Razi Nurullayev Əli Kərimlinin kimliyini açıqladı: “Dədə Qorqud ola bilmədi”
Bizi izləyin

Nida.az

Razi Nurullayev Əli Kərimlinin kimliyini açıqladı: “Dədə Qorqud ola bilmədi”

“Son on beş ilin təhlilləri göstərir ki, müxalifətdaxili birləşmələr, koalisiyalar və digər birliklər heç zaman xalqın ümumi maraqları üzərində qurulmayıb. Müxalifətin ən uğurlu birləşmə modeli sayıla bilən, şəxsən iştirakçısı və təsisçilərindən biri olduğum İctimai Palata AXCP və Müsavat partiyalarının dartışmasının qurbanına çevrildi. Kimliyini müxtəlif adlar altında gizləməklə ekspert, müstəqil vəkil və başqa peşələr adıyla səs çoxluğu qazanmaq naminə yaxın bildikləri hər kəsi ictimai mövqeyinə, statusuna rəğmən, oraya üzv etdilər.

Yəni, hər bir üzv öhdəlik götürərək İP-ya daxil olurdu. Tərəf tutmaqdan imtina edən digər siyasi təşkilat və partiyalar isə İctimai Palatadan kənar saxlanıldı. İctimai Palata məhz bu öhdəliklərin qurbanı oldu və cəmiyyətin ideal mübarizə variantı ola biləcək bir qurum siyasi iflasa uğradı”.


Publika.az xəbər verir ki, bu barədə AXCP sədrinin keçmiş müavini Razi Nurullayev baş verənlərlə bağlı yazdığı məqalədə deyib.


R. Nurullayev Əli Kərimlinin İP-in iflasından sevindiyini bildirib: “Cəmiyyətin növbəti dəfə ölən inamına görə bir siyasi liderin sevinməsi nədən doğur, görəsən? Siyasi korluqdanmı, alınan tapşırıqdanmı? Təəssüf ki, cəbhəçi dostlarımız hələ də bunun fərqində deyillər. Fərqində deyillər ki, müxalifətdə olmaq nə sənət, nə peşə, nə də Allahın verdiyi doğal, konstitusiyadan irəli gələn siyasi hüquq deyil. Sadəcə siyasi liderin və ya partiyanın avtoritar rəhbərinin yanlış siyasətinin nəticəsidir. Bu gün də üzvü olduğum Milli Şura fərqli notlar üzərində yaradıldı. Amma onun da fərqliliyin və müstəqilliyinin ağırlığı gündən-günə Əli Kərimli tərəfə əyilməkdədir. Əli Kərimlinin süzgəcindən keçməyən adamlar Milli Şuranın üzvü ola bilmir. Yeniləşmə, təkmilləşmə və inkişaf müxalifətin uzun müddət qaldığı yerdən tərpənməsi üçün vacib amildir. Keçmişdə kolxoz sədrləri “pul əl çirkidir” deyərək, kolxozçuları istismar edir və əvəzində cüzi maaş verirdilər. Bu, ümumiyyətlə Sovet İmperiyasının ideoloji xətti idi. İndi isə kolxoz sədri vəzifəsini yenilənməyi özlərinin kreslosuna təhdid kimi görən partiya sədrləri yerinə yetirir.

AXCP sədri Əli Kərimli öndə gedir. Liberal Partiyasının sədri, çox hörmət bəslədiyim Lalə Şövkət Hacıyeva partiya sədri vəzifəsindən gedib. Amma kim deyə bilər ki, o sədrlikdən gedəndən sonra nüfuzu aşağı düşüb? Əsla, zənnimcə bu addımına görə ona hörmət edənlərin sayı daha da artıb. 2013-cü il prezident seçkilərindən sonra ADP sədri Sərdar Cəlaloğlu özündə güc taparaq istefaya getməli olduğunu dilə gətirdi. Bu, ən azı 2-3 ay dartışıldı. Sonunda, sədr kimi qalsa da ən azından istefaya getmək mədəniyyətinin olduğunu ortaya qoydu. Hörmətli İsa Qəmbər Müsavat Partiyasının başqanlığından getdi. Onun dönəmindən sonrakı baş verən hadisələrə münasibətim birmənalı olmadığından bu barədə hələ ki nəsə demək istəmirəm. Amma İsa Qəmbər də bu nümunəni təqdir etdi və könüllü olaraq rəhbərlikdən getdi.

Amma partiya sədrliyindən getmək onun nüfuzuna mənfi təsir etdimi? Zənnimcə, xeyr, əksinə, ona ictimai və siyasi sferada nüfuz qazandırdı. Bu həm də İsa Qəmbərin siyasətdən getmək anlamına da gəlmir. O yenə də həlledici məqamlarda sözünü deyir. Bu gözəl nümunələr nədən AXCP-də də formalaşmasın? AXCP-nin və Əli Kərimlinin özəlliyi nədir ki, orada sədr dəyişikliyini dilinə gətirənlər partiyadan uzaqlaşdırılsın? Başqasından şəffaflıq, qanun və düzlük tələb edən birinin özünün niyə bu tələblərə uymaması çox sayda şübhəli suallar doğurur”.


R. Nurullayev Əli Kərimlinin öz şəxsiyyətinə pərəstiş edilməsi siyasətini tənqid edib: “Məmməd Əmin Rəsulzadənin şəxsiyyətinə böyük hörmətlə yanaşıram. Düşünürəm ki, o, dünyanın ən böyük siyasi şəxsiyyətlərindən biridir. “İnsanlara hürriyyət, millətlərə azadlıq” şüarını dünyaya gətirən bir şəxsiyyətə pərəstiş etmək yanlış sayıla bilməz. Əbülfəz Elçibəy də mübarizəsi, saflığı və ideyalara sadiqliyi ilə könüllərdə məhəbbət qazana bilib. Ona da pərəstiş etməyi yanlış saymıram. Heydər Əliyev də Azərbaycan tarixində özünə yer tutub. Ona da səmimi pərəstiş edənlər var. Buna da münasibətim normaldır. Düşüncəmə görə, hər hansı bir şəxsə nəticəyə görə pərəstiş etmək olar. Stalinə də pərəstiş etmək qüsurlu deyil. Leninin də pərəstişkarları var. Mao Tsedunun da pərəstiş edənləri başa düşüləndir.

Bəs Əli Kərimli niyə öz şəxsiyyəti ətrafında pərəstiş yaratmağa meyllənir? Axı onun siyasi mübarizəsinin müsbət çalarları yoxdur. Nəticə də yoxdur. 25 ildir ki, tənqid etməkdən dolayı ortaya heç bir nəticə qoymayıb. 2013-cü ilin sonlarında, bir neçə günlük səmimi və yeni bir müzakirəyə girişdik. Hesab etdik ki, AXCP sədri ümumxalq sevgisinə iddia edirsə, o daha müdrik davranmalı, özünü siyasi qüvvələrin və cəmiyyətin lideri kimi aparmalı, onların fikirlərinin ifadəçisi olmalı və hərəkətlər etməlidir. Qərara gəldik ki, AXCP sədri Dədə Qorqud olsun. Əli Kərimli iki gün belə Dədə Qorqud olmağa təhəmmül edə bilmədi. Çünki Dədə Qorqud olmaq səbir, dözüm, tolerantlıq, siyasi qisasçılıqdan imtina, siyasi qısqanclıqdan uzaqlaşmaq idi. Dədə Qorqud olmaq barışdırmaq, intriqadan uzaq olmaq demək idi. Siyasi Dədə Qorqudluq bu gün Azərbaycan siyasəti üçün çox önəmlidir. Cəmiyyəti ifrat qütbləşmədən, ən azı eyni düşüncəli insanları bir yerə toplamaq bacarığı idi. 1998-ci ildə Əbülfəz Elçibəy bütün müxalifəti bir araya gətirmişdi.

1990-cı ildən, Xalq Cəbhəsinin İdarə Heyətindən bəri bir-birini qəbul etməyən Etibar Məmmədov və İsa Qəmbər bir masa arxasında otura bilirdi. Lalə Şövkət, İlyas İsmayılov, Rəsul Quliyev mübarizə meydanında birgə addımlayırdı. Biz Əli Kərimlini o müstəviyə gətirmək istəyirdik. Əli Kərimlini AXCP-nin siyasi varisi yox, həm də mənəvi varis etmək istəyirdik. Elçibəyin sözdə deyil, əməldə və siyasi uğurda əsl davamçısı etmək istəyirdik, onu bu statusda görmək istəyirdik. Amma o, bunu bacarmadı. Yenidən intriqalar, siyasi oyunlar və çəkişmələr. Özünün “siyasi rupor”unu öyrədib Müsavatın üzərinə göndərdi. O da ki, heç nədən iyrənmir. Özü də üzərinə beşini qoyub dedi. Müxalifət bir-birinə dəydi və əsas hədəfdən uzaqlaşdı”.


R. Nurullayev son 15 ildə AXCP-nin öz orbiti ətrafında fırlandığını qeyd edib.


“Hər tərəfə də dəmir pərdələr asılır. Bu pərdələrin o tərəfində kimin nə düşündüyü, nə fikirləşdiyi və nə istədiyi AXCP-yə məlum deyil. Əli Kərimli onun siyasətini dəstəkləyən adamlarla görüşür. Bir sıra hallarda kənar müxalifətlə də Milli Şura çərçivəsində görüşə bilir. Hər kəs də bilir ki, Əli Kərimlinin müxalifətçilik süzgəci və meyarı nədir. Ona görə də Əli Kərimli ilə görüşən şəxs özünü onun istəyinə uyğun, onun hava limanında necə aparmalıdırsa, o cür aparır. Belə təəssürat yaranır ki, hər kəs onu sevir. Bu isə yanlışdır. Reallıq başqadır. Bunu müşahidə edənlər bilir. Əslində şəxsiyyətə pərəstiş yaratdığı kəslərdən dolayı az qisim insanın ona siyasi simpatiyası var”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm