Aynur Camalqızı: “Azərbaycana münasibətdə xristian təəssübkeşliyini görürük”
Bizi izləyin

Nida.az

Aynur Camalqızı: “Azərbaycana münasibətdə xristian təəssübkeşliyini görürük”

“Bu oyunlar tarixə çevriləndə onun Azərbaycanda keçirilməsinin əhəmiyyətini daha dərindən hər kəs anlayacaq”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı birinci Avropa Oyunları, bu idman tədbirinin ölkəmiz üçün əhəmiyyəti, bəzi Avropa ölkələrinin rəhbərlərinin oyunların açılışına qatılmayacaqlarını bəyan etməsi ilə bağlı fikirlərini “Yeni Müsavat”a açıqlayıb.

Aynur Camalqızı bildirib ki, Avropa Oyunları ilə bağlı Azərbaycanda gedən prosesi, işləri çox yüksək qiymətləndirir, 3 il ərzində bu istiqamətdə Azərbaycanda çox böyük işlər görüldüyündən qürur duyur: “Təsəvvür edin ki, 3 il əvvəl Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında keçirilən səsvermə zamanı ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul ediləndən sonra çox böyük sürətlə, çox böyük işlər görülməyə başlandı.

Sevindirici haldır ki, Avropa Oyunları ilə bağlı tikilən binalar, idman qurğuları, abadlıq işləri, bütövlükdə yaradılan infrastruktur bu oyunlar bitəndən sonra Azərbaycan xalqına xidmət edəcək. Azərbaycana çox böyük imkanlar açılacaq ki, belə möhtəşəm yarışmalara ev sahibliyi eləsin, beynəlxalq tədbirlərə ev sahibliyi eləsin. Bu da ölkəmiz üçün vacib məsələdir. Azərbaycanın dünyada tanıdılması nöqteyi-nəzərindən düşünürəm ki, Avropa Oyunları çox böyük hadisədir. Dünyada təbliğata böyük pullar xərclənir. Azərbaycan bu oyunların keçirilməsinə ev sahibliyi etməklə həm də özünü Avropaya təqdim edir. Bu, Avropaya inteqrasiyanın ən gözəl üsuludur. Azərbaycan həm Avropaya inteqrasiya edir, həm Avropa insanına özünü bir dövlət olaraq daha yaxından tanıdır. Bu gün bəlkə də ilk baxışdan orta statistik azərbaycanlı üçün o qədər aydın şəkildə görünmür, amma bu oyunlar tarixə çevriləndə onun Azərbaycanda keçirilməsinin əhəmiyyətini daha dərindən hər kəs anlayacaq”.

A.Camalqızı onu da dedi ki, bundan sonra keçiriləcək bütün Avropa Oyunlarında Bakının, Azərbaycanın adı ilk Avropa Oyunlarının keçirildiyi şəhər, ölkə olaraq çəkiləcək. Bunun özü böyük bir əhəmiyyət daşıyır: “2 min il öncə ilk Olimpiya oyunları Yunanıstanda Afinada keçirilib. Üzərindən əsrlər keçib, amma yenə də Olimpiya oyunları da deyəndə Afina yada düşür. Bundan sonra Avropa Oyunları da hansı ölkədə keçirilirsə-keçirilsin hər dəfə Bakının adı yada düşəcək, Azərbaycan xatırlanacaq. Yəqin ki, Azərbaycan prezidenti İlham Əliyev ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul ediləndə bax bu məqamları təbii ki, hesablayıb.

Çünki burda sadəcə iqtisadi və siyasi dividentlərdən söhbət getmir. Burda çox böyük bir mədəni diplomatiyadan söhbət gedir. Mədəni diplomatiyadan dünyanın bir çox inkişaf eləmiş ölkələri hər zaman istifadə ediblər və bu gün də istifadə edirlər. Azərbaycanda mədəni diplomatiyanı Mehriban xanım Əliyeva uğurla həyata keçirir. Heydər Əliyev Fondunun yürütdüyü bu missiya, mədəni diplomatiya Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsində, Azərbaycana münasibətin yaxşıya doğru dəyişməsində çox önəmli işlər görür. Avropa Oyunları başa çatdıqdan sonra bu oyunların Azərbaycanda keçirilməsinin əhəmiyyətinə daha dərindən qiymət verə biləcəyik”.

Həmsöhbətimiz Avropa Oyunlarının başlanması ərəfəsində Azərbaycanla bağlı xoşagəlməyən olayların da baş verməsindən danışdı: “Düşünürəm ki, bu, xristian dünyasında müsəlman ölkələrinə, türk dövlətlərinə olan ikili münasibətlərin təzahürüdür. Azərbaycana qarşı bəzi xristian ölkələrindən tənqidi, ögey münasibət də burdan qaynaqlanır. Ermənistanda insan haqlarının durumu sıfırın altındadır, ölkəni kriminal hakimiyyət idarə edir, insanlar ac-yalavac durumdadır, xarici siyasətdə Ermənistan Rusiyanın forpostudur. Amma Ermənistan xristian dövləti olduğu üçün ona havadarlıq edirlər.

Bu da dünyadakı ikili standartların bir təcəssümüdür. Biz bu gün Ukraynaya verilən dəstəyi Azərbaycana Qarabağ məsələsində görmürük. Bütün bunlar təəssüf doğurur. Bununla belə, Azərbaycan özünün təbliğatı yönündə işlərini davam etdirməlidir. Xristian təəssübkeşliyini ilk Avropa Oyunlarında da Azərbaycana münasibətdə görürük. Sizi əmin edirəm ki, bu oyunlar Ermənistanda keçirilsəydi, Fransanın və Almaniyanın rəhbərləri insan haqlarına zərrə qədər məhəl qoyulmayan Ermənistana gedəcəkdilər. Çünki xristian təəssübkeşliyi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm