İqtidar – müxalifət dialoqu: Müsavat və AXCP “yox”, Pənah Hüseyn “hə” dedi
Bizi izləyin

Nida.az

İqtidar – müxalifət dialoqu: Müsavat və AXCP “yox”, Pənah Hüseyn “hə” dedi

Sabah Beynəlxalq Mətbuat Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) dialoq və siyasi partiyalarla əlaqələr komissiyasının sədri, PA-nın şöbə müdiri Əli Həsənovun dəvəti ilə növbəti iqtidar-müxalifət dialoqu keçiriləcək.


Publika.az dialoqda iştirak edən siyasi partiya sədrlərinin fikirlərini öyrənib.


Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bu cür dialoqların vacib olduğunu deyib: “Siyasi partiyalar arasında dialoq həmişə aktual məsələdir. Hansısa məsələləri eyni masa arxasında müzakirə etmək, çıxış yolları axtarmaq daha yaxşı variantdır, nəinki uzaqdan bir-birini ittiham etmək. Bizim partiya həmişə dialoqun tərəfdarıdır”.


ADP sədri Sərdar Cəlaloğlu iqtidar-müxalifət görüşünün keçirilməsini olduqca əhəmiyyətli hadisə adlandırıb.


“Ötən dəfə keçirilən dialoq bu prosesin müstəvisini formalaşdırdı. Hər şeyi müzakirə edərək həll etmək siyasi tarixdə uğurlu variantdır. Hesab edirəm ki, bütün siyasi partiyalar belə dialoqlarda iştirak etməlidir”, - deyə o bildirib.


ADP sədri hazırki siyasi situasiyada dialoq üçün şərtlərin irəli sürülməsini lazımsız hesab edir: “Mən digər partiyalar kimi Müsavat və AXCP-nin də burda iştirakını arzulayıram. “Yerdə-göydə ancaq mən varam” deməklə iş bitmir. Bu yanaşmanı xüsusilə cəbhəçilərdə görürük. Dialoqdan heç kəs kənarda qalmamalıdır. Bir nəfər kənarda qalırsa, onun əhəmiyyəti azalır. Demokratiyanın ən vacib prinsiplərindən biri konsensusdur, razılaşmaqdır”.


S. Cəlaloğlu sabah baş tutacaq dialoqun ölkə üçün əhəmiyyətli olacağını hesab edir.


AMİP sədri Yusif Bağırzadə də dialoqun Azərbaycan üçün lazımlı proses olduğunu bildirib: “Siyasi hakimiyyət, yaxud müxalifət olmaq olar. Yaxud bu proseslərin heç birinə qoşulmamaq da olar. Amma söhbət Azərbaycandan gedir. İndiki şəraitdə ümummilli məsələlər daha önəmlidir, nəinki siyasi, yaxud partiya maraqları. Biz dövlətçilik üçün həmişə güzəştə getməyi bacarmalıyıq. Şərtli danışıq heç kəsə lazım deyil”.


Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa siyasi partiyalar arasında təmasın vacibliyini qeyd edib. Onun sözlərinə görə, dialoq siyasi tarixdə ən vacib məsələdir və bundan qaçmaq doğru yanaşma deyil. F. Mustafa sabah keçiriləcək görüşü yüksək qiymətləndirdiyini bildirib.


Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı siyasi müzakirələrin ən faydalı iş olduğunu hesab edir.


“Çəkişmək, didişmək yox, dialoq aparmaq lazımdır. Bəzi müxalifət nümayəndələri uzun illər iqtidarı dialoqa hazır olmamaqda ittiham edirdi. İndi Prezident Aparatının şöbə müdiri Əli Həsənovun rəhbərliyi ilə dialoq keçirilir və çox açıq müzakirələr aparılır. Lakin həmişə dialoq tərəfdarı olduqlarını deyənlər indi görüşdən imtina edir”, - deyə o bildirib.


Qeyd edək ki, Müsavat partiyası görüşdə iştirakdan imtina edib. Onlar müzakirə ediləcək məsələlərin əvvəlcədən razılaşdırılmadığını iddia edərək, səbəb kimi bunu göstəriblər.


F. Ağamalı isə Müsavatın bəhanə etdiyini düşünür. Onun sözlərinə görə, partiyanın daxilində qarşıdurma pik həddədir: “Ona görə də belə addımlar atırlar. Müsavat Partiyası dialoqun gedişinə təsir edəcək gücdə deyil”.


Ən maraqlısı isə Xalq Partiyasının sədri, Müsavata yaxın şəxs kimi tanınan Pənah Hüseynin dialoqda iştiraka razı olmasıdır. Belə ki, “Azadlıq-2015” seçki blokunda təmsil olunan səkkiz partiya - KXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, AXP və Azadlıq partiyaları sabah keçiriləcək görüşdə iştirak haqda qərar qəbul edib.
Görüşdə AXCP də iştirak etməyəcək.

Qeyd edək ki, iqtidar və müxalifət arasında sonuncu dialoq ötən ilin 13-də 17 siyasi partiyanın iştirakı ilə keçirilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm