• USD 1,7000 0,00% EUR 2,0003 0,00%
    • GBP 2,2056 0,00% RUB 0,0234 0,00%

Moskvanın müharibə SSENARİLƏRİ, Qarabağ üçün SABAH... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Moskvanın müharibə SSENARİLƏRİ, Qarabağ üçün SABAH... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ekspertləri aprelin 28-də Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından həlledici əhəmiyyət daşıdığını bildirirlər. İsrail hava qüvvələri Dəməşqin beynəlxalq aeroportu ərazisində yerləşən hərbi bazaları partladıb. Türkiyənin İraq və Suriyaya təşkil etdiyi əməliyyatlara Moskva və Vaşiqntondan etirazlar davam edir. Moskva dünyanın təhlükəsizlik məsələləri üzrə Rusiya ilə güc diliylə danışıqlar aparmaq cəhdlərinin perspektivsiz olduğunu bəyan edib.

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov aprelin 28-də Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib. Onun sözlərinə görə, Moskva görüşü Dağlıq Qarabağ münaqişəsi üçün olduqca əhəmiyyətlidir.

“Bu görüş Ermənistanın ya münaqişənin “Kazan düsturu” çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar prosesindən tamamilə yayınmasını müəyyən edəcək”, - o deyib.

Aprelin 27-si İsrail hava qüvvələri Dəməşqin beynəlxalq aeroportu ərazisində yerləşən hərbi bazaları partladıb. “Röyters” agentliyinin məlumatına görə, Livanın “Hizbullah” qruplaşmasının anbarı bombardmanların hədəfi olub. Zərbə nəticəsində İranın “Hizbullah”a göndərdiyi silahların tam məhv edildiyi bildirilir.

İsrail Müdafiə naziri Aviqdor Liberman isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı bildirib ki, İsrail İran və “Hizbullah”a öz ordularını Colan yüksəkliklərində cəmləşdirməyə imkan verməyəcək.

Ölkə parlamentində (buntestaq) çıxışında Almaniya kansleri Angela Merkel Türkiyə və Avropa İttifaqı arasındakı hazırkı münasibətləri şərh edib. Onun sözlərinə görə, Avropa İttifaqı-Türkiyə əlaqələri Ankarada baş verən proseslərlə əlaqədar zərbə alıb.

Merkel qeyd edib ki, Avropa İttifaqının aprelin 29-da keçirəcəyi zirvə toplantısında Türkiyə ilə bağlı müzakirələrin aparılacağını əlavə edib.

Xatırladaq ki, AŞPA-nın Strasburqda keçirilən yaz sessiyasının aprelin 25-dəki plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi qəbul edilib. Sənəd Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasını nəzərdə tutur. Türkiyə Xarici İşlər Nazirliyi AŞPA-nın hesabatının terror təşkilatlarına xidmət etdiyini açıqlayıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu hesabatı tanımadıqlarını bildirib.

Türkiyənin İraq və Suriyaya təşkil etdiyi əməliyyatlar onu göstərdi ki, bu ölkə heç vaxt müttəfiqimiz olmayacaq. Bu sözləri ABŞ Xarici Əlaqələr Şurasının rəhbəri Riçard Haas Tvitter hesabında yazıb.

Ekspert bildirib ki, Vaşinqton strateji olaraq beynəlxalq siyasətini yenidən dəyərləndiməlidir:

“Əgər Türkiyə bu əməliyyatlara davam edərsə, Ərdoğanın ABŞ səfəri ləğv edilməlidir”, - Haas bildirib.

Ankaraya daha bir etiraz Moskvadan gəlib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, Türkiyənin İraq və Suriyada kürdlərə qarşı əməliyyatları qəbuledilməzdir.

“Türk qırıcılarının aviazərbələri beynəxalq hüquqi prinsiplərə ziddir. Bu kimi addımlar Moskvada ciddi narahatlığa yol açır”, - açıqlamada bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə həftəlik mətbuat konfransında deyib ki, Moskva Türkiyənin kürd qüvvələri vurmasından narahatdır.

“Ankaranın həyata keçirdiyi əməliyyatı dərin narahatlıqla qarşıladıq. Hesab edirik ki, ABŞ beynəlxalq hüququ pozaraq Suriya ordusuna məxsus Şayrat hərbi hava bazasını vurmasaydı, Türkiyə də bu əməliyyatı həyata keçirməzdi. Suriyaya qarşı bu hərəkətlərə son qoyulmalıdır”, - Zaxarova bildirib.

Lakin rəsmi Ankara əməliyyatların davam etdiriləcəyini bəyan edib.

Türkiyәnin döyüş tәyyarәlәri aprelin 25-də Suriyanın Karaçok vә İraqın Sincar bölgәsindәki PKK mövqelərini bombalamaqla ABŞ-ın böyük oyununu pozub. Ankara əməliyyatla ABŞ-ın Sincar ve Karaçok bölgələrini birləşdirərək İraq-Suriya arasındaki sərhədi aradan götürmək planına əngəl olub.

Türkiyə ordusunun ilk dəfə vurduğu Sincar İraqın şimalında - Türkiyə sərhədlərinə yaxın ərazidə yerləşir və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Çünki Sincarı “İkinci Qəndil”ə çevirməyə çalışan PKK terror təşkilatı buranı Suriyada PYD-nin nəzarət etdiyi kantonlarla birləşdirməyə çalışır. Buna görə də əməliyyata uzun müddətdir ki, hazırlıq görülürdü.

Türkiyə qırıcıları Karaçok və Sincar bölgələrini bombalayaraq terror təşkilatının kommunikasiya müəssisələrini və 70-dən çox döyüşçüsünü məhv edib. Əməliyyatdan dərhal sonra amerikalı komandirlər bombardman edilən ərazilərə gediblər. Daha sonra isə ABŞ-dan “narahatıq” açıqlaması gəldi.

ABŞ-da və bölgədə olan təhlükəsizlik mənbələri Vaşinqtonun hiyləgər planı barədə danışırlar.

SSRİ və ABŞ arasında soyuq müharibədən sonra hazırda nüvə qarşıdurması təhlükəsi yaranıb. Bu sözləri Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə sədri Aleksey Puşkov Tvitter səhifəsində paylaşıb. Puşkov qeyd edib ki, bu təhlükəni ABŞ hakimiyyəti öz siyasəti ilə geri qaytarıb.

“Soyuq müharibənin əsas nəticəsinin nüvə savaşını aradan qaldırmaq olduğunu deyirdilər. Ancaq hər şey geri qayıtdı: ABŞ öz siyasəti ilə bu təhlükəni qaytardı”, - Puşkov yazıb.

Qeyd edək ki, Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin sədr müavini general-leytenant Viktor Poznixir ABŞ-ın raket əleyhinə müdafiə sisteminin Rusiyaya qarşı gizli bir nüvə hücumu keçirməyə imkan yaratdığı haqda ötən gün danışıb.

Beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Yaxın Şərq regionunun Qərbin geosiyasi oyununun girovuna çevrildiyini deyib.

“Qərbin Əfqanıstan, İraq, Liviya və İranla bağlı mühakiməsiz cəhdləri xaos və zorakılıq dalğasından başqa heç nə gətirmədi”, - o deyib.

Narışkin qeyd edib ki, bütün dünya faktiki olaraq qlobal təhlükə zonasına çevrilir və terror təhlükəsi xüsusilə böyük şəhərlərdə gündəlik həyatın bir hissəsi olur.

Sergey Narışkin həmçinin deyib ki, dünyanın təhlükəsizlik məsələləri üzrə Rusiya ilə güc diliylə danışıqlar aparmaq cəhdləri perspektivsizdir”. O, ABŞ-ın raket əleyhinə müdafiə üzrə müqavilədən birtərəfli çıxışı ilə Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramının inkişafını müqayisə edib.

Narışkin bildirib ki, beynəlxalq qeyri-sabitlik artmaqda davam edəcək, yeni çağırışları və təhlükələri yaranacaq. Onun sözlərinə görə, bu təhdidlərin öhdəsindən gəlmək üçün dünya cəmiyyəti diqqətli və ehtiyatlı addımları atmalıdır.

ABŞ hava hücumundan müdafiə sistemləri kosmik fəaliyyətimiz üçün təhdiddir. Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya ordusunun Baş Operativ İdarəsinin rəis müavini general-leytenant Viktor Poznixir söyləyib.

“Bu, təkcə bizim üçün yox, bütün dövlətlər üçün təhdiddir. 2008-ci ildə Pentaqon hava hücumundan müdafiə sistemləri ilə kosmik aparatların necə məhv edilməsini nümayiş etdirib. O zaman 250 kilometr hündürlükdəki peyk Standart-3 raketi ilə məhv edilmişdi. ABŞ həmçinin ani qlobal zərbə silahı da hazırlayır. Bu sistem dünyanın istənilən yerində, istənilən hədəfi onun yox edilməsi haqqında qərarın qəbulundan sonrakı 1 saat ərzində məhv etməlidir”, – deyə o bildirib.

“Rusiya cəbhə boyu Ukraynaya genişmiqyaslı hücum etməyəcək. Amma Kiyevi hərbi vəziyyətin tətbiqinə təhrik edə bilər. Bu isə Rusiyaya müharibə elanı anlamına gələcək”. Bunu Ukrayna müdafiə nazirinin sabiq müavini Yevgeni Marçuk müdafiə və təhlükəsizlik üzrə II Ukrayna forumunda deyib.

Donbas böhranı üzrə Üçtərəfli əlaqə qrupunun təhlükəsizlik üzrə yarımqrupunda Ukraynanın nümayəndəsi olan Marçukun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəddə ciddi hərbi strukturları cəmləyib.

ABŞ-ın Şimali Koreya sərhədlərində hərbi təlimlərə başlamasından sonra rəsmi Pxenyan artilleriyanı hərəkətə keçirib. Şimali Koreya yüzlərlə tank və topu Cənubi Koreya ilə sərhədə yeridib.

Pxenyan hər-hansı kiçik müdaxilədə müharibəyə başlayacağını açıqlayıb.

Qeyd edək ki, ABŞ Şimali Koreyanın nüvə sınağı təhlükəsinə qarşı hərbi gəmilərini Koreya yarımadasına yerləşdirib. Hazırda Koreya yardımadasında ABŞ və Cənubi Koreyanın hərbi təlimləri davam edir. Gərginlik ən yüksək səviyyədədir.

Bu gün Qara dənizin İstanbul boğazının girişində Kilyos adasına yaxın ərazidə iki gəmi toqquşub. Onlardan biri Rusiyaya məxsus “Liman”adlı hərbi gəmi, digəri isə “Aşot-7” adlı yüş gəmisi olub. Rusiyanın hərbi gəmisindəki 78 heyət üzvünün hamısı xilas edilib. Hər iki gəmi batıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR