Ermənistana SARSIDICI ZƏRBƏ: Bakı İsraildən elə silah alır ki... - - FOTO/VİDEO
Bizi izləyin

Nida Təhlil

Ermənistana SARSIDICI ZƏRBƏ: Bakı İsraildən elə silah alır ki... - - FOTO/VİDEO

Səfər zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq.

Bu gün İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfər edib. Baş nazirin rəsmi saytının məlumatına görə, görüşlər zamanı regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə olunacaq. Məlumata görə, səfər zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq.

Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə və beynəlxalq məsələlər üzrə ekspert Fərhad Mehdiyev səfərin əhəmiyyəti və gözləntiləri barədə fikirlərini dilə gətirib.

Fərhad Mehdiyev deyir ki, İsrail neftin 40 faizini Azərbaycandan idxal etdiyinə, Azərbaycan isə qarşı tərəfdən silah-sursat və texnologiya aldığına görə ölkələr bir-biri üçün strateji partnyor ölkələr hesab olunur.

Ekspert qeyd edir ki, Netanyahunun səfər proqramında Azərbaycan və Qazaxıstanın yer almasına xüsusi diqqət yetirmək lazımdır: “İsrail rəsmiləri müsəlman ölkələrinə rəsmi ziyarətə gedirlərsə, buna xüsusi əhəmiyyət yetirirlər. Yada salmaq lazımdır ki, 2009-cu ildə İsrailin keçmiş prezidenti Şimon Peres hər iki ölkəyə səfər etmişdi. Bu iki ölkə İsrail üçün enerji tədarükçüləri kimi çıxış edirlər. Sirr deyil ki, Qazaxıstan nefti tankerlər vasitəsilə Bakı-Tiflis-Ceyhan kəmərinə vurulur və İsrailə çatdırılır”.

Ekspert bildirib ki, Azərbaycanın İsraildən “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemlərini almaq istədiyinə dair iddialar səslənir: “Kulislərdə danışılır ki, Azərbaycan bu sistemləri İsraildən almaq istəyir. Yevda Abramovun (Azərbaycan parlamentinin yəhudi əsilli millət vəkili –red.) da bununla bağlı fikirləri var. Amma dəqiq fakt yoxdur. Hesab edirəm ki, bu sistemlərin alınması üçün prezidentlər səviyyəsində görüşün keçirilməsinə ehtiyac yoxdur. Bununla bağlı müdafiə nazirləri səviyyəsində görüş keçirilə bilər. Amma yüksək səviyyədə görüşlərin keçirilməsi münasibətlərin strateji olmasını göstərir. “WikiLeaks” sənədlərində deyildiyi kimi, Azərbaycan-İsrail münasibətləri aysberqi xatırladır. Onun bilinməyən tərəfləri bilinən tərəflərindən qat-qat çoxdur. Ona görə də sadəcə olaraq Azərbaycan-İsrail münasibətləri haqqında səhti dəyərləndirmə apara bilərik”.

Fərhad Mehdiyev hesab edir ki, Azərbaycanda “Dəmir Qübbə” qurulacaqsa, bu, məhz Ermənistandakı “İsgəndər” raketlərinə qarşı qurulacaq: “Ermənistan rəsmiləri bəyan edib ki, aprel müharibəsi kimi döyüşlər təkrarlansa, Bakıdakı strateji obyektləri vurmaqdan belə çəkinməyəcəklər. “Dəmir Qübbə” olduqca uğurlu layihədir. Sözügedən müdafiə sistemi hava hücumlarına qarşı özünü sübut etmiş kifayət qədər yaxşı sistemdir. Bu sistemin Azərbaycanda qurulması çox yaxşı olardı. Ermənistanın bəyanatlarını ciddi qəbul etmək lazımdır. Ermənistan onun həyati maraqları təhlükə altına düşərsə, məsələn, Xankəndinin Azərbaycan tərəfindən ələ keçirilməsi kimi hadisə baş verərsə, İrəvan Azərbaycana qarşı olduqca ciddi zərbələr endirməyə cəhd edəcək. Buna heç bir şübhəmiz olmamalıdır. Bu zaman Mingəçevir su anbarı, Bakıdakı neft müəssisələri və digər strateji obyektlər hədəf ola bilər. Ermənistan Qarabağ müharibəsini uduzduğunu görsə, Azərbaycana ciddi zərbələr vurmağa çalışacaq. “İsgəndər” raketləri İrəvanda paradda nümayiş olunanda onların Rusiyanın 102-ci hərbi bazasına, yoxsa Ermənistana məxsus olduğu barədə fikirlər səsləndi. Amma istənilən halda ehtimalları nəzərə almaq lazımdır və bu ehtimallara qarşı Azərbaycanın hava hücumundan müdafiə sistemi gücləndirilməlidir. Azərbaycanın İsraillə hərbi əməkdaşlığı davam etdirilməlidir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində uğur qazanması üçün buna ehtiyac var”.

Müsahibimizin sözlərinə görə, İsrail zaman-zaman Fələstin məsələsində mövqeyini gücləndirmək üçün addımlar atır. O, həmçinin Azərbaycanın Fələstin məsələsində mövqeyinin bəlli olduğunu vurğulayıb: “Azərbaycan problemin Birləşmiş Millətlər Təşkilatında qəbul edilən qərarlara görə həllinin tərəfdarıdır. Fələstin məsələsində Azərbaycanın vasitəçiliyinə gəlincə, burada İsrailin maraqlarına yaxın bir vasitəçilikdən söhbət gedə bilər. Vasitəçi tərəfsiz olmalıdır. Azərbaycanın vasitəçi olması isə o deməkdir ki, Azərbaycan artıq Fələstinin müstəqilliyinin tərəfdarı olmayacaq. Azərbaycan isə dəfələrlə Fələstinin müstəqilliyini 1947-ci il sərhədləri daxilində tanıdığını bəyan edib”.

Asim Mollazadə Azərbaycan və İsrail arasında əməkdaşlığın çoxşaxəli olduğunu bildirib.

Bu əməkdaşlığın hərbi, enerji, iqtisadi və mədəniyyət sahələrini əhatə etdiyini deyən millət vəkili bildirib ki, İsrail ərazi bütövlüyü məsələsində Azərbaycanın haqlı mövqeyinin müdafiəçisidir: “İsrail Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini müxtəlif beynəlxalq tribunalarda müdafiə edir. Eyni zamanda, Azərbaycanın üzləşdiyi təcavüzün nəticələri barədə dünyanı məlumatlandırmağa çalışır. Hesab edirəm ki, multikulturalizm ənənələrini daha yaxşı anlamaq üçün Azərbaycan-İsrail münasibətləri ən yaxşı modeldir və bu istiqamətdə əməkdaşlığı davam etdiririk”.

Yəhudi lobbisinin ABŞ və Avropada çox güclü olduğunu vurğulayan müsahibimiz qeyd edib ki, bu məqam da Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan ona qarşı haqsız aparılan informasiya müharibəsində yəhudi lobbisindən dəstək alır.

Azərbaycan-İsrail münasibətləri zaman-zaman qonşu İran tərəfindən müsbət qarşılanmayıb. İsrail baş nazirinin sözügedən səfərinin Tehranda hansı reaksiya doğura biləcəyinə gəlincə, Asim Mollazadə bildirib ki, Azərbaycan-İsrail münasibətləri heç zaman üçüncü ölkəyə qarşı yönəlməyib. Millət vəkili həmçinin xatırladıb ki, Ermənistanda olarkən hər yerdə İranın yanacaq və ərzaq daşıyan avtomobillərini görüb: “Yüz minlərlə müsəlmanı evlərindən didərgin salan ölkəyə dəstək verən İrandır”.

Asim Mollazadə bildirib ki, İsrail baş nazirinin Azərbaycana səfəri ölkələr arasındakı mövcud münasibətləri daha da gücləndirəcək. O, hər iki ölkənin bunda maraqlı olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm