Dünya liderləri Münhendə: Qərb Dağlıq Qarabağa dönüş edir – TƏHLİL
Bizi izləyin

Nida.az

Dünya liderləri Münhendə: Qərb Dağlıq Qarabağa dönüş edir – TƏHLİL

Bu gün Münhendə 51-ci təhlükəsizlik konfransı işinə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi konfransda əsas məsələ Ukrayna böhranıdır.

Publika.az xəbər verir ki, konfransda Ukrayna ilə yanaşı, digər münaqişələr, o cümlədən Dağlıq Qarabağ məsələsi də diqqət mərkəzindədir. ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə ilə bağlı Ermənistan xarici işlər naziri Eduard Nalbandyanla görüş keçirdib.

Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” hesabında görüşlə bağlı yüksək əhvali-ruhiyyəli fikirlər yazıb.


Rusiyanın “Nezavisimaya qazeta” nəşri Münhen konfransının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinə müsbət təsir edə biləcəyini yazıb. Nəşrə görə, Bakı Qərbə böyük ümidlər bəsləyir. Xüsusilə İlham Əliyevin Berlin səfəri zamanı Almaniya kansleri Angela Merkelin vasitəçi olmaqla bağlı ümidverici çıxışı bunu deməyə əsas verir. Lakin hər şey hələ ki masa üzərindədir. Digər tərəfdən, rəsmi Bakı üçün cari məsələ Ermənistan tərəfindən əsir alınan kəlbəcərli girovların azad olunmasıdır.


Politoloq Rövşən İbrahimov da Münhen konfransını Dağlıq Qarabağ münaqişəsi üçün önəmli hesab edir. Onun fikrincə, Prezident İlham Əliyevin burda iştirakı da bəzi ehtimallar yaradır.


“Konfransda Ukrayna məsələsi aktual olaraq qalır. Eləcə də İŞİD təhlükəsi və beynəlxalq təhlükəsizliyə təhdid olan digər məqamlar gündəliyə gətiriləcək. Qafqaza gəlincə, burda əsas məsələ Dağlıq Qarabağ münaqişəsidir və bu Azərbaycan üçün də ən vacib məqamdır. Prezident İlham Əliyevin konfransda iştirakı da müəyyən ehtimallara yol açır. Onun iştirakı güman ki, məhz Qarabağla bağlıdır və Azərbaycan lideri konfransda bu məsələyə lazımi diqqət yönəldə biləcək. Görünür, Ukraynadan sonra post-sovet məkanındakı münaqişələrə Qərbin yanaşması dəyişir. Prezident İlham Əliyevin Berlinə səfəri zamanı Merkelin münaqişəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyması da bunu deməyə əsas verir. Bütün bunlar yeni gözləntilər və münaqişənin müsbət həllində irəliləyişlər vəd edə bilər”, - deyə politoloq bildirib.


Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında Münhen konfransından sonra Qərbin Dağlıq Qarabağ münaqişəsinə diqqətinin artacağını düşünür. Onun sözlərinə görə, Ukrayna yenidən diqqətləri post-sovet məkana yönəltdi: “Son dövrlər Qərb, xüsusi ABŞ Böyük yaxın Şərq planı ilə məşğul idi. Əfqanıstan və İraq ABŞ üçün “çətin müstəvi” oldu. Ardınca Suriya məsələsi ortaya çıxdı və dünya daha çox bununla maraqlanırdı. Lakin Ukrayna hadisələri göstərdi ki, Rusiya post-sovet məkanında gücünü bərpa edir. Ona görə də Qərb bundan sonra Rusiyaya bu məkanda güclənməyə imkan verəcək. Bu ümumi dalğa münaqişələrin həllinə də müəyyən mənada təsir edə bilər. Qərb diqqəti Abxaziya və Cənubi Osetiya, Dnestryanı və Cənubi Qafqazda ən qədim münaqişə olan Dağlıq Qarabağa yönəldəcək”.


Politoloq Dağlıq Qarabağ münaqişəsində yeni vasitəçilərin ortaya çıxa biləcəyini hesab edir.


“Misal üçün, Almaniya artıq belə istəyini açıqlayıb. Söhbət konkret Minsk qrupunda təmsil olunmaqdan getmir. Bu və ya digər formada münaqişənin həllinə dəstək verilə bilər”, - deyə o bildirib.


Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri də Publika.az-a açıqlamasında Münhen konfransının Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi olması fikrini istisna etmir.


Onun sözlərinə görə, Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır, danışıqları pozur: “Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. Ermənistan ATƏT Minsk Qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də saymır. Ukraynadan sonra beynəlxalq hüquqda baş vermiş çat Qərbi ciddi düşündürür. Digər tərəfdən, burda Azərbaycanın itirilməsi faktoru da var. Misal üçün, Krımın Rusiya tərəfindən ilhaqından bir neçə gün sonra bu ölkəyə qarşı ABŞ və Avropa Birliyinin sanksiyaları tətbiq olundu. Keçən müddət ərzində sözügedən sanksiyalar dəfələrlə genişləndirilib və daha sərt şəkil alacağı gözlənilir.

Bütün bunlar isə beynəlxalq birliyin, dünya güclərinin Dağlıq Qarabağ məsələsinə ögey münasibət sərgiləməsindən xəbər verir. Ukrayna hadisələrinə Rusiyanı cəzalandırmaqla reaksiya verən qərb dövlətləri, beynəlxalq təşkilatlar nədən Dağlıq Qarabağ münaqişəsinin həllində görünməz olurlar? Bu rəsmi Bakını haqlı olaraq narahat edir və Azərbaycan rəhbərliyi ona göstərilən münasibətə adekvat olaraq reaksiya verir. Bu baxımdan, Qərb bundan sonra rəsmi Bakını narahatlığını nəzərə ala bilər”.


N. Miri ümumi hədəfin Rusiya olduğunu qeyd edib. Onun fikrincə, Rusiyanın əl-qolunu kəsmək üçün Qərbin post-sovet məkanında bütün münaqişələrə diqqətini artıracağı gözləniləndir.

Politoloq Münhen konfransının Qərbin gələcək yanaşmasında dönüş nöqtəsi ola biləcəyini düşünür.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm