bilərək onun həbsi ilə bağlı qərar
çıxardı. Şübhə isə ondan ibarət idi ki, guya Assanc intim əlaqədə
olduğu və adının hansı səbəbdənsə açıqlanmadığı qadının xüsusi
qoruyucu vasitələrdən istifadə etmək xahişini nəzərə almayıb.
Həmçinin hansısa “miss X” yuxuda olarkən, Assanc qoruyucu vasitə
istifadə etmədən onunla cinsi əlaqəyə girib. Çox maraqlıdır ki,
Avropa ölkələrinin tam əksəriyyətində bu kimi əməllər təsdiqini
tapdıqda belə cinayət məsuliyyətinə alınmırlar. İsveç isə bu mənada
istisna təşkil edir. C.Assanc müxtəlif ölkələrdə qadınlarla intim
əlaqələrdə ola bilərdi, amma belə hallar yalnız İsveçdə cinayət
məsuliyyəti doğurduğuna görə, Wikileaks rəhbərinə də məhz bu ölkədə
cinayət işi açıldı. Özü də Wikileaks-ın ifşaedici materiallar
yaymasından dərhal sonra.
Culianın özü müxtəlif nəşrlərə müsahibələrində bildirib ki, bu
ittihamlar saxtadır və Wikileaks-də “əfqan işi” açıqlandıqdan sonra
ona qarşı təzyiq vasitəsi kimi ortaya atılıb. Maraqlıdır ki, bundan
sonra İsveç hakimiyyəti Assancın həbsi ilə bağlı qərarı ləğv etsə
də, 2010-cu il sentyabrın 1-də “zorlama” məsələsi ilə bağlı iş
yenidən qaldırıldı. Noyabrın 18-də C.Assancın həbsinə order
verildi, dekabrın 8-də isə İnterpol onu beynəlxalq axtarışa elan
etdi. Assancın Böyük Britaniyaya sığınmaq cəhdi də uğursuz alındı
və London məhkəməsi onun İsveçə ekstradisiyası ilə bağlı qərar
çıxardı. Nəticədə Wikileaks rəhbərinin Ekvadorun Londondakı
səfirliyinə sığınmaqdan başqa çıxış yolu qalmadı.
Məsələnin gülünc tərəfi də odur ki, bu günə kimi Assanca qarşı
rəsmi şəkildə əsaslı heç bir ittiham irəli sürülməyib. İsveç polisi
iddia edir ki, ehtimal olunan cinayət işinin təfərrüatının
aydınlaşdırılması üçün onu sorğulamaq istəyir. Ekvador səfirliyinin
onunla səfirlikdə görüşmək təklifi də səbəbi göstərilmədən rədd
edilib.
Əlbəttə, C.Assancın işi siyasi motivlidir və Wikileaks-in
fəaliyyəti ilə birbaşa bağlıdır. ABŞ hökuməti Avropadakı
müttəfiqlərinin əli ilə Assancın səsini boğmağa və təcrid etməyə
çalışsa da, onun Ekvadorun səfirliyinə sığınması Vaşinqtonun bütün
kartlarını dolaşdırdı. Medianın yaydığı məlumata görə, Britaniya
hökuməti Assancı həbs etmək üçün Londondakı Ekvador səfirliyinə
hücum təşkil etmək planından son anda imtina edib. Buna səbəb isə
belə halın həm də ciddi diplomatik qalmaqala səbəb olacağı riski
ilə bağlı olub.
Əslində, məsələ ətrafında dərindən düşündükdə, aydın olur ki,
həbs təhlükəsi ilə bağlı Ekvador səfirliyini tərk edə bilməyən
C.Assanc sadəcə daha rahat həbsxanadadır. Onun İsveçrədəki bank
hesabları bloklanıb, Wikileaks-in beynəlxalq ödəniş sistemlərinə
çıxışı qapadılıb, Assancın tərəfdarlarının Facebook və Twitterdəki
akkauntlarının fəaliyyəti də dayandırılıb. Ekvador səfirliyindəki
balaca bir otaqda onun yatağı, kitab rəfi, masası, oturacağı və
gündüz işığı var. 2012-ci il sentyabrın 27-də isə ABŞ onu “dövlətin
düşməni” elan edib.
C. Assancın hüquqlarını müdafiə edən Daniel Ellsberq deyir ki, artıq 4 ildir Wikileaks rəhbəri əsaslı ittiham irəli sürülmədən təqib olunur: “O, İsveç hökumətindən ABŞ-a ekstradisiya olunmayacağı və üzərində ədalətli məhkəmə həyata keçiriləcəyi barədə heç bir zəmanət ala bilmir. Assanc 900 gündən artıqdır ki, ittihamsız Ekvadorun səfirliyindədir. Beynəlxalq hüquq, hətta sağlam məntiq baxımından bu, sadəcə hiddət doğurur. Mən hesab edirəm ki, bu insan bütün dünyanın minnətdarlığına layiqdir, bunun əvəzində isə heç bir ittiham irəli sürülmədən təcrid vəziyyətində qalmağa məhkumdur. İndiki əsassız ittihamlar aradan götürülməli və o, azad olunmalıdır”.
Bütün bunlar Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutudur. Üstəlik, ABŞ əlində olan bütün vasitələrlə Assancı və Snoudeni müdafiə edən medianı, hüquq müdafiə təşkilatlarını susdurur. Kimləri böyük qrantlar ayıraraq satın almaqla, kimləri isə təhdid və şantajla. Bariz nümunə kimi Böyük Britaniya hökumətinin Wikileaks-ın məlumatlarını yayan “The Guardian” nəşrinə təzyiqlərini göstərmək olar.
Amma iş bütün bunlarla da bitmir. Bu gün də müxtəlif vəzifəli
şəxslər Vaşinqtonun siyasəti əleyhinə çıxanlara qarşı hüquqi
çərçivədə ölçü götürülməsi ilə bağlı təşəbbüslər irəli sürürlər. Bu
təşəbbüslərin birbaşa Ağ evlə bağlı olduğuna dair kifayət qədər
şübhələr mövcuddur. Məsələn, senator Co Libermanın Assancın
casusluqda təqsirli bilinərək həbsini təmin edəcək qanun layihəsi
irəli sürmüşdü və onun lobbiçiliyini həyata keçirmişdi. Alyaskanın
qubernatoru Sara Peylin isə internet səhifəsi və şəxsi e-maili
vasitəsilə Assancı fiziki cəhətdən məhv etməyə çağırmışdı.
ABŞ özünün nəhəng resursları ilə dünyanı ələ alıb və bütün
alternativ fikirli hökumətləri devirməyə, müstəqil qurumları gözdən
salmağa və ya satın almağa, Assanc və Snouden kimi bütün dünya üçün
mühüm iş görən azad fikirli insanları isə təcrid etməyə, bu mümkün
olmadıqda isə aradan götürməyə çalışır. Sonra isə demokratiyadan,
yüksək ideallardan dəm vurur. Lakin bu ölkənin özündə vəziyyət
kifayət qədər acınacaqlıdır. Amerika xalqı şəbəkənin və Prezident
Obamanın insanların həyatını fərdi qaydada əzməsindən və bütövlükdə
azadlıq anlayışını həbs etməsindən narahatdırlar. Bu yaxınlarda
Ferqyusonda baş verən hadisələr də həyatın bir küncünə sıxılmış,
təhlükəsiz şəraitdə, qorxusuz yaşamaq istəyən, elementar
hüquqlarının təmin olunmasını tələb edən insanların mövcud sistemə,
üsul-idarəyə qarşı sərt etirazı idi. Bütün dünya əsl siması
Quantanamo olan ABŞ hakimiyyətinə xatırlatmalıdır ki, XXl əsrdə
imperiya ambisiyaları uğurlu seçim deyil və son nəticədə ABŞ-ın
özünə ziyan vuracaq.
"Azərbaycan" qəzeti
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR