Əli Həsənov: "Azərbaycan mediası ölkə əhalisinin informasiya ehtiyacını tam ödəyir" - FOTOLAR
Bizi izləyin

Nida.az

Əli Həsənov: "Azərbaycan mediası ölkə əhalisinin informasiya ehtiyacını tam ödəyir" - FOTOLAR

Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan “Azərbaycan milli mətbuatı – 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirilib.

Publika.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan BDU-nin rektoru, akademik Abel Məhərrəmov bugünkü tədbirin “Bakı 2015” I Avropa Oyunlarının uğurlu bağlanış mərasimi ərəfəsinə düşdüyünü xatırladıb. Rektor bildirib ki, “Əkinçi” ilə başlayan Azərbaycanın müasir inkişafı bu gün “Bakı 2015” I Avropa Oyunları ilə davam edib.

Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamın əhəmiyyətini vurğulayan A.Məhərrəmov qeyd edib ki, indi Azərbaycan dövləti ölkədə mətbuatın inkişafı və azadlığı üçün hər cür şərait yaradıb: “Bu gün Azərbaycanda yüzlərlə KİV, mətbuat yayımı və sairə fəaliyyət göstərir. Bütün bunlar Azərbaycanda mətbuatın hansı səviyyədə olduğunu göstərir. Bu gün Azərbaycan mediası sürətlə inkişaf edir, daha da təkmilləşir. İndi Azərbaycanda əksər KİV nümayəndələri BDU-nin yetirmələridir. Təbii ki, bu, bizi sevindirir. Mən bir daha jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edirəm”.

Azərbaycan Prezidentinin köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov isə qeyd edib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə bu il Azərbaycanda mətbuatın 140 illik yubileyi yüksək səviyyədə qeyd olunacaq. Onun sözlərinə görə, bu yubiley tədbirləri ölkənin bütün regionlarında təşkil olunacaq: “Biz bununla Milli Mətbuatımızın inkişaf tarixini, mətbuatın inkişafında önəmli rol oynamış ziyalıları, jurnalistləri yada salacağıq, onların verdiyi töhfələrdən danışacağıq. Azərbaycan Prezident Administrasiyasın nümayəndəsi kimi, ölkə mediasının mövcud vəziyyəti və inkişafı haqqında danışmaq istəyirəm. Azərbaycan mediasının banisi Həsən bəy Zərdabidir. Post-sovet məkanında ilk türkdilli media “Əkçinçi” idi. Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının banisi və görkəmli ziyalı idi. Həsən Bəy Zərdabinin qurduğu milli mətbuat Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam edib. O zamanlar Azərbaycan mediasının ilk nümunələri yaranıb”.

Ə.Həsənov deyib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə yeni mətbuat orqanları yaranmağa başlayıb: “Təəssüflər olsun ki, bu mətbuat orqanlarının bir çoxu ayrı-ayrı siyasi qüvvələrin silahına çevrilmişdi. Bu isə mətbuatda bir sıra nöqsanlara gətirib çıxarmışdı. Ötən əsrin 90-cı illərində hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti mətbuata senzura tətbiq etmişdi. Bu senzura isə jurnalistlərin fəaliyyətinə maneələr yaradırdı. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra bu senzura aradan qaldırıldı, mətbuata nəzarət edən nazirlik ləğv edildi və Azərbaycanın aparıcı media rəhbərlərindən ibarət Mətbuat Şurası yaradıldı. Bütün Azərbaycanda mətbuatın azad və sərbəst inkişafına əlverişli zəmin yaratdı. Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatına çoxsaylı yardımlar həyata keçirilib. Sonralar bu siyasət Azərbaycan mediasının inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Azərbaycanda KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondu yaradılıb”.

Ə.Həsənov bildirib ki, indi Azərbaycan mediası ölkə əhalisinin informasiya ehtiyacını tam şəkildə ödəyir: “Əgər bu gün Azərbaycan mediası Qərbin qərəzli mövqelərinə və dirənişlərinə cavab verirsə, bu o deməkdir ki, Azərbaycan mediası ölkənin milli maraqlarına uyğun fəaliyyət göstərir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm