• USD 1,7000 0,00% EUR 2,0661 0,00%
    • GBP 2,3748 0,00% RUB 0,0229 0,00%

“Lavrov planı”na RƏQİB, məxfi MÜHARİBƏ PLANLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

“Lavrov planı”na RƏQİB, məxfi MÜHARİBƏ PLANLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Viza problem Türkiyə və ABŞ arasında münasibətləri getdikcə gərginləşdirir. Azad Suriya Ordusu və Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib vilayətində əməliyyatları davam etdirir. Türkiyədə dövlət çevrilişinə növbəti cəhdin olacağı barədə xəbərdarlıqlar edilir. Hakerlər Cənubi Koreyada Şimali Koreya ilə genişmiqyaslı müharibə planlarını oğurlayıb.

Oktyabrın 11-də Soçidə MDB dövlət başçılarının sammiti olacaq. Sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin iştirak edəcəyi də gözlənilir.

İndi əsas gözlənti prezidentlərin Soçidə görüşüb-görüşməməsidir. Çünki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin yekunu ilə bağlı bəyanatda qeyd etdilər ki, prezidentlər danışıqların davamı üçün görüşə hazırdırlar və belə bir görüş üçün hazırlıq aparılır.

Azad Suriya Ordusu ilə “Heyet Tehrir El Şam” (HTŞ) arasında gedən danışıqlarda İdlib vilayəti üzrə razılıq əldə edilib. Türkiyə KİV-inin yazdığına görə, razılaşma çərçivəsində HTS Afrinlə həmsərhəd olan İdlibin şimalını Azad Suriya Ordusuna təhvil verəcək.

İdlib-Afrin sərhədindəki üç nöqtə və Suriya rejim əsgərlərinin olduğu sərhəd xətti də Türkiyə ordusuna veriləcək.

Müqavilə ilə bu bölgədəki HTŞ-nin silahlı qrupları, Darit İze qəsəbəsi və kəndlərindən şərqə doğru şəkilməyə başlayıb.

Türkiyənin əsas hədəfi PYD-nin (PKK terror təşkilatının Suriya qanadı –red.) yerləşdiyi Afrindir. İdlib əməliyyatı ilə Aftrin tamamilə mühasirəyə alınacaq. Daha sonra isə Türkiyə sərhədindəki YPG təhdidi tamamilə aradan qaldırılacaq.

Türkiyənin İdlib əməliyyatından sonra Afrinə müdaxilə ehtimalını nəzərə alan PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) döyüş hazırlıqlarına başlayıb. Silah-sursat və şəxsi heyət toplayan PYD əhaliyə məcburi şəkildə hərbi təlim keçir.

“Qərbin Türkiyədə dövlət çevrilişi planı uğursuz oldu, lakin buna yenə cəhd edəcəklər. Ərdoğan da bunu çox yaxşı bilir”. Bu barədə rusiyalı hərbi ekspert İvan Konovalov deyib.

Rusiyalı ekspertin sözlərinə görə, Türkiyə İdlibə daxil olmaqla ən ağır əməliyyatı üzərinə götürdü.

“Qərb Ərdoğana qarşı yenə çevriliş cəhdi edəcək. Bu şübhəsizdir. Türkiyə ilə bağlı əsas hədəflərdən biri budur. İlk cəhd uğursuz oldu, lakin yenə cəhd edəcəklər. Qərb Ərdoğandan “qurtulmaq” üçün mütləq bunu etməyə çalışacaq. Ərdoğan Rusiya ilə Suriya məsələsində, İdlib kimi ən çətin məsələdə anlaşdı. Əgər Ərdoğanı devrilərləsə, onda bütün İdlib bölgəsi partlayar”, - deyə o bildirib.

Türkiyə və ABŞ arasında viza problemi ölkələr arasındakı münasibətləri getdikcə gərginləşdirir. Ölkələr arasında münasibətlərin inkişafı Rusiyada daha diqqətlə izlənilir. Təxminlərə görə, Vaşinqton-Ankara xəttində gərginliyin təməl səbəblərindən biri məhz son zamanlar Rusiya və Türkiyə arasındakı yaxınlaşmadır.

Viza problemini qiymətləndirən “Rossia Today” (RT) kanalının rəsmi saytının köşə yazarı İqor Molotov Türkiyənin gerçək müstəqillik yolunda addımlar ataraq Yaxın Şərqin təməl gücü halına gəldiyini bildirib.

Onun sözlərinə görə, mənz bu məqam ABŞ tərəfindən xoş qarşılana bilməz.

ABŞ-la aramızda yaşanan viza böhranının səbəbkarı rəsmi Vaşinqtondur. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında deyib.

“Bu agentlər ABŞ konsulluğuna necə sızıb axı?! Mən həmin konsulluq əməkdaşını ABŞ-ın təmsilçisi hesab etmirəm”, - Ərdoğan bildirib.

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Dmitri Novikov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı bəyanatını şərh edib. Parlament üzvü Ərdoğanın bəyanatının Moskvaya bir dərs olduğunu deyib.

“Bu artıq bir dərsdir və Türkiyə ilə hansısa uzunmüddətli münasibətlərin qurulmasının çox ağır olduğunu göstərir. Hakimiyyət dəyişikliyi zamanı, hətta eyni prezidentin dövründə xarici siyasət kursunda döngələr ola bilər. Amma, prinsip etibarilə, Krım məsələsində Türkiyə heç vaxt Rusiyanın müttəfiqi olmayıb. Sadəcə nəzərə almaq lazımdır ki, türk siyasəti barəsində illüziyalar olmasın”, - Novikov bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti dünən ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə görüşündən sonra keçirdiyi mətbuat konfransında Ankaranın Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini, Krımın Rusiya tərəfindən ilhaqını tanımadığını vurğulayıb.

“Şimali İraqda kürd referendumu təkcə İraqı deyil, bütün bölgəni qanlı müharibəyə sürükləyəcək”. Bu barədə İraq Türkman Cəbhəsinin lideri Erşad Salihi deyib.

Salihi Türkiyənin bu istiqamətdə təcili addım atmalı olduğunu vurğulayıb. E.Salihi əlavə edib ki, Bərzani belə davam edərsə, bölgədə böyük müharibə başlayacaq.

"Minsk formatı Donbas üzrə danışıqlarda perspektivə malik deyil və dəfn edilməlidir". Bunu Rusiya prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov “Bu gün” (“Seqodnya”) nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, münaqişənin həlli üzrə yeni format yaradılmalıdır. İllarionov ABŞ və Böyük Britaniyanın cəlb edilməsi ilə Budapeşt formatını mümkün variantlardan biri hesab edir.

Hakerlər Cənubi Koreyada Şimali Koreya ilə genişmiqyaslı müharibə planlarını oğurlayıb. Oğurlanmış məlumatların həcmi təxminən 235 GB təşkil edir. Məlumatlarda Seul və Vaşinqtonun müharibə planları yer alıb.

Orada Pxenyanla müharibənin necə qazanılması və Şimali Koreya lideri Kim Çen Inın “başının kəsilməsi”ndən təfərrüatı ilə danışılır.

Şimali Koreya hakerləri kiberhücumda şübhəli bilinirlər. Cənubi Koreyalı deputat Ri Çxol-Xi Müdafiə Nazirliyinə istinadən iddia edib ki, 5015 və 3100 saylı operativ məxfi planlar Pxenyanın maliyyələşdirdiyi hakerlər tərəfindən oğurlanıb.

Yerli xəbərlərə əsasən, hakerlər həmçinin Amerika-Cənubi Koreya hərbi təlimləri, Cənubi Koreya elektrik stansiyaları və hərbi obyektlər haqqında məlumatları əldə edə biliblər.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR