5 müsəlman lideri və Putin
Bizi izləyin

Nida Təhlil

5 müsəlman lideri və Putin

Moskva Andrey Karlovu Hələbdə vuruşan silahlı döyüşçülərindən ayırmamaqda tam haqlıdır.

Zahid Oruc

Ölkəsinin qətlə yetirilmiş səfirini “qəhrəman” mükafatına layiq görərkən Putinin qərarını təəccüblə qarşılayan opponentləri qoy ayrı hesabların üzərində olsunlar. Əvəzində diplomatını iki dövlət arasında hərbi-siyasi ittifaq yaratmağa çalışarkən və Suriyada axan qanı durdurmaq üçün sülh təşəbbüsləri yolunda çarpışaraq “döyüş postunda” itirən Moskva Andrey Karlovu Hələbdə vuruşan silahlı döyüşçülərindən ayırmamaqda tam haqlıdır.

Əsəd əleyhinə baş qaldıran və 600 mindən artıq insanın qətliamına,10 milyondan çox əhalinin tam yarısının doğma evlərindən didərgin düşməsinə səbəb olan müharibənin durdurulması üçün üç dövlətin - Rusiya, Türkiyə və İranın xarici işlər, həmçinin müdafiə nazirlərinin görüşü tarixi əhəmiyyət daşımaya bilməzdi. O üzdən yeni yaranan ittifaqın məhək daşlarına tökülən qanların Yaxın Şərqdən qaynaqlandığını sübut etməyə ehtiyac yoxdur. Hərdən adama elə gəlir ki, böyük qitələri əhatə edən transmilli neft kəmərləri ilə yerin sərvəti deyil, insanların qanı axır.

Son 5 ildə müxtəlif Avropa paytaxtlarında terror əleyhinə koalisiyalar quran Birləşmiş Ştatların müttəfiqlərindən birinin - Ankaranın NATO blokundan ayrı qərar verməsi təkcə son illərin hadisələrinə bağlı deyil. Obamanın özündən sonra qoyduğu miras ağırdır.

Faktiki olaraq, Vaşinqtonun siyasi rejimlərin dəyişdirilməsinə yönələn inqilab ssenarisi ərəb coğrafiyasını aşıb onun strateji partnyorlarının sərhədlərinə doğru irəlilədikcə ənənəvi birliklər və qardaşlıqlar da pozulmağa məhkum idi. 15 iyuldan sonra Türkiyənin hakim partiyasını və onun liderlərini Ağ Evin ətrafında saxlamaq mümkün deyildi. Ərdoğan onu devirmək istəyən Qərbdən üz çevirərək, Avrasiya qitəsində yeni tərəfdarlar axtaranda təkcə hakimiyyətin dayanıqlığını deyil, avroçinovniklərin onun ölkəsini aşağılamasından və davamlı regional təhlükələrdən xilas üçün çalışdığına tam inanırdı. Ədalət və inkişaf partiyasının liderini Atatürk ideallarına, yaxud Atlantik dünyasının maraqlarına xilaf çıxmaqda qınayanlara Avropa Birliyinin üzvlüyü yolunda gedilən əzablı yolu xatırlatmağına dəyməz, ona görə də ittihamlar Ankaranı yeni dayaqlar axtarışından çəkindirmək gücündə deyil.

Belə bir şəraitdə Moskvada üç dövlətin hərbi-siyasi anlaşmasının mühüm beynəlxalq əhəmiyyətə malik olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki yaxın keçmişə qədər səngərin müxtəlif tərəflərində vuruşan dövlətlərin bir araya gəlməsi təkcə Yaxın Şərq akvatoriyasında deyil, daha böyük coğrafiyalarda önəmli rol oynaya bilər. Moskva Bəyannaməsində deyildiyi kimi, BMT-də və digər müstəvilərdə, xüsusilə də Cenevrədə, Vyanada Suriyaya dəstək üzrə birliklərin qəbul etdikləri qətnamələrin heç biri reallığa çevrilməyib. Brüsseldən Vaşinqtona boylananlar Suriya torpaqlarında əmin-amanlıq üçün müstəqil hərəkət edə bilməzdilər. Ona görə də Lavrov böhranın çözülməsi məqsədilə yaranan yeni üçlüyün Qərbin gözlənilən təzyiqlərinə tab gətirməyə qadir olduğuna çox inanır. Çünki rus naziri Tehranın, Ankaranın regional kontekstdə hansı strategiyalar izlədiyini və rusların onları tanımağa qadir olduğunu yaxşı bilir.

Hələbin alınması və Əsəd əleyhdarlarının dairəsinin daralması, terrorçuların Suriyanın ən böyük şəhərində və iqtisadi təminat rayonunda zərəsizləşdirilməsini təmin etmədən Dəməşqin gələcək siyasi-hərbi taleyini çözmək qeyri-mümkün idi. İnsanlıq vəhşəti və humanitar cinayətlər adı altında xarici mediada yaradılmış “demon” obrazı fonunda rusların uğur qazanacağına bel bağlayanlar o qədər çox deyildi. Beynəlxalq informasiya məkanındakı vəziyyət hərbi münaqişə rayonundakı durumdan qat-qat pis idi. Lakin son bir ildə vəziyyət köklü şəkildə dəyişdi. İndi böyük bir coğrafiyada Aralıq dənizə çıxışa nəzarəti əldə saxlayan yeni güc mərkəzi formalaşıb.

Rusiya islam inqilabından sonra İranın hərbi bazalarından istifadə edərək, ağır bombaları qırıcı təyyarələri vasitəsilə düşmən hədəflərinə vuran ilk dövlət oldu. Xəzər dənizi üzərindən əməliyyatlar da rusların böyük coğrafiyalarda uğura qadir olduğunu nümayiş etdirdi. Halbuki İncirlikdə ruslara yer verməyən Qərb koalisiyasının İŞİD əleyhinə fəaliyyəti strateji məqsədin yoxluğundan, həmçinin, yerli əhalinin müdafiəsini qazanmadığından məğlubiyyətlə üzləşdi. Əlbəttə, o vaxtlar və elə indinin özündə də İncirlik hava limanından ruslara kəşfiyyat, logistik və digər yardımlara hüquq tanımayan Türkiyə ötən ilin dekabrında məlum Su-24 təyyarəsıni vurmaqla Qərbin avantürist planlarına daha çox kömək göstərərək öz vəziyyətini də ağırlaşdırdı və indi sərhədi yaxınlığında keçirdiyi hərbi müdaxilə tədbirlərini ən azı bir il gecikdirdi.

Hazırda həmin siyasət acı nəticələrini verməkdədir. Faktiki olaraq, 5 aydır davam edən “Fərat qalxanı” əməliyyatı ilk aylarda Cerablus və digər bölgələrdə məqsədinə çatsa da pərakəndə müxalif orduları çıxmaq şərti ilə böyük dövlətlərdən kiminlə hərbi-siyasi alyansda vuruşduğu bəlli olmayan türk silahlı qüvvələri son günlər ərzində Əl-Babda ağır itkilərə məruz qalır. Cəmi 30 kvadrat kilometr əraziyə tam nəzarəti bərqərar etmək və əvvəllər azad edilmiş bölgələri Suriya müxaliflərinə verməklə Türkiyə yeni müttəfiqlərindən hər hansı yardıma ümid bəsləyə bilməz. Çünki Hələbdən İdlibə gətirilən üsyançı xalqın böyük qrupu ilə müqayisədə burada anti-Əsəd qüvvələri üstünlük təşkil etmir və Əl-Babın götürülməsi belə hərbi-siyasi meydanda türklərin mövqeyinə güclü müsbət təsir göstərməyəcək.
Ona görə də Menbic və Rakkaya doğru irəliləməkdən bəhs olunur. Halbuki Rusiyanın S-300-lərinin təhlükəsi olmasa, türk qırıcıları havadan bütün mümkün hədəfləri vurmağa qadirdir. Deməli, vaxtilə atılmış səhv addımla hava məkanında türklərin mövqeyinin xeyli daralmasına səbəb olub. Lakin türk rəhbərliyi Moskvadan deyil, Vaşinqtondan yardım almaq ümidi ilə 26 dekabrda yenidən Obamaya müraciət edib. Hansı cavabın veriləcəyini təxmin edə bilərsiniz. Yeni prezidentini gözləyən bir dövlətin Suriya planı iflasa uğradığından Ankaranın hərbi yardım alacağı inandırıcı görünmür.

Əvəzində İran Rusiya ilə birgə əlverişli şərtlərlə böyük sülh danışıqlarına bel bağlayır. Əsədin müdafiəsində kəşfiyyat, milis və məhdud ordu qüvvələri ilə iştirak edən Tehran sünni rejimlərindən ona gələn təhlükənin qarşısını xeyli ala bilib. Üstəlik, Livana daimi çıxışını təmin edən bölgələrə nəzarəti gerçəkləşdirmək mümkün olub. İndi Rusiyanın Hələbdəki qələbəsindəki xüsusi pay sahibi kimi onun da əsaslı iddialarla çıxış etməyə haqqı var.

Ona görə də Putin II Dünya müharibəsindən qalib çıxan Stalinin sərkərdəlik qabiliyyəti ilə bərabər, diplomatiya marşalı kimi sülh prosesini də uğurla davam etdirərək, inamla hərəkət edə bilər. Onun Astanaya təyin etdiyi “Böyük Sülh razılaşması” sammiti həmin planın zirvəsi hesab olunur.

Dünən Qara dəniz üzərində növbəti itkilər verən Rusiya təbii qəzaların belə terrorla bağlı asossiasiyaları gücləndirdiyini və siyasi nəticələr doğurduğunu yaxşı bilir. Böyük dövlət olmaq qurbanlar tələb edir. Yaxın Şərqdə uzunmüddətli qalmağa qərar verəndə hansı miqyasda təxribatlarla üzləşəcəklərini sadə vətəndaşa belə bəlli idi.

Yəni, Dəməşq uğrunda qlobal savaşın Putinin şəxsi davası deyil, böyük bir imperiya varisinin milli təhlükəsizlik məsələsi olduğunu xalq qəbul edir və söhbət qətiyyən yenidən imperiyaya çevrilmək ambisiyasından getmir. Ona görə də bir günlük milli matəm elanı Astanada gözlənilən tarixi hadisənin üzərinə qara pərdə çəkə bilməz.

Təsadüfi deyil ki, həm Rusiya ilə, həm də türklərlə yaxşı əlaqələri olan Nazarbayev dünən Ərdoğanın başsağlığı zəngində bərabər iştirak edib. Deməli, yanvar ayındakı görüşün beynəlxalq zəmini və informasiya hazırlıqları artıq başlayıb.

Yox, Ankara strateji maraqlarını qurban verəcək qədər zəif mövqeyə malik deyil. Yəni, NATO ilə tarixi əlaqələrin bir qismini əldən vermək hesabına Moskvanın orbitinə yaxınlaşmaqdan və Qərb əleyhinə ittifaq qurmaqdan söhbət getmir. Lakin kürdlər üzərində uzun on illər siyasi strategiyalar quran paytaxtlardan biri ilə anlaşmaq imkanını Suriya qədər yaxınlaşdıran ikinci hadisə yoxdur. Axı Bəşər Əsədin prezidentliyindən kənarda yeni hansı liderin başçılığı Türkiyəyə regional təhlükəsizlik və əməkdaşlıq vəd edir? Heç biri.

Üstəlik, bitməyən müharibənin nəticələrini aradan qaldırmaq üçün 100 milyardlarla dollar vəsaitin gərək olduğu zəif bir dövləti daimi basqı altında saxlamaq imkanı da hər zaman qalır. İran, Rusiya nə qədər orada türklərə qonşuluq etsələr də ən sonda Əsədin qalıcılığı və uzunömürlülüyü Ərdoğana heç bir təhlükə vəd etmir.

Ona görə də Nazarbayev qlobal oyuna paytaxt seçilən Astanın tarixi şansına, həm də təhlükələrinə hazırlığa başlayıb. Axı bəzən sülhə və barışığa gedən yolları minalayır, yaxud körpüləri yandırırlar. Bəs, məzhəb davasına qalxmış və qara bayraqlı xilafət quruculuğu ideyası ilə dünyanı qorxutmuş dini cihadçıları barışdırmaq planı baş tutacaqmı? Açıq desək, Suriya üçün beynəlxalq şərtlər heç vaxt indiki qədər münbit olmayıb. Putin xristian dövlətinin başçısı olaraq böyük bir sivilizasiya qarşısında misli görünməmiş bir missiyanın növbəti partiyasını oynamağa başlayıb. Onun qatılacağı görüşün liderlərinin hamısı müsəlmandır-Ərdoğan, Nazarbayev, Ruhani. Bəs Suriyanı orada kim təmsil edəcək? Yaxud, Türkiyə lideri Əsədlə bir masada əyləşməyə razı olacaqmı?

Cihad fətvasını durdurmaq üçün Suriya üçün hansı yeni libas biçiləcək? Konstitusiya islahatları vasitəsilə silahlı mübarizəni durdurmaq mümkün olacaqmı? Bunlar artıq növbəti ilə daşınan suallardır.

İŞİD-in varlığına son qoyulması müqabilində ətraf regionlarda qara bayrağın enişini islamın qürubu kimi qəbul edənlərin sırasında Türkiyənin də adının olması ikiqat vahimə yaradır. Nə qədər ağır olsa da deməliyik ki, terrorçu sünni radikal hərəkatların, o cümlədən, İŞİD-in simpatiyaçıları burada 8/100-i təşkil edir. Say etibarilə 300 mindən artıq insanın-fikri, ideyası yalnız dinlə dünyanı dəyişcəklərinə inanan kütlənin Atatürkün qoyub getdiyi modern bir cəmiyyətdə həzm olunması asan baş tutmayacaq.

Astana 5 müsəlman ölkəsinin din müharibəsindən qurtulması üçün Putinə tarixi fürsəti verəcəkmi? Hansı müxalif qüvvələr Əsədlə üzə-üzə görüşə gələcəklər? Bəs okeanın o tayından müharibəyə xərclənən 3 trilyon dolların müqabilində Astanaya alternativ sülh konfransı çağıraraq monarxiya paytaxtlarından birini Suriyaya növbəti hökmün ünvanına çevirəcəklər? Hər biri ayrılıqda böyük suallardır.

Lakin bir həqiqət ortadadır. Suriyadakı axan qanı durduran şəxs ərəb dünyasının yeni mənəvi-siyasi lideri olacaq! Coğrafi uzaqlığından və dini mənsubiyyətindən asılı olmayaraq!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm