Niyaməddin Orduxanlı: “Bolşevik təfəkkürlü Əli Kərimli ilə danışığın mənası yoxdur”
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı: “Bolşevik təfəkkürlü Əli Kərimli ilə danışığın mənası yoxdur”

“2013-cü il prezident seçkilərində Rusiyanın əlbuyruqçusuna çevrilən Əli Kərimli indi özünü Rusiyanın qatı əleyhdarı kimi göstərir. Əbülfəz Elçibəyə güzəştə getməyən İsa Qəmbər siyasi təcrübəsi olmayan 75 yaşlı qoçaya güzəştə getdi... Yəni Rüstəm İbrahimbəyov Əbülfəz Elçibəydən önəmli adamdır?! Bütün ömrünü İsa Qəmbərlə mübarizəyə həsr edən Əli Kərimli bu adamlarla hakimiyyətdə birgə təmsil olunmağa razılıq vermişdi”.


Müxalifət düşərgəsi bu il keçiriləcək parlament seçkilərinə vahid mərkəzdə getmək istəyir. Artıq bu istiqamətdə ayrı-ayrı partiyalar tərəfindən müxtəlif təşəbbüslər də irəli sürülüb, müzakirələr başlayıb. Bəs görəsən, müxalifətin parlament seçkilərinə birgə getməsi nə dərəcədə mümkün olacaq?

Publika.az-ın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bu və ya digər suallarla bağlı mətbuata müsahibə verib.


- Niyaməddin bəy, parlament seçkiləri ilində yenidən müxalifətin bir mərkəzdə birləşməsi, seçkiyə blok şəklində getməsi ilə bağlı təşəbbüslər irəli sürülür. Bu günlərdə Demokratiya və İnsan Hüquqları Mərkəzi də belə bir təkliflə çıxış edib. Sizcə, bu birlik nə dərəcədə mümkün olacaq?


- Sizin söhbət acdığınız çağırışları ancaq radikal siyasi düşərgənin nümayəndələri edir. Birmənalı olaraq deyə bilərəm ki, bu radikal müxalifət son illərdə keçirilən parlament seçkilərində məcburən bir siyasi blokda iştirak edib. Yəni, bir-birinə patoloji nifrət bəsləyən iki tərəf - Əli Kərimli ilə İsa Qəmbər məcburən seçkiyə birgə qatılıblar. Bunların seçkiyə birgə qatılmasının səbəbi beynəlxalq təşkilatların göstərişi və əmri olub. Bu əmrdən heç biri kənara çıxa bilməyib.

Azərbaycan cəmiyyəti açıq-aydın görür ki, uzun illərdir yola gedə bilməyən adamlar, özlərinə məxsus mətbuat şəbəkəsində bir-birini təhqir edən siyasi partiyaya liderləri seçkiyə 1 ay qalmış "dost", "qardaş", "müttəfiq" olurlar. Seçki bitən kimi yenidən qarşılıqlı ittihamlar başlayır. Bir-birinə "satqın", "xəyanətkar", "hakimiyyətin mandatını alan" və s. kimi daha ağır təhqirlərə əl atırlar. Əli Kərimli 2000-ci il parlament seçkilərində parlamentin işinə qatılmayacağı ilə bağlı radikal müxalifətin hazırladığı birgə sənədə qol çəkdi. Ancaq Konstitusiya Məhkəməsi nəticələri elan edəndən sonra Əli Kərimli imzaladığı sənədə əhəmiyyət verməyərək 4 nəfərlə birlikdə parlamentə getdi. Bax, Əli Kərimlinin əsl siması onda göründü. Bütün radikal müxalifət təmsilçiləri Əli Kərimlini satqın adlandırdı. Müsavat Partiyası 2005-də ildə 4 nəfərlə parlamentə gedəndə eyni ittihamla Əli Kərimli çıxış etdi.


- Maraqlıdır ki, AXCP və Müsavat birlik təşəbbüslərinə qoşulmur. Bu onu deməyə əsas verirmi ki, hər iki partiya yenidən bir araya gəlmək üçün xarici dairələrdən sifariş gözləyir?


- Beynəlxalq təşkilatlar göstəriş versələr, bu partiyalar əvvəlki illərdə olduğu kimi indi də seçkiyə birgə qatılacaqlar. 2013-cü prezident seçkilərində Rusiyanın əl buyruqçusuna çevrilən Əli Kərimli indi özünü Rusiyanın qatı "əleyhdarı" kimi göstərir. Guya bu adam təzədən dönüb olub "qərbyönümlü" siyasətçi. Artıq bütün beynəlxalq təşkilatlar da bilirlər ki, Əli Kərimliyə etibar etmək olmaz. Bu adam hakimiyyətə gəlmək üçün İranın molla rejimindən də dəstək istəyər.


- Rusiya və ya bir başqa dövlətin 2013-cü ilin prezident seçkilərində olduğu kimi parlament seçkilərində də AXCP-Müsavat cütlüyünə “stavka” etməsi mümkündürmü?


- Rusiya 2013-cü il prezident seçkilərində Rüstəm İbrahimbəyov vasitəsi ilə bu adamların hakimiyyətə gəlmək sevgisindən istifadə edib, çox məharətlə yararlana bildi. Görün vəziyyət nə yerdə idi ki, Əbülfəz Elçibəyə güzəştə getməyən İsa Qəmbər siyasi təcrübəsi olmayan 75 yaşlı qoça kişiyə güzəştə getdi...

Yəni Rüstəm İbrahimbəyov Əbülfəz Elçibəydən önəmli adamdır?! Bütün ömrünü İsa Qəmbərlə mübarizəyə həsr edən Əli Kərimli bu adamlarla hakimiyyətdə birgə təmsil olunmağa razılıq vermişdi. Çox gülməli addımlar atırdılar, vəzifə bölüşdürürdülər, icra başçıları, Milli Məclisin deputatlarını seçirdilər. Ancaq sonradan bildilər ki, sən demə, Rusiya bunlara “stavka” etməyib, sadəcə, uşaq kimi başlarını aldadıb. Rusiya heç vaxt bu cür siyasi düşərgəyə “stavka” etməz. Yalnız öz məqsədləri üçün yararlanar. Bu il keçiriləcək parlament seçkilərindəki “stavkaya” gəldikdə isə, ciddi bir dəstəyin olacağına inanmıram. Ancaq hakimiyyətə yenə də təzyiq etmək fikrini istisna etmirəm. Bunu gözləmək olar.


- Sizcə, müxalifət düşərgəsi bu seçkilərdən necə ayrılacaq. Uzun illərin uğursuzluğunu hansısa nailiyyət əvəz edə biləcəkmi?


- Bu qüvvələr 2010-cu il parlament seçkilərində 125 dairədən bir mandat belə əldə edə bilməyiblər. Və son 5 ildə bu düşərgədən xeyli şəxs istefa verərək siyasətdən kənarlaşıb. Mənim gözləntim odur ki, bu dəfə də radikal müxalifət parlament seçkilərində hər hansı qələbə qazana bilməyəcək. Düşünürəm ki, Azərbaycan cəmiyyəti 22 il siyasi düşmənçilik edən bir qrup şəxsi artıq siyasətdə görmək istəmir və parlament seçkilərində bunu göstərəcək.

- Ümumiyyətlə, hazırkı situasiyada müxalif düşərgədəki partiyalararası münasibəti necə xarakterizə edərdiniz?


- Yalnız radikal müxalifət təmsilçiləri bir-biri ilə yola getmir. Ancaq ölkənin konstruktiv müxalifət təşkilatları arasında, parlamentdə təmsil olunan siyasi partiyalarda münasibətlər çox normal şəkildədir. Bilirsiniz ki, hakimiyyət nümayəndəsi olan hörmətli Əli Həsənov bu yaxınlarda 10-dan artıq partiya rəhbəri ilə görüş keçirdi. Və bu görüş çox müsbət addım kimi xarakterizə olundu. Bir masa arxasında oturub birgə müzakirələr aparıldı. Ölkədə mövcud problemlərdən danışıldı. Hər kəs öz istək və arzularını ifadə etdi. Ancaq bu gün bolşevik təfəkkürlü Əli Kərimli ilə hansı müzakirəni aparmaq olar?! Onunla danışmağın heç bir mənası yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm