Müsavat rəhbərliyi haqda şok iddialar: 7 rəqəmli maliyyəni kim mənimsəyib?
Bizi izləyin

Nida.az

Müsavat rəhbərliyi haqda şok iddialar: 7 rəqəmli maliyyəni kim mənimsəyib?

“Arif Hacılı anti-demokrat olmaqla yanaşı, qatı regionçudur. O, naxçıvanlılara nifrət edir. Onunla münasibətlərimizin kökündə dayanan səbəblərdən biri də budur”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd, ADR üzvü Səxavət Əlisoy deyib.


“Müsavatda 7 rəqəmli mənimsəmə olub”


Əslən Naxçıvandan olan S. Əlisoy Müsavat başqanının regionçuluq xəstəliyinə tutulduğunu bildirib.


“Arif Hacılı və komandası 2006-cı ildə qurultaydan sonra Məclisə sədr seçkisi keçirilən zaman məğlub olacaqlarını bilirdilər. Bununla bağlı onunla söhbətimiz oldu. Arif Hacılı başqan seçkilərində onu müdafiə etməyimi istədi. Öz növbəmdə şərtlər irəli sürdüm və bildirdim ki, əgər mənim müdafiə etməyimi istəyirsənsə, bu şərtlərə riayət elə. Həmin şərtlərdən birincisi 2003-cü ildə seçki qərargahında yığılmış pulların, ianələrin aqibəti barədə hesabat vermək idi. Çünki həmin vaxt 7 rəqəmli mənimsəmə faktından söhbət gedirdi. Buna cavab verə bilmədi. İkinci şərtim naxçıvanlılara nifrətinin kökündə nəyin dayandığını izah etməsi idi. Təbii ki, buna da cavab vermədi, hətta and-aman edərək belə bir söz işlətmədiyini bildirdi.

Müsavat Məclisindəki bütün çıxışlar partiyanın mətbuat xidmətinin əməkdaşı, video-operator Mehman Kərimli vasitəsilə videolentə köçürülüb. Əgər Hacılının cəsarəti varsa, çıxıb bütün bunları əsaslı şəkildə təkzib etsin. Hacılı hazırda ətrafında olan bir dəstə boşboğazın arxasında gizlənib və guya onlar vasitəsilə mənə cavab verir. Arif Hacılının həndəvərindəki həmin qullara da öz mövqeyimi dəfələrlə xatırlatmışam”, - deyə o bildirib.


Qeyd edək ki, son dövrlər Müsavatdaxili qarşıdurma sosial şəbəkələrdə açıq şəkildə özünü büruzə verir. Xüsusilə Arif Hacılının əleyhdarları onun haqqında bəzi məqamları açıqlayırlar.


“İsa Qəmbər “Yastı Salman”, Arif Hacılı “Əbülfəz”, Pənah Hüseyn “Lal Hüseyn”


Vaxtilə Müsavatın Sumqayıt rayon təşkilatının rəhbərliyində təmsil olunan Qabil Rzayev Arif Hacılını qrupbaz, siyasi ambisiyasını partiya maraqlarının üzərində görən insan kimi xarakterizə edib.


“Arif Hacılı Müsavatda qrupbazlıq siyasətinin təməlini qoyan insandır. Bu gün Müsavat deyilən partiyadakıların əxlaq səviyyəsinə mən Hacılının əxlaqına baxaraq qiymət verirəm. Bir sözlə, İsa Qəmbər “Yastı Salman”, Arif Hacılı “Əbülfəz”, Pənah Hüseyn “Lal Hüseyn”dir”, - deyə o Müsavatı “Böyük dayaq” filminin personajları ilə eyniləşdirib.


“ADR-ə qarşı kampaniyanın başında Arif Hacılı dayanır”


ADR üzvü, İsa Qəmbərin keçmiş müşaviri Hüseyn Məlik də Arif Hacılını kəskin tənqid edib. O, Müsavat Partiyasının ADR-ə qarşı olduğunu bildirir.


“Azərbaycan Demokratiya və Rifah hərəkatına qarşı aparılan kampaniyanın başında Arif Hacılı dayanır. Əvvəl tədbirin keçirilməsini məqsədəuyğun hesab etmədiklərini deyirdilər. Sonra bizə zal hazırladıqlarını bildirdilər. Guya biz bilərəkdən hazır zalda tədbir keçirməmişik. Deyirlər ki, Müsavat daxilində müsavatçıların hüquqlarını müdafiə komitəsi yaratmaq olmaz. Bu məntiqə görə dövlətin daxilində də vətəndaşların müdafiə komitəsi yaradılmamalıdır”, - deyə o vurğulayıb.

İsa Qəmbərin sabiq müşaviri daha sonra partiyanı 2015-ci il parlament seçkiləri öncəsi bazarlıq etməkdə günahlandırıb və mandat əldə etmək üçün aparılan oyunları pisləyib.


P. S. Yazıda adı keçən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm