Milli Məclisdə ABŞ dinləmələri - Millət vəkillərindən sərt reaksiyalar
Bizi izləyin

Nida.az

Milli Məclisdə ABŞ dinləmələri - Millət vəkillərindən sərt reaksiyalar

Bu gün Milli Məclisdə Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi tərəfindən “Azərbaycan-ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələr keçirilir.

Publika.az-ın məlumatına görə, tədbirdə Milli Məclisin 25 deputatı, siyasi partiya rəhbərləri, 10-a yaxın aparıcı QHT rəhbərləri, politoloqlar və media nümayəndələri iştirak edir.

Giriş sözü ilə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycan-ABŞ münasibətləri strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, indi Azərbaycan-ABŞ münasibətləri mövcud çağırışlara cavab verməsini müzakirə etmək çox vacibdir: “Nəzərə alsaq ki, indi Azərbaycan siyasi, iqtisadi, stareji, svil cəmiyyətin inkişafı və digər nöqteyi-nəzərdən inkişaf edən ölkədir, bu ölkə dünyada öz müstəsna yerini tutub. Bu dinləmələr Azərbaycan-ABŞ münasibətləri kontekstində insan hüquqları, enerji və təhlükəsizlik problemlərinə həsr olunub. Azərbaycanla ABŞ münasibətlərində strateji əməkdaşlıq mühüm yer tutur. Mövcud çağırışlara cavab verən, regionda və dünyada baş verən proseslər kontekstində müzakirələrin aparılması çox vacibdir. Azərbaycan dünya ölkələri içərisində öz yerini tutub. 2001-ci ildə ABŞ-da terror aktı törədildi və Azərbaycan da terrorla mübarizəyə qoşuldu. Bu gün Azərbaycan əsgəri Əfqanıstanda mübarizə aparır. Azərbaycan ABŞ-la birlikdə terrora qarşı mübarizədə iştirak edir. Azərbaycanın da Amerikadan ən böyük gözləntisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. ABŞ ATƏT-in Minsk qrupunda təmsil olunur. Azərbaycanın ABŞ-dan ikili standartların aradan qaldırılması ilə bağlı gözləntiləri var”.

Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, hazırda Azərbaycan ABŞ-ın əsas müttəfiqi olan Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oyanyır. Onun sözlərinə görə, Azərbaycan 2008-2014-cü illərdə nəql etdiyi neft və neft məhsullarının təqribən 14 faizi ABŞ-ın payına düşür: “Bütövlükdə isə Azərbaycan neft və neft məhsullarının təqribən 60 faizini ABŞ-ın əsas müttəfiqi olan Avropaya nəql edib”.

Politoloq Elman Nəsirov bildirib ki, Azərbaycan Amerika münasibətləri starteji əhəmiyyətə malikdir: “Ancaq strateji əməkdaşlıq bir tərəfin iştirakı ilə mümkün olmur. Bildiyimiz kimi, Əsrin müqaviləsində 20,7 faiz Amerikanın payına düşür. Azərbaycan hərbi təhlükəsizlik məsələsində Amerikanın yanında olub. Əfqanıstan, İraq müharibəsində ABŞ-ın yanında olub. Amma strateji əməkdaşlıq bir tərəfin addımları ilə tamamlanmır. Bu gün Azərbaycan ictimaiyyəti haqlı olaraq Amerikaya sual verir ki, niyə bizim addımlarımıza ABŞ-dan cavab gəlmir. Dağlıq Qarabağ məsələsində onlardan dəstək görmürük. Dünyada yeganə dövlətdir ki, Amerika qondarma Dağlıq Qarabağa yardım göstərir, özü də bunu rəsmi şəkildə edir. 1997-ci ildən qondarma rejimə 150 milyon dollar maliyyə yardımı göstərib. İşğalçı dövlətə 2 milyard manat yardım edir. Amerika Azərbaycanı necə tərəfdaş hesab edir ki, beş ştatında qondarma rejimi tanıyıblar. Hesab edirəm ki, Amerikanın siyasətində dəyişiklik olmasa, ikitərəfli münasibətləri çox ciddi sınaqlara çəkmiş olacaq”.

“Biz vaxtilə ABŞ-ı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi qəbul edəndə səhvə yol vermişik”.

Bunu tədbirdə çıxışı zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, indi ABŞ-da güclü erməni diasporu mövcuddur.

Q.Həsənquliyev deyib ki, qondarma “Dağlıq Qarabağ Respublikası”na Azərbaycandan 3 dəfə çox yardım edilib:

“Bunu ermənilər də dəfələrlə etiraf ediblər. Bu yaxınlarda Amerikada irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu, bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə, mentalitet nəzərə alınmır. Bu da onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar hökm sürür”.

Q.Həsənquliyev bu gün Ukraynada baş verən hadisələrin də əsas günahkarının Birləşmiş Ştatlar olduğunu söyləyib: “Vaxtı ilə Ukraynanı Rusiyaya qarşı qızışdırıb münaqişə yaratdılar. İndi də ərazisi işğal olunan Ukraynaya heç bir hərbi yardım edilmir”.

“Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanı anti-Rusiya və anti-İran bloklarına qoşmaq istəyir”.

Bu bəyanatla isə millət vəkili Zahid Oruc çıxış edib.

Onun sözlərinə görə, Azərbaycandan çıxmış bir sıra xarici təşkilatlar və fondlar əslində demokratiya və insan haqlarının inkişafına investisiya yatıran fondlar deyildi.

Z.Oruc deyib ki, həmin təşkilatlar legioner hazırlayırdılar: “Əgər həmin fondlar yenidən Azərbaycana qayıtmaq istəyirlərsə, o zaman bizim qanunlara hörmət etməlidirlər. Bunun əksi yolverilməzdir”.

Zahid Oruc həmçinin qeyd edib ki, bir sıra hallarda ABŞ-da Azərbaycanla bağlı dinləmələrə qatılanlar açıq şəkildə ölkəmizin əleyhinə sərt mövqe tuturlar:

“Ancaq burada hər kəs görür ki, bu gün keçirilən tədbirdə iştirak edənlərin bəziləri Azərbaycan-ABŞ münasibətlərinə töhfə verən çıxışlar edirlər”.

“İndi Azərbaycan beynəlxalq, Avropa dəyərlərinə, insan haqlarına, demokratiyaya söykənən prinsiplərə əsaslanaraq öz yolunu davam etdirir”.

Publika.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən “Azərbaycan-ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələrdə çıxışı zamanı Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bu modeli kiminsə diktəsi ilə deyil, öz xalqımızın mənafeyinə görə seçib. Daha sonra F.Ağamalı deyib: “Biz bu yolu ona görə seçməmişik ki, ABŞ-ın xoşuna gələndir və yaxud da onun siyasətçilərinin hər hansı bir bəyanatında adımız getsin. Yaxud da Avropa ölkələri ilə bizim münasibətlərimizdə hansısa müsbət çalarlar daha yüksək şəkildə ifadə edilsin. Biz bu yolu ona görə seçmişik ki, bu yol bəşəriyyətin son illərdə, son dövrlərdə tutduğu ən düzgün yoldur. Azərbaycan da o yol ilə gedir və beynəlxalq aləmdə də, qonşularına da, dünya dövlətlərinə də öz töhfələrini verməkdədir. Ona görə də mən ABŞ-da Azərbaycanla bağlı mənfi fikirləri tam mənada subyektiv və qeyri-obyektiv, qərəzli olduğu qənaətindəyəm. Biz ABŞ-a çağırış edirik ki, Azərbaycana qarşı münasibətlərində öz maraqları çərçivəsində çıxış etsin və erməni maraqlarını kənara qoysun”.

ABŞ heç bir halda Azərbaycanın düşməninə çevrilməməlidir. Bu gün keçirilən dinləmələrdəki çıxışlar da bu baxımdan ölçülüb-biçilib”.

Publika.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən “Azərbaycan-ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələrdə çıxışı zamanı Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Onun sözlərinə görə, ABŞ Beynəlxalq Valyuta Fondunda 18 faiz səsə malik olan dövlətdir: “İstədiyi vaxt istənilən qərarlara veto qoya bilir. Bundan əlavə, ABŞ 570 milyard dollar hərbi büdcəyə malik olan dövlətdir. O, hərbi xərclərinə görə dünyanın lideri kimi çıxış edir. Hesab edirəm ki, Azərbaycan Amerikanın bu üstünlüklərindən istifadə etməlidir”.

“ABŞ-ın bölgədəki siyasətində açıq-aşkar ermənipərəst mövqe sərgiləməsi bizi narahat edir”.

Publika.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən “Azərbaycan-ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələrdə çıxışı zamanı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, ABŞ dünyaya əsas hədəf kimi terrora qarşı mübarizə apardığını bəyan etsə də, terrorçu Ermənistanı müdafiə edir. S.Rüstəmxanlı deyib ki, hətta ABŞ PKK terror təşkilatını belə müdafiə edir: “Biz dünyanın bir sıra ölkələri ilə bu ikili standartlar əsasında işləməliyik, onlara qarşı olmalıyıq.

S.Rüstəmxanlı onu da bildirib ki, Azərbaycan modern İslam ölkəsidir: “Biz müsəlman dövlətlərinə qarşı mübarizənin hər zaman şahidi olmuşuq. Beləliklə, İslam aləminə hücum illərdir davam edib. Mən ABŞ nümayəndələri ilə görüşümdə demişəm ki, Birləşmiş Ştatların son illərdə apardığı siyasət onu ölkəmizdə gözdən salır. Bu şəkildə danışmasaq, bizim gələcək taleyimiz daha pis ola bilər”.

“ABŞ Azərbaycanın strateji müttəfiqidir. Bu strateji müttəfiqlik Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən başlayıb və bu günə qədər də davam edir”.

Publika.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən “Azərbaycan-ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələrdə çıxışı zamanı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, Azərbaycan neft, enerji sektoru ilə əlaqədar ABŞ-ın dəstəyini hər zaman hiss edib: “Bizi əhatə edən dövlətlərə nəzər salsaq görərik ki, neft və qaz sektorunda onlar bizə rəqibdirlər. Bu baxımdan onların şəxsi maraqları ilə yanaşı, beynəlxalq maraqları da var. Hesab edirəm ki, böyük dövlətlərin dəstəyi və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi olmasaydı, neft müqavilələri imzalana bilməzdi. Çəkilən kəmərlərə nəzər salsaq görərik ki, onların reallaşmasında ABŞ-ın xüsusi strateji dəstəyi olub. Azərbaycanın hərbi sahədə ABŞ-la strateji əməkdaşlığı var: “Azərbaycan hər zaman ABŞ-la strateji müttəfiqliyinə sadiq qalıb”.

S.Novruzov deyib ki, bəzən ABŞ-dakı qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu ölkənin adına yazılır: “ABŞ-ın Azərbaycanla bağlı mövqeyi bəllidir. Ancaq ABŞ Konqresinin fəaliyyəti tam başqadır. ABŞ lobbiçilik fəaliyyətini qanunla tənzimləyən azsaylı ölkələrdəndir. Azərbaycan bir tərəfdən ABŞ-la strateji müttəfiqlik edir, hava məkanını onun üzünə açır, anti-terror əməliyyatına qoşulur, digər tərəfdən isə 907-ci düzəlişi aradan qaldıra bilmirik. Bu düzəliş ABŞ maraqlarına xidmət etmir. Amma erməni lobbisi imkan vermir ki, bu məsələlər həllini tapsın”.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın ABŞ-la strateji tərəfdaş olmamasını arzulayan dövlətlər var və onların Azərbaycandakı siyasi partiyalarda, QHT-lərdə nümayəndələri var: “Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüm oldu. Görüşdə qərara gəldik ki, məsələləri bəyanatlarla deyil, müzakirələrlə, dialoqla aydınlaşdırmaq lazımdır. Kimsə gedir Kozlariçdən həftədə bir dəfə müsahibə alıb “Azadlıq” qəzetində dərc edirsə, bu, ABŞ-ın maraqları demək deyil. Lakin ABŞ-la Azərbaycan arasında münasibətləri qızışdırmaq istəyən dövlətlər bunu fakt kimi ortaya atır. Hesab edirəm ki, bu məsələlər bizim strateji müttəfiqliyimizə heç bir xələl gətirə bilməz”.

ABŞ-ın post sovet məkanında müxtəlif modelləri var, ancaq onların heç biri uğurlu olmayıb”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisdə keçirilən “Azərbaycan-ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri konteksində” mövzusunda dinləmələrdə çıxışı zamanı millət vəkili, politoloq Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, bu moddelləri istifadə edən dövlətlərin heç biri uğur əldə etməyib: “Moldova, Gürcüstan, Ukrayna bu modellərdən istifadə etdi. Onlar ağ günə çıxdımı? Bunun Azərbaycanda təkrar olunmasını istəyirlərsə, buna buna yol verə bilmərik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm