Nida.az
Azərbaycanı Liviyaya çevirmək təhdidi: Vaşinqton nə istəyir? – TƏHLİL

“Azərbaycanı Liviyaya, Suriyaya çevirmək istəyirlər”.
Bu barədə dəfələrlə ekspertlər və müəyyən siyasətçilər danışıb.
Lakin III Qlobal Bakı Forumunda Prezident Administrasiyasının rəsmi
şəxsinin bunu açıq şəkildə dilə gətirməsi təhlükənin spektrinin
böyük olduğu fikrini gücləndirir.
Publika.az xəbər verir ki, Prezident
Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov forumda söz alaraq bunları diqqətə çatdırıb:
“Hər gün Azərbaycanı təzyiq altında saxlamaq iddiasını görürük. Bu
gün beynəlxalq aləmdə ən böyük böhran ədalət böhranıdır. Ədalət
yoxdur. Bu vəziyyət nə Qərb üçün yaxşıdır, nə də bizim üçün”.
PA rəsmisi qədim yunanlarda olimpiada zamanı bütün düşmənçiliklərin
dayandırıldığını xatırladıb.
“Amma Azərbaycanda keçiriləcək Avropa Oyunları ərəfəsində bizə elə
kütləvi hücum başlayıb ki, biz bunu təsəvvür edə bilmirik. Bəlkə,
oyunlar bitərdi, sonra başlayardılar? Biz bildiklərimizin hamısını
sizə desək, heyrətə gələrsiniz. Azərbaycan 24 illik müstəqilliyi
dövründə Qərblə səmimi əməkdaşlıq edərək Qərbdən bunun əvəzində
yeganə bir şey istədi: Azərbaycanın ərazi bütövlüyünün işğaldan
azad olunmasında ədalətli mövqe. Amma biz bunu görmədik. Avropaya
olan səmimi münasibətimiz tükənir. Sanki Azərbaycanı Liviya, Suriya
dövlətinə çevirmək istəyirlər. Buna imkan verilməyəcəyik” - deyə N.
Məmmədov vurğulayıb.
Kerrinin masası üzərindəki cavablar
Yüksək səviyyəli rəsminin bunu avropalıların da iştirak etdiyi bir
çevrədə bəyan etməsi təzyiqlərin nə qədər ciddi və intensiv
olduğunu deməyə əsas verir. Bu gün “I Avropa Oyunları üzərindən
Azərbaycana qarşı başlanan səlib yürüşü təsadüfdürmü”, “həqiqətənmi
Qərb insanını sadə Azərbaycan vətəndaşı, yaxud demokratiya
nağılları düşündürür” sualları yaranır.
Ortaya çıxan ilk suallar bunlardır və cavabı Con Kerrinin masası
üzərindəki sənədlərdə, bugünkü Ukraynanın yaşadıqlarında, elə rəsmi
Bakının açıq şəkildə dilə gətirdiyi Liviyada, Suriyada, uzaq
Əfqanıstanda asanlıqla tapmaq mümkündür.
Bakını oyuna qoşmaq cəhdləri
Son geosiyasi proseslər və Bakının manevrləri fonunda Azərbaycana
qarşı başlanan səlib yürüşünün pərdəarxası məramları haqda
ehtimalları sıralamaq olar.
Hər şeydən öncə Azərbaycanı Rusiyaya qarşı, Qərbin Şərq
yarımkürəsində rəqib gördüyü bu ölkəyə qarşı koalisiyaya
qoşulmadığı üçün cəzalandırmağa cəhdlər olur. Halbuki rəsmi Bakı
Rusiyanın yanında deyil. Belə olmasaydı, soyuq mənzillərini isitmək
üçün Rusiyanın əlində əsir-yesir qalan Avropanın xilasına
hesablanmış Cənub Qaz Dəhlizinə imza atmazdı. Lakin Bakının bu
layihəni gerçəkləşdirməsi Rusiyaya qarşı cəbhədə yer alması da
demək deyil. O, yalnız və yalnız müstəqil dövlət olaraq öz azad və
milli maraqlarına söykənən siyasətini yürütmək istəyir.
Moskva öz qonşusunun mövqeyini artıq anlayıb və Bakının müstəqil
addımlarını qıcıqla qarşılamır. Ən azından Qərbdən fərqli olaraq
təhdid dili ilə danışmır. Lakin Qərb yarımkürəsi Bakının yeganə
dərdinin yalnız öz xalqının daha rifah yaşaması və gələcəyi
olduğunu anlamır, yaxud anlamaq istəmir. Ondan mütləq şəkildə
tarixi qonşusu Rusiyaya qarşı koalisiyaya qoşulmağını istəyir.
Qərb bununla Rusiyanı müəyyən formada dəstəkləyən Türkiyəyə qarşı
da gediş edə və Bakı-Ankara ittifaqına xələl gətirə bilər.
Beləliklə, Türkiyə təklənə bilər.
Qafqazda əsas güc olmaq istəyi
Digər tərəfdən, Cənubi Qafqazda kimin söz sahibi olması əsas
məsələdir. Təbii ki, regionda güclənmək üçün hər şeydən öncə
Azərbaycanı yanına çəkmək lazımdır. Gürcüstan Avropa Birliyi ilə
Assosiativ Sazişi imzalayıb və artıq NATO-ya inteqrasiya edən bir
ölkədir. Lakin Qərb Gürcüstana girməklə Rusiyanın sərhədləri
dibində ciddi təhlükə yarada bilmir. Çünki regionda güc balansı
eynidir. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi
Moskvanın “tabeliyindədir”. Deməli, Azərbaycanda güclənmək üçün
ciddi mübarizə gedir. Rəsmi Bakı isə Qoşulmama Hərəkatının üzvü
olaraq, öz balanslı siyasətini israrla davam etdirir, qarşı
cəbhələrdən uzaq gəzir. Azərbaycana qarşı təzyiqlərin arxasındakı
amillərdən biri məhz budur.
Azərbaycan Qarabağda güzəştə məcbur edilir?
Digər və ən təhlükəli təzyiq Azərbaycanı Dağlıq Qarabağ
münaqişəsində Ermənistanın mövqelərinə güzəştə getməsi ola bilər.
Hansı ki, bununla Qərb Ermənistanı öz çətiri altına ala və Moskvanı
regiondan sıxışdırıb çıxara bilər. Burda ABŞ-dakı güclü erməni
lobbisinin, eləcə də Ağ Evin xarici siyasətini yerinə yetirən baş
diplomatı Con Kerrinin ermənilərə yaxınlığı da rol oynayır.
Məhz bu səbəblərə görə ABŞ Avrasiya İttifaqına girən Ermənistandan əl çəkmir. Bu günlərdə İrəvana 170 milyona yaxın yardımın edilməsi də təsadüfi deyil.
Dünən Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Twitter”
üzərindən “Ermənistan Qarabağda sülhə hazırdır” deyə yaydığı
açıqlama da bu kontekstdə diqqət çəkir. Çünki məhz rəsmi İrəvanın
indiyə qədər tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişənin
həlli dalana dirənib. İşğalçı dövlətin Qarabağda sülhə hazır olması
fikri onun beynəlxalq hüquqa əməl edərək Azərbaycan torpaqlarını
boşaltması olduğunu düşünmək sadəlövhlük olardı. Deməli, ABŞ
Ermənistana Qarabağla bağlı hansısa vədi verib. Əvəzində ondan
çətiri altına girməyi istəyir.
Azərbaycan rəhbərliyi ərazi bütövlüyünün bərpası ilə bağlı öz
prinsipial mövqeyindən əl çəkmir və buna görə Liviya və Suriyanın
taleyini yaşamaqla təhdid olunur.
ABŞ – Avropa Birliyi savaşı: Vaşinqtonun Asiyaya yolları
Bakıdan keçir
Azərbaycana qarşı ciddi təhdidlərin əsas mərkəzi olan ABŞ-ın
proseslərdəki xüsusi rol almasında incə bir məqam da var. Bu daha
çox Vaşinqtonun qlobal siyasəti olan “Orta Şərq Layihəsi” ilə
bağlıdır.
Ukrayna böhranı yaranmayana qədər Avropa Birliyinin Rusiya ilə
münasibətləri kifayət qədər normal idi. Hətta Suriyada toqquşan
maraqlar bu münasibətlərə ciddi xələl gətirmədi. Çünki “Köhnə Qitə”
Rusiya qazından asılılığını anlayır və müəyyən mənada onunla
hesablaşırdı. Bu isə ABŞ-ın Avropa Birliyi-Rusiya ittifaq
qarşısında təklənməyi və Asiyaya gedən yolların bağlanması idi.
Ukrayna böhranının yaşanması və Avropanın Rusiya qazından imtina
etməsinin arxasında bu amil də xüsusi rol oynadı. Brüsselə
Moskvanın arxasında keçilməz uçurum yarandı və Birləşmiş Ştatların
hegemon güc olmaq yolundakı təhlükə səngidi.
Avropanın enerji bazarında yeni oyunçu – Azərbaycan peyda oldu.
Azərbaycan etibarlılıq baxımından Qərb üçün daha çox sərfəlidir.
Hazırda enerji layihələrinin reallaşması istiqamətində ciddi işlər
gedir. Avropa Birliyinin əsas ölkələri olan Almaniya və Fransa Bakı
ilə münasibətlərə xüsusi önəm verir və qitənin təhlükəsizliyi üçün
Azərbaycana bel bağlayırlar. Avropanın əsas problemi olan enerji
məsələsini həll etməsi Brüsselin Vaşinqtona ehtiyaclarını da
azalması deməkdir. ABŞ isə Avropa Birliyi üzərində təsirini
qorumaqda israrlıdır. Amerikalı texnoloqlara görə, bunun yolu məhz
Bakıdan keçir.
Belə ki, Birləşmiş Ştatlar Azərbaycanın təşəbbüskarı olduğu
enerji layihələrində təsir imkanlarını ələ almaqla həm Azərbaycanı
və əsas tranzit olan Türkiyəni, həm də Avropanı öz çətiri altında
saxlamaq istəyir. Vaşinqton bu ssenarilər fonunda Bakının
müstəqil siyasətini özünə təhlükə olaraq görür. Göründüyü kimi,
proseslərin təhlili Azərbaycana qarşı təzyiqlərin arxasında bu
amilin olması ehtimalını gücləndirir.
Asif Nərimanlı

-
Sosial10:20
Etibar Əsgərova Milli Məclisdə vəzifə verildi
-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı